Rusiya ilə münasibətlərdə Azərbaycanla bağlı siyasəti mütləq nəzərə alınmalıdır - Sülhəddin Əkbər

12:20 03.09.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tovuz cəbhəsindəki son gərginlikdən sonra Rusiyanın hələ də işğalçı Ermənistana müxtəlif yol və vasitələrlə silah-sursat çatdırması barədə xəbərlər, Gümrüdəki 102-ci bazanın modernləşdirilməsi istiqamətində rəsmən etiraf olunan işlər və s. Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılması məsələsini gündəmə gətirir.

Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti, Azad Demokratlar Partiyasının sədri, sabiq milli təhlükəsizlik əməkdaşı Sülhəddin Əkbər “Həftə içi” qəzetinə müsahibəsində  məsələ ilə bağlı bir sıra aspektlərə toxunub.

 

-Sülhəddin bəy, sizcə, yaranmış mövcud situasiyada hüquqi-tarixi torpaqlarının 20 faizi əsasən rəsmi Moskvanın dəstəyi ilə Ermənistan tərəfindən qəsb olunmuş və  30 ilə yaxındır işğal altında qalan Azərbaycan Respublikası Rusiya ilə gerçək münasibətlərini hansı müstəvidə qurmalıdır?

-Bu aktual suala dürüst cabab tapmaq üçün, əvvəla, Rusiya-Azərbaycan münasibətlərinin tarixinə baxmaq lazımdır. Bilirsiz ki, əsası 1721-ci ildə qoyulmuş Rusiya imperiyası 1722-1723-cü illərdə ilk hərbi yürüşlərini, yəni təcavüzünü Xəzəryanı torpaqlara- tarixi və indiki Azərbaycan ərazilərinə edibdir. Ondan sonrakı əsas  hadisələrə baxsaq, Rusiya və Qacar imperiyaları(sovet-rus tarixçiliyi bu dövləti İran kimi təqdim və təbliğ edib) arasındakı müharibələr sonucda 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə başa şatıb. Bu da Azərbaycan torpaqlarının bölünməsi, həm millət, həm də dövlət olaraq parçalanmamızla nəticələnib. Bunlar çox ağır və dərin tarixi yaralardır... Daha sonra  1826-1828-ci illərdəki Rusiya-Türkiyə müharibələri... Beləliklə, sadalanan müharibələrdən sonra Rusiya imperiyası tərəfindən ermənilərin həm Güney Azərbaycan istiqamətindən, həm də Türkiyədən Cənubi Qafqaza, Quzey Azərbaycan torpaqlarına köçü başladılıb. Və bunun ardınca bildiyiniz kimi, ərazilərimizdə əvvəl erməni vilayəti, sonra da erməni dövləti qurulub.  Ermənistan dövləti də qurulandan bu günədək məhz Rusiyanın dəstəyi ilə genişləndirilməkdə davam edir. Bu həm Çar Rusiyası, həm də Sovetlər dönəmində davam edib. Və bu minvalla XX əsrin sonu XXI əsrin əvvəllərində aparılan eyni imperiya siyasətinin davamı da “Dağlıq Qarabağ problemi” adlandırılıb. Əslində isə bu, Rusiyanın Ermənistanın vəkilliyi ilə Azərbaycana qarşı vəkalət müharibəsi aparmasından başqa bir şey deyil... Yəni deyilən tarixi bilmədən bu günkü Azərbaycan-Rusiya münasibətlərini qiymətləndirmək və onları necə davam etditrməyin yolunu tapmaq olmaz. Eyni tarixi gerçəklikdən və çağdaş dönəmdən görünən gələcəyə baxsaq,  düşünmürəm ki,  nə qədər Putin Rusiyada hakimiyyətdədir,  nə qədər Rusiya elitası neoimperialist ambisiyalarından əl çəkməyibdir, Kremlin nə Cənub strateguyası, nə  Güney Qafqaz, nə də konkret Azərbaycan siyasətləri dəyişəcək. Və bir daha təkrar edirəm ki, bu gün rəsmən “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırılan Qarabağ məsələsi əslində Rusiyanın Cənub streategiyasının davamıdır, onun öz strateji uzantısı(Ermənistan) vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir... Və məsələyə  nə qədər ki, belə baxmamışıq, onun mahiyyətini bütün gerçəkliyi ilə anlaya bilməyəcəyik... 

Azərbaycan Rusiya ilə münasibətlərini məhz bu sadalanan aspektləri nəzərə alaraq qurmalıdır. Bir var rəsmi dövlət siyasəti... Təbii ki, burada siyasi-diplomatik etiket və protokollar var, formal hüquqi məsələlər var. Bunlara dövlət və hökumət səviyyəsində əməl olunmalıdır. Eyni zamanda Azərbaycanın milli təhlükəsizlik siyasəti və xarici siyasəti formalaşdırılarkən Rusiyanın Azərbaycana yönəlik gerçək siyasəti və onun tarixi arxa planı mütləq nəzərə alınmalıdır. Və bu gün də baş verən hadisələr,  o cümlədən Tovuz istiqamətində  törədilən təxribatdan sonra ATƏT-in Minsk Qrupunun, BMT Təhlükəsizlik Şurasının üzvü olan və guya “Qarabağ münaqişəsini tənzimləməli olan” Rusiya yenə də həyasızcasına Ermənistanı silahlandırmaqda davam edir və Azərbaycana yönəlik yeni planlar qurur...

-Bəs münasibətlərdəki digər düyünlü bir məsələ - Xəzərin statusu?..

-Xəzərin statusu ilə bağlı tarixə baxsaq, yenə də görərik ki, hazırkı durum mahiyyət etibarilə  Rusiya və Qacarlar imperiyası arasındakı müharibələrdən sonra Gülüstan və Türkmənçay müqavilələrində nəzərdə tutulduğundan fərqlənmir. Həmin mahiyyət nə sovet dövründə, nə postsovet dövründə, nə də son imzalanan Xəzərin hüquqi statusu ilə bağlı müqavilələrdə dəyişməyib. Və həmin saziş Rusiyanın Xəzərdə dominantlığını, xüsusən də hərbi dominantlığını qoruyub saxlamağa xidmət edir...

- Sizcə, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlıərdə Kremlin hansı “qırmızı xət”ləri keçməsini imkan verməməlidir?

-Həmin “qırmızı xət”ləri dəqiq müəyyən etmək üçün, bayaq dediyim kimi, Azərbaycan-Rusiya münasibətlərinin tarixi arxa planına baxmaq və çağdaş münasibətləri dəqiq təhlil etmək gərəkdir. Və öncə Moskvanın artıq tarixən keçdiyi “qırmızı xətləri” aradan qaldırmaq və bundan sonra onların keçilməsinə imkan verməmək gərəkdir. Bu barədə fikirlərimi  iyul ayında təqdim etdiyim “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında”  təkliflərimdə də söyləmişəm.

İlk növbədə Azərbaycan Respublikasının bütün hakimiyyət orqanları Rusiyanın “5-ci kolonu”ndan təmizlənməlidir. Yeni assimilyasiya siyasətinə – “dərin düşmənçiliyə”, rus dilində təhsilin təşviq edilməsinə, kadrların yerləşdirilməsində rusdilli və “rusbaşlı” kadrlara öncəlik verilməsinə son verilməlidir. Əksinə, milli siyasətin həyata keçirilməsinə başlamalı, rəsmi dövlət dilində – ana dilimizdə təhsil təşviq edilməli, kadrların yerləşdirilməində türkdilli və “türkbaşlı”, yəni milli kadrlara öncəlik verilməlidir...

Hesab edirəm ki, yalnız sadalanan işlər görüləndən sonra Azərbaycan Rusiya ilə münasibətlərini əsl mənada yeni öz milli maraqlarına tam xidmət edən müstəviyə keçirə bilər...

Oxunma sayı 13065