“Rusiyaya agentlik etməyim barədə deyilənlər cəfəngiyyatdır” - Tofiq Abbasov

12:28 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Azərbaycanla, Ermənistanla davrandığı kimi davrana bilməz 

Məlum olduğu kimi, Ermənistanın hərbi həmləsi nəticəsində Tovuz istiqamətində aparılan 4 günlük müharibə, Rusiya-Azərbaycan münasibətləri yönündə birmənalı olmayan müzakirələri gündəmə gətirib. Rusiya təcavüzkarı silahlandıran, ona havadarlıq edən tərəf kimi qınanır. Nəhayət, Moskavadan Azərbaycana qarşı konkret mövqe sərgiləməsi tələb olunur. Belə bir həssas məqamda bəzi media orqanlarında Rusiyaya işləyən “agent və reket”lərin siyahısı dərc edib. Bu siyahıda jurnalist, politoloq Tofiq Abbasovun da adı var.

Hafta.az-a açıqlama verən Tofiq Abbasov Rusiyaya “agentlik etməsi” ilə bağlı məsələyə aydınlıq gətirib. O, adının agent kimi hallanmasını cəfəngiyyat adlandırıb.

“Belə bir cəfəngiyyata vaxt ayırmaq istəmirəm, buna şərh vermək niyyətində deyiləm”. 

Politoloq Rusiya-Azərbaycan münasibətlərində cərəyan edən proseslərə də diqqət çəkərək mübahisə doğuran nüanslara toxunub. Onun fikrincə, regionda iki dövləti birləşdirən kifayət qədər tarixi, mədəni əməkdaşlıq resursları var və Rusiya-Azərbaycan münasibətləri qonşuluq, müsbət əməkdaşlıq siyasəti tempində inkişaf edir.

“Bu gün Rusiyada fəaliyyət göstərən, yaşayan çoxlu sayda azərbaycanlılar var. O cümlədən Azərbaycanda kifayət qədər rus icması var. Bu gün qarşılıqlı münasibətlərinin inkişafı hər iki tərəfin marağındadır”.

T.Abbasov bildirib ki, Rusiya ilə qurulan münasibətlərdə, qonşuluq siyasətində vaxtaşırı müəyyən problemlər ortaya çıxır ki,  onların üzərində işləmək, həllinə çalışmaq lazımdır:  

 “Düzdür, problemli məqamlar var, ancaq onlar ümumi prosesin qarşısını ala bilməz. Diplomatiyanın əsas qayəsi də  budur ki, çətin görünən məsələlərin həlli yolları tapılsın. Ona görə də, Rusiya ilə münasibətlərdə həmişə problemlərdən danışmaq düzgün olmaz”.

T.Abbasov  bildirib ki, Rusiya Ermənistanla birbaşa həmsərhəd olmasa da,  bu ölkə də onun üçün yaxın, qonşu dövlət sayılır: 

“Rusiyanın Qafqazda böyük maraqları var və özü də bunu gizlətmir. Belə başa düşürəm ki, Kreml reallığı gözəl anlayır. Bu faktdir ki, Azərbaycan bölgədə Rusiya üçün böyük önəm daşıyır. Rusiya Azərbaycanın maraqlarını gözardına ala bilməz”.  

T.Abbasov Rusiyanın  Azərbaycan torpaqlarının işğaldan azad olunmasında ölkəmizi dəstəkləməsi ilə bağlı gözləntilərə də diqqət çəkib. Politoloq bildirib ki, Qarabağ məsələsi bizim üçün nə qədər ağır olsa da, bu emossiyalardan uzaqda saxlanılmalı olan bir problemdir: 

“Burda yalnız diplomatiya işləməlidir. Azərbaycan diplomatiyası bu sahədə kifayət qədər özünün təpərini, gücünü göstərir və Rusiya tərəfi bunu gözəl anlayır.  Rusiya bilir ki, Azərbaycanla Ermənistanla davrandığı kimi davrana bilməz.  Azərbaycan özünün suverenliyini təsdiqləmiş bir dövlətdir. Biz Rusiya üçün beynəlxalq hüququn obyekti yox, subyektiyik.  Əminəm ki,  bizim diplomatiya bu istiqamətdə işləyir və onun nəticələrini görəcəyik. Amma məhz bu gün Rusiyanın bizim tələblərimizə cavab verəcəyini düşünürüksə, bu olmayacaq. Yəni problemin üzərində işlənməldir. Burda diplomatya və təmkin göstərmək lazımdır”.

Tahirə Qafarlı

Oxunma sayı 1469
Siyasət rubrikasından digər xəbərlər