Su bioresurslarının mühafizəsi

18:41 13.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı layihənin icrasına başlanılıb. Qeyd edək ki, IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçiriləcək “Zəngin hövzələr” layihəsi ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, o cümlədən ölkədə fəaliyyət göstərən özəl və dövlət balıqartırma zavodlarında yetişdirilən yüz minlərlə müxtəlif növ balıq körpəsinin suya buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Zəngin hövzələr” layihəsi çərçivəsində keçirilən ilk tədbir zamanı IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Qəbələ rayonundakı Nohurqışlaq gölünə 10 min ədəd 50-70 qramlıq forel körpəsi buraxılıb. Layihə çərçivəsində keçiriləcək növbəti tədbir isə yerli gənc könüllülərin iştirakı ilə Kür çayının deltasının qadağan olunmuş ov vasitələrindən təmizlənməsi aksiyasından ibarət olacaq. Aksiya zamanı Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizlənməsi nəzərdə tutulur.

Son onilliklər ərzində qızılbalıq, nərə və digər nadir balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar, Leyla Əliyevanın rəhbərliyi ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. Qeyd edilməlidir ki, “Zəngin hövzələr” layihəsinin başlanğıcı balıqların kürütökmə dövrü ilə əlaqədar bu yaxınlarda elan olunmuş 4 aylıq moratoriuma təsadüf edir. Bununla əlaqədar, layihənin təşkilatçıları sənaye balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.

Məlumat üçün bildirək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırmasına görə, planetimizdə dəniz ehtiyatlarının ümumi vəziyyəti ildən-ilə pisləşir. Hazırda göl, çay, dəniz və okeanlarda 1974-cü illə müqayisədə 3 dəfə artıq balıq tutulur. Mütəxəssislərin fikrincə, balıq ehtiyatlarının bu cür amansız istismarı ona gətirib çıxarır ki, balıq istehsalı hətta zəruri minimal dərəcəyə çatmır, həmçinin sualtı aləmin bioloji tarazlığı pozulur. Təbii ki, BMT ekspertləri bu vəziyyətdən narahatdırlar. Onlar bütün dövlətləri mütəmadi olaraq balıq vətəgələrini nəzarətdə saxlamağa, qiymətli balıq ehtiyatlarının müdafiəsi və qorunması ilə bağlı tədbirlər görməyə çağırırlar.

Ekspertlərin hesablamalarına əsasən, dəniz məhsullarının həddindən artıq istismarı və qeyri-qanuni balıq ovu ildə 23 milyard dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarır. Əldə edilən balığın beşdə biri isə qanunsuz yolla tutulur.

Yeri gəlmişkən, Azərbaycanda balıqçılığın inkişafı əsasən, 1970-1980-ci illərdə zirvə nöqtəsində olub. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox ərzaq balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşmüşdü. Hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Hazırda su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib. 2018-ci ildə isə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2922,7 min manat vəsait sərf olunmuşdur. Həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Qurumdan verilən məlumatda həmçinin bildirilib ki, ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon balıq körpəsinin 127,8 milyonu bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyonu çəkikimi balıq körpələrinin, 0,3 milyonu nərəkimi balıq körpələrinin və 0,2 milyonu qızılbalıq körpələrinin payına düşüb.

Məlumat üçün onu da bildirək ki, hazırda nərə cinsli balıqların populyasiyalarının mövcudluğu və artması balıqartırma zavodlarının hesabına mümkündür. Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də Xəzəryanı ölkələrdə hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu demək olar ki, 99 faizihəmin zavodların fəaliyyəti hesabınadır.

2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratoriumu haqqında ümumiəhatəli beştərəfli Sazişin qəbuluna qədər, Xəzəryanı ölkələr ayrı-ayrılıqda nərə balıqlarının ovu üzrə texniki moratoriumu saxlayırdılar. Lakin bütün bu tədbirlərə baxmayaraq, son illərdə nərə balıqlarının ehtiyatının kəskin azalması nəticəsində, hətta onların süni çoxaldılması məqsədləri üçün ana-törədici balıqların çatışmaması ilə bağlı çətinliklər yaranmışdır.

Buna görə də son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır.

Qeyd edək ki, bu gün Azərbaycanda balıqçılığın inkişafına təkan verən amillərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin yaradılması ilə bağlıdır. Departamentin yaradılmasında məqsəd balıq və digər bioresursların artırılmasını, bərpasını, mühafizəsini, eyni zamanda, balıqçılığın elmi təminatını və bu sahənin inkişafı ilə bağlı həyata keçiriləcək kompleks tədbirlərin maliyyə təminatını həll etməkdən ibarətdir.

Xatırladaq ki, ötən il su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi sahəsində balıqartırma müəssisələri tərəfindən 168 114 qızılbalıq, 3 417 208 çəkikimi və 342 000 nərəkimi balıqlar olmaqla, ümumilikdə 3 927 322 balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılıb. İl ərzində 154 balıqçılıq subyektinə (o cümlədən, 10 hüquqi və 143 fiziki şəxs) 694 ton kilkə, 82  ton siyənək və 348,28 ton axçalı balıqların sənaye ovuna, 2 hüquqi şəxsə 4 000 ədəd göl qurbağasının və 2 fiziki şəxsə 5 500 ədəd tibb zəlisinin əmtəə məqsədi ilə akvakultura ovuna, habelə 1 hüquqi şəxsə 0,3 ton kütüm balıqlarının bərpa məqsədilə akvakultura ovuna kvotalar ayrılıb və balıqovlama biletləri verilib.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 1213