Şirvanda qadın kişini bıçaqladı - Günün təzadları

19:19 27.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində bıçaqlanma oldu. Hafta.az yazır ki, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.

Qeyri-rəsmi nigah halında yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən 3 bıçaq xəsarətləri yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.

Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Yezidi kürd müğənni Ermənistanın mövcudluğunu rədd etdi

Tanınmış kürd müğənnisi Ermənistan dövlətinin varlığını rədd edib və erməniləri bağışlanılmaz  günahlarda ittiham etdi. Hafta.az xəbər verir ki, Ermənistan  mediasının yaydığı məlumata görə,  milliyyətcə yezidi kürd olan müğənni Kerem Gerdenzeri “Facebook” səhifəsində qondarma “erməni soyqırımı” ilə bağlı bir yazı yerləşdirib. Yazıda sənətçi yezidilərə belə bir xəbərdarlıq edib: 

“Ermənilər yezidiləri kürdlərdən ayırmaq və onları ermənilər kimi təqdim etmək istəyirlər. Ümid edirəm ki, ayıq olacaqsınız və Ermənistanın  bu oyununa getməyəcəksiniz...".Gerdenzeri, ümumiyyətlə, Ermənistan Respublikasının, dövlətinin mövcudluğunu rədd edib. Amma  “Rusiya imperatoru kürd torpaqlarında bir erməni dövləti yaratdı” deməklə  digər gerçəkləri təhrifdə bulunub.

 

Türkmənistan sakinləri koronavirusa rəğmən məscidlərə axışdı

Qonşu respublikaların rəsmiləri müqəddəs Ramazan ayında vətəndaşlarını evdə namaz qılmağa və iftar açmağa çağırdığı halda  Türkmənistan sakinlərinin  həmişəki kimi məscidləri kütləvi şəkildə ziyarət etməyə davam etdiyi bilindi. 

Hafta.az-ın Rusiya mediasına istinadla yaydığı məlumata görə, koronavirus  epidemiyası fonunda Türkmənistandakı müsəlman məbədləri normal şəkildə fəaliyyət göstərir. Cümə və Təravih namazına qatılan ziyarətçi sayı “COVID-19”-dan əvvəlki dövrdə qılınan namazlardakından praktiki olaraq aşağı deyil.  Bu cür duruma orucun ilk günündə iki il əvvəl qurulan Həzrət Ömər məscidini ziyarət edərək kollektiv iftara qatılan Respublika Prezidenti Qurbanqulu Berdimuhəmmədovun mövqeyi də təkan verib. 

Türkmənistandakı məscidlərdəki vəziyyət həm də regiondakı indiyə qədər yoluxma hallarının qeydə alınmadığı  əlverişli epidemioloji vəziyyətin qorunması ilə izah olunur. Maraqlıdır ki, qonşu Tacikistanda, rəsmi məlumatlara görə, koronavirusa yoluxma halları olmasa da, yerli hakimiyyət infeksiyanın yayılmasının qarşısını alacaq tədbir olaraq məscidləri bağlayıb. Üstəlik, bu respublikanın prezidenti Emoməli Rəhmon, Ramazan ayının daha “əlverişli zamana” təxirə salınmasını təklif edib.

Xatırladaq ki, mart ayının sonunda bir sıra Qərb nəşrləri  Türkmənistanda guya ölümcül virusun yayılmasına rəğmən ölkə Prezidentinin göstərişi ilə “koronavirus” termininin  işlənməsinin qadağan olunması barədə informasiya yaymışdı.

 

800 qram çəki ilə doğulan körpə koronavirusu məğlub etdi

İranda 800 gün bundan əvvəl 800 qram çəki ilə dünyaya gələn Emir Arslan adlı körpə koronavirus infeksiyasına qalib gəldi.

Hafta.az-ın Musavat.com-a  istinadla verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə Elmləri Universitetinin Rektor müavini Mahmud Nuri məlumat verib.

Uşaq hazırda 1200 qram çəkidədir. Mahmud Nuri bildirib ki, körpənin anası da virusa qalib gəlib.

Qeyd edək ki, Çindən yayılmağa başlayan “COVID-19” bu ilin fevral ayında əvvəlcə İranın Qum şəhərində insanlara yoluxub. Daha sonra bütün ölkə ərazisinə yayılan virus İranda bu günədək 5710 insanın həyatına son qoyub. Ümumi yoluxma sayı isə 90 481 nəfərdir.

 

Alimlər balinanın balalarını yemləməsini lentə aldı

Havay universitetinin alimləri maraqlı və nadir bir prosesi lentə ala bildilər. Hafta.az-ın yazdığına görə, Oxu.az “Science” nəşrinə istinadla xəbər verir ki, onlar balinanın balalarını necə yemlədiyini çəkməyə nail olublar. Mütəxəssislər südəmər heyvanların belinə yapışqan kameralar quraşdırıblar. Bundan əlavə, tədqiqat zamanı pilotsuz uçuş aparatlarından da istifadə edilib.

 

Zabratda aptekə basqın oldu

Bakıda tapançaya oxşar alətlə əczaçını hədələyən şəxs saxlanıldı.

Hafta.az-ın yazdığına görə, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 212