Şaxta babanın “anası” da erməni çıxdı -Günün təzadları

18:29 24.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rafel Naxapetyan adlı erməni etnoqraf bu günlərdə yeni fantastik fərziyyə irəli sürdü. Sən demə hər kəsin Şaxta baba olaraq bildiyi Müdəddəs Nikolay erməni imiş. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistanın “tert.am” saytının məlumatına görə,  R.Naxapetyan bu barədə jurnalistlər qarşısında bəyan edib. O, “Müqəddəs Nikolay” deyilən şəxsın anasının erməni olması fərziyyəsini irəli sürüb.“Müqəddəs Nikolayın bizim eramızın 280-ci ilində doğulduğu və erməni olduğu söylənilir. Onun Ergefan və erməni gözəli Nunenin oğlu olması hesab edilir. Həmin varlı ailənin uzun müddət övladı olmurmuş, nəhayət Tanrı onların dualarını eşidib bir körpə bəxş edir. Həmin şəxs sonradan bütün Avropa ölkələrinin səcdə etdiyi insana çevrilir”,-deyə erməni etnoqraf bildirib. Rafael Naxapetyanın sözlərinə görə, Müqəddəs Nikolay Batara şəhrində (indiki Türkiyənin Antalya vilayətinin yaxınlığında yerləşib) anadan olub. “Gənc yaşlarda o, valideynlərini itirib və dayısı, arxiyepiskop Yeresli Nikolay tərəfindən yetişdirilib. “Malik olduğun hər şeyi sat, pulunu kasıblara payla” onun həyat şüarına çevrilib. Xalqın iradəsi ilə o, sonradan Zmurniyanın (indiki İzmir-red) arxiyepiskopu olub. Daha sonradan sürgün edilən Nikolay İncilin yayılması işini davam etdirib. Müqəddəs Nikolayın 326-cı ildə öldüyü və hər kəs tərəfindən sevilən Santa-Klaus, yəni Şaxta baba olduğu bilinməkdədir”,- deyə o, qeyd edib. Rafael Naxapetyan Müqəddəs Nikolayın qalıqlarının İtaliyaya 1080-ci ildə gətirildiyini jurnalistlərin diqqətinə çatdırıb. “Onun əsas missiyası insanların müalicəsindən ibarət imiş və hər kəs gəlişini səbirsizliklə gözləyirmiş”,-deyə üzdəniraq etnoqraf sonda vurğulayıb.

 

Prezident hamamda sürüşüb yıxıldı- xəstəxanalıq oldu

Braziliya Prezidenti Jair Bolsonaru iqamətgahında yıxıldıqdan sonra hərbi hospitala yerləşdirildi.

Hafta.az –ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Braziliya KİV-ləri yazır ki, Prezidentin ayağı hamam otağında sürüşdükdən sonra o yıxılıb. Bildirilib ki, Prezident həkimlər tərəfindən müayinə olunub. Kompüter tomoqrafiyasında onda hər hansı bir travma qeydə alınmayıb.

Bununla belə, J.Bolsonaru 6-12 saat müddətində tibbi nəzarət altında qalacaq.

 

Bu ölkədə Putinə heykəl qoyuldu

Qırğızıstanda dağ-xizək istirahət bazasının ərazisində Rusiya prezidenti Vladimir Putinə abidə qoyuldu.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki,  ölkə paytaxtı Bişkek yaxınlığındakı "ZİL" istirahət mərkəzinin rəhbərliyi tərəfindən belə bir fövqəladə qərar Rusiya rəhbərinə minnətdarlıq və hörmət əlaməti olaraq, eyni zamanda  Rusiyanın maliyyələşdirdiyi xüsusi bir fondun xizək bazasının inkişafı üçün 1,2 milyon dollar məbləğində kredit ayırması faktı nəzərə alınaraq  qəbul edilib və əmək kollektivi tərəfindən dəstəklənib. Bazanın direktoru Akbar Roziyev Rusiya prezidentinə abidə ucaltma qərarını izah edərkən belə deyib: 

“Mən Putini xüsusi seçilmiş  bir insan hesab edirəm. O, mənim üçün bir kişilik, əxlaq nümunəsidir. Bütün işçilərimiz  ona ən yaxşı yerdə abidə ucaltmaq fikrini dəstəklədilər...”  

A.Roziyev məhz Qırğızıstan-Rusiya fondunun maliyyə dəstəyinin yerli turizmin, xüsusən aktiv qış istirahətini sevənlər arasında çox populyar olan xizək bazasının inkişaf etdirilməsinə imkan verdiyini vurğulayıb.

"Bəli, həqiqətən, Putin böyük bir insandır" –deyə A.Roziyev təkrar edib. Xatırladılır ki, Qırğızıstandakı 4446 metr yüksəklikdəki dağ zirvəsinə Rusiya prezidentinin adı verilib.

 

Bakıda kişi restoranda içkidən zəhərlənib öldü

Paytaxtda kişi restoranda spirtli içkidən zəhərlənərək öldü. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, dekabrın 23-də hüquq-mühafizə orqanlarına Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırmalar zamanı məlum olub ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə dekabrın 21-də Nərimanov rayon ərazisində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra Nəsimi rayon ərazisində “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etməyiblər və S.Bayramov dekabrın 23-də Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.

Nəticədə S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin müşayiəti altındadır.

Zəhərlənmənin iki restorandan hansında baş verdiyi məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Binəqədidə Qazaxıstan vətəndaşı itkin düşdü

Qazaxıstan vətəndaşı Bakıda itkin düşdü. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qazaxıstan vətəndaşı Telman Mamedov Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, Qazaxıstan vətəndaşı olan oğlu, 1991-ci il təvəllüdlü Fərman Mamedovun Sulutəpə qəsəbəsindəki evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

 

Oxunma sayı