Paytaxtın Sabunucu rayonu Ramana qəsəbəsində, təxminən, 3-4 il bundan öncə Ziya Bünyadov küçəsinin ərazisində böyük bir sahədə qəsəbə sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən park salınmışdı.
Sakinlərin istirahəti üçün sözügedən istirahət guşəsində hər cür şərait yaradılmışdı. Artıq həmin parkdan əsər-əlamət belə qalmayıb. Baxımsızlıqdan parkı su basıb. Atraksionlar, eləcə də böyük və uşaqlar üçün trenajorlar, idman qurğuları yarım metrə qədər suyun içində qalıb. Hətta parkın tamet daşlardan salınmış daxili yolları bəzi yerlərdən qazılaraq daş və qumu yığılıb aparılıb. Küçə işıqlarının dəmir dirəkləri çıxarılaraq əraziyə atılıb. Parkın mərkəzində tikilən fəvvarə sökülərək dağıdılıb. Eləcə də istirahət guşəsinin çöl divarlarının ağlay üzlükləri uçub-tökülür. Parkın içində əkilmiş iri palma və bəzək ağacları baxımsızlıqdan quruyaraq tələf olub. Ərazidə zibil qutuları olmadığından, ətraf evlərin sakinləri məişət tullantılarını gətirib parkın içinə töküblər. Külək də həmin zibillikləri hara gəldi səpələyib. Baxımsız qalmış istirahət guşəsi hələ də öz gözəlliyini, görkəmini itirməyib.
Parkın ərazisindən keçən Ziya Bünyadov küçəsinin yolları da eyni vəziyyətdədir.
Vasif adlı sakin dedi ki, təxminən, 3-4 il bundan öncə parkın ərazisində yod zavodu yerləşirdi. Onun sözlərinə görə, hər tərəf gölməçəliyin, natəmizliyin içində idi: “Yod Zavodu söküldü, ərazidəki gölməçəliklər quruduldu, zibilliklərdən, lazımsız tullantılardan təmizləndi. Maşınlarla çoxlu sayda qrunt torpaq daşınaraq əraziyə töküldü. Qazon əkildi. Həmin parkın ərazisi mişar daşları ilə hörüldü, ağlay üzlükər vuruldu, pilləkənlər salındı, çoxlu sayda ağac və kol əkildi.
Parka müasirtipli küçə işıqları qoyulmuşdu. Parkın mərkəzində iri fəvvarə tikilmişdi. Yayda fəvvarənin suyu fontan vuranda ərazi sərin olurdu. Uşaq oyuncaqları, akktraksionlara kimi, müasirtipli bahalı idman qurğularına qədər quraşdırılmışdı. Bir sözlə, sakinlərin istirahəti və uşaqların oynamaları ücün sözügedən parkda hər cür şərait yaradılmışdı. Paytaxtda ən gözəl parklardan birinə çevrilmişdi. Qəsəbəyə xüsusi gözəllik verirdi. Təəssüflər olsun ki, park sahibsiz qaldı. Kanalizasiya sistemi olmadığından, parkı qrunt və yağış suları basaraq pis günə qoyub. Qəsəbədə sakinlərin asudə vaxtlarında istirahəti və uşaqların oynaması üçün heç bir şərait yoxdur”.
Sakinlər dedilər ki, parkın tikintisinə və avadanlıqların alınıb quraşdırılmasına külli miqdarda vəsait xərclənilib. Əgər ərazini su basacaqdırsa, bəs onda bu qədər xərc çəkib, işçi qüvvəsi sərf edib, bu parkı nəyə görə salırdılar? Heç olmasa, parkın içərisinə gələn su axınının qarşısını alsınlar, onu quru və təmiz saxlasınlar ki, imkansız sakinlər, heç olmasa, isti yay günlərində gəlib burada dincələ bilsinlər.
Sakinlər yollarının acınacaqlı durumundan da şikayətləndilər. Bu yaxınlarda adambaşına 70 manat pul yığıb, daş mədənlərindən çıxan daşların tozunu, qırıntılarını 5 maşın gətizdirib çala yerlərə toküb yaymışıq. Şikayətimizi də eşidən yoxdur.