Sərhədlər bağlandığı üçün Avstrayadan vətənə qayıda bilməyən azərbaycanlımızla MARAQLI SÖHBƏT

16:46 25.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Avstriyada fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Fərid Əzizovdan eşitdim ki, bir azərbaycanlımız karantin rejimi tətbiq edilmədən öncə bu ölkəyə gəzməyə gəlib, amma qəfil sərhədlər bağlanıb deyə qalıb orda. Məhəmməd (Məhəmməd Şirinov) adlı bu gənc Sumayıtda yerləşən Polimer Sənaye Parkında işləyir. Məzuniyyət müddətində Avropa ölkələrini gəzib-görmək istəyib. Ona görə də üz tutur ora. Amma hardan bilsin ki, koronavirus pandemiyası Avropa ölkələrini bir gecənin içində qapılarını bir-birinin üzünə bağlamağa məcbur edəcək.

“Martın 15-də Avstriyaya gəldim, otellərin birində otaq tutub qalmağa başladım. Amma bir–iki gün qalmışdım ki, dedilər oteli tərk edin. Əgər çıxmasam polis çağırmaqla hədələdilər. Əvvəl nə baş verdiyini bilməsəm də, sonradan aydınlaşdı ki, Avstriyada karantin elan olunub və onlar da ölkə qanunlarını poza bilməzlər – fəaliyyətlərini dayandırırlar” deyən müsahibim bildirdi ki, əşyalarını toplayıb oteldən ayrılmaq üçün münasib an gözləməyə başlayıb. Amma bu yad ölkədə hara gedəcəyini, nə edəcəyini bilmir. Bu vaxt onun köməyinə Azərbaycanın Avstriyadakı diasporunun – “Azərbaycan evi”nin rəhbəri Fərid Əzizov çatır.

Belə ki, F.Əzizov internet üzərindən videomüraciət yayınlayaraq köməyə ehtiyacı olan azərbaycanlılardan ona müraciət etmələrini istəyib. Çox çətin vəziyyətə düşən Məhəmmədin üzünə, beləcə, ümid işığı doğur. Vaxt itirmədən, videomüraciətdə qeyd olunan telefon nömrəsinə zəng vurur, F.Əzizovla danışıb, kömək istəyir. Əlbəttə ki, az sonra F.Əzizov otelə gəlir və Məhəmmədi götürüb birbaşa öz evinə aparır.

“Artıq iki aydır Fərid bəyin evində məskunlaşmışam. Çox sağ olsunlar, məni ailədən biri kimi qəbul edirlər, dogma qardaşları kimi. El dili ilə desək, əlimi cibimə salmağa qoymurlar, nə xərc olsa özləri edirlər. Yeməyimi də Fərid bəy gildə yeyirəm. Bu yerdə bir söz deyim:  biz indi Zalsburq şəhərindəyik. Fərid bəy nəinki burada yaşayan, qonşu şəhərlərdə məskunlaşan soydaşlarımızın da vəziyyəti ilə mütəmadi maraqlanır. Hətta bir neçə dəfə mən özüm də Fərid bəylə birlikdə azərbaycanlı tələbələrə ərzaq, maddi yardım paylamışıq. Bunu ona görə deyirəm ki, Fərid bəyin soydaşlarımıza qayğısı çox böyük olduğunu biləsiniz. Hesab edirəm ki, xaricdəki diaspor təşkilatı rəhbərimizin yaxşı işlərini hər kəs bilməlidir” deyən Məhəmməd onu da bildirdi ki, bu ölkədə qaldığı iki ay ərzində tək bircə dəfə Azərbaycana qayıtmaq imkanı yaranıb, o da texniki səbəbdən alınmayıb. “Bir dəfə xəbər gəldi ki, Macarıstandan – Budapeştdən Bakıya çarter reys olacaq, mən də həmin reyslə Bakıya qayıda bilərəm. Fərid bəylə birlikdə Budapeştə yola çıxdıq. Amma təəssüf ki, Avstriya - Macarıstan sərhədi bağlı olduğu üçün, buraxmadılar. Kor-peşman yenidən Zalsburqa qayıtdıq”, - dedi Məhəmməd.

Maraqlıdır, neçə aydır ev-eşiyindən ayrı düşmüş bu gənc Azərbaycanla – ailəsi ilə mütəmadi əlaqə saxlaya bilirmi? Əslində internet dövründə əlaqə saxlamaq problem olmasa da, hər halda, Azərbaycan xalqının ailə mədəniyyəti var, ailədən biri harasa gedəndə, qayıdınca digərləri narahat olarlar. Bu qədim türk ailə mədəniyyətinə xas üstün keyfiyyətdir. Hələ iş yerini demirəm, işçinin başına nə gəlib, bunu öyrənməlidirlər axı.

Məhəmməd deyir ki, əlbəttə, internetlə mütəmadi şəkildə evlə danışır. İş yerində də nə baş verdiyini bilirlər. Hətta vəzifəsini online formada davam etdirməyə də çalışır. Ona görə də sağ olsunlar, maaşı da vaxtlı-vaxtında kartına köçürülür.

Hər bir ölkədəki səfirliyimiz Azərbaycanın əsas təmsilçisidir və əlbəttə, həmin ölkədə olan azərbaycanlıların da dogma evi sayılır. Maraqlıdır, səfirliyimiz iki aydan artıq müddətdə Avstriyada qalan Məhəmmədlə maraqlanıbmı, hər hansı dəstək-filan göstərilibmi? Özündən soruşdum, razılığını bildirdi. Dedi ki, bir neçə dəfə zəng vurub, necə yaşadığını, nəyə ehtiyacı olduğunu soruşublar. Hətta bir dəfə səfirliyin nümayəndələri Zalsburqa gəlib, onunla görüşüblər də.  

Məhəmməddən danışırıq, amma Avstriyada yəqin ki, o, tək deyil, başqa soydaşlarımız da var. Bəs onlar nə vaxtadək Avstriyada qalacaqlar, vətənə qayıtmaları üçün əlaqədar dövlət orqanlarımız tərəfindən hansısa işlər görülürmü? Məhəmməd deyir ki, əlacları yoxdur, oturub gözləyirlər ki, karantin müddəti başa çatsın və çarter reysi açılarsa, şəxsən onun ilk işi vətənə qayıtmaq olacaq.

Bu yerdə qeyd edək ki, Azərbaycanda da karantin rejimi hökm sürür və bu şəraitdə insanların necə davranacağını təyin edən qaydalar mövcuddur. Yəqin ki, eyni qaydalar Avstriyada da hakimdir. Yoluxma və ölüm faktlarına görə, Azərbaycandan beş dəfə irəlidə olan Avstriyada küçədə gəzib-dolaşmaq çətin deyilmi soydaşlarımıza? Məhəmməd deyir ki, əlbəttə, bu ölkədə də ölənlər çoxdur, amma maska taxmaq şərtilə küçəyə çıxmalarına heç bir məhdudiyyət qoyulmayıb. “Elə sizinlə söhbətləşdiyim bu gündən etibarən karantin qaydalarının yumşaldılmasına başlanılıb, kiçik dükanlar açılır, bəzi yerlərə giriş məhdudiyyətləri qaldırılır. Qısası Azərbaycanda necə, burda da elədir vəziyyət” dedi həmsöhbətimiz.

Karantin şəraiti bütün ölkələrdə eyni mahiyyətdə ola bilər, amma avstriyalılar bu şəraitin tələblərinə necə əməl edirlər, koronavirus pandemiyasının can almaqda olduğu bir vaxtda necə davranırlar? Məhəmmədin dediklərindən: “Virus yayılan kimi, Avstriya hökuməti qeyd-şərtsiz olaraq qonşu ölkələrlə sərhədlərini bağladı, gediş-gəlişlərə yasaq qoydu. Ardıyla da - indinin özündə də belədir vəziyyət -  hər yerdə virusa qarşı dərmanlama işləri aparıldı, insanlar arasında sosial məsafə, beş nəfərdən artıq insanın bir yerə toplaşmaması və sair qaydaları təsdiqləndi və sevindirici haldır ki, insanlar bu qaydalara sözsüz əməl edirlər”.

Bir məsələ də var: kimsə bu ölkəyə turist kimi səfər edib, qəfil sərhədlər bağlanıb, o da məcburi şəkildə ilişib qalıb orada. Avstriya kimi Avropanın inkişaf etmiş ölkəsində həmin əcnəbilərə hər hansı formada dövlət yardımı edilirmi? Axı həmin əcnəbilər vətənlərinə qaytarılmalı, bu mümkün deyilsə, dövlət onlara müvəqqəti qalmaları üçün yer ayırmalı, yemək-içməklə təmin etməlidir. Çünki yad məmləkətdə tanıdığı bir qapısı olmayan əcnəbi insanın da vəziyyətini başa düşmək lazımdır. Məhəmməd deyir ki, Avstriya dövləti əcnəbilərlə bağlı sosial yardım müstəvisində hər hansı addım atmayıb. Sadəcə tövsiyyə edilib ki, hər bir əcnəbi Avstriyadakı səfirlik və ya konsulluqlarına müraciət etsinlər, vəssalam.

Söhbətimizin sonunda Məhəmməddən soruşdum ki, hazırda Avstriyada onun vəziyyətinə düşmüş başqa soydaşımız varmı və ümumiyyətlə, orada yaşayan soydaşlarımızdan hər hansı formada dəstək ala bilirlərmi? Cavab verdi ki,ölkədə azərbaycanlılar çoxdur. Onlar zaman-zaman bir yerə toplaşıb, danışıb-söhbətləşirlər, necə deyərlər, dərdləşirlər. Bir-birilərinə dəstəkləri bu yolla olur…

Oxunma sayı 2388