Sərt karantin dönəmində bölgələrdə əsas minik vasitəsi - velosiped... 

11:42 09.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bölgələrdə sərt karantin rejiminin tətbiqi yaxın və uzaq məsafələrə şəxsi avtomobildən istifadəni məhdudlaşdırıb. İnsanlar daha çox alternativ minək kimi velosipedlərdən istifadə edirlər. Bu da daha çox təsərrüfat və istirahət əhəmiyyətli minik vasitəsinə çevrilən velosipedlərin qiymətinə təsirsiz ötüşmür.

İnsanlar xırda və orta sahibkarlıq təsərrüfatlarına nəzarət, əkin-biçin işlərini yerinə yetirmək üçün "rasxodsuz" nəqliyyat vasitəsi kimi velosiped almağa üstünlük verirlər. Belə ki, tələbin təklifi üstələməsi qiymətlərdə 10-15 faiz bahalaşmaya səbəb olub.

Satıcılar bildirirlər ki, sərhədlərin bağlı olması yeni modellərin gətirilməsinə, eləcə də təklifin tələbi üstələməsinə maneə törədir. Nəticədə hansı ölkənin istehsalı olması velosipedlərin qiymətinə heç bir təsir göstərmir. Gəncə, Tovuz, Göygöl, Şəmkir, Qazax, Ağstafadakı velosiped bazarında apardığımız sorğunun nəticələrinə əsasən deyə bilərik ki, alıcılar indiki dönəmdə daha çox işlənmiş, "ikinci əl" velosipedlərə üstünlük verirlər.

Çünki indiki halda onların alış qiyməti daha ucuz başa gəlir. Əsasən Rusiya və Ukrayna istehsalı olan velosipedlər bazarda "at oynadır". Hazırda yerli istehsal sayılan "İsma" velosipedlərinin təzəsinin qiyməti 85 manatdan başlayır. 500-550 manata qədər qiymətlər yüksələ bilir.

Təbii ki, ölçü və lüks amili burada əsas göstəricidir. Ukrayna istehsalı olan "Konotok", "DesNa", Rusiya buraxılışlı "Velikiy", Çin istehsalı olan "Saft" markalı ikitəkərlilər daha çox satılır. Qiymətlər də münasibdir, 150 manatdan-450 manata qədər...

Bunların arasında Çin istehsalı olan velosipedlər nisbətən daha ucuzdur. Satıcıların sözlərinə görə, koronavirus pandemiyasının bu ölkədən yayılması Çin velosipedlərinin alıcılıq qabiliyyətinə də təsirsiz ötüşməyib.

Oxunma sayı 1356
Sosial rubrikasından digər xəbərlər