Su itkisini aradan qaldırmaq üçün innovativ ideyalar axtarılır

20:14 10.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir. BMTİP-in Azərbaycan ofisindən bildiriblər ki, hakaton yarışmadır və məqsədi keçirildiyi müddət ərzində innovatorlar, proqramçılar və hakerləri bir araya gətirərək verilən suallara yeni həll yollarının proqramlar, alətlər şəklində təklif olunmasına sövq etməkdir.

“Aquahack” adlandırılan hakaton innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.

Nümunə üçün deyə bilərik ki, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur və bu sahədə təklif ediləcək ideyalar yeni qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.

Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər. Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.

“Aquahack” yarışmasına qeydiyyat iyunun 10-dan 25-dək keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ümumilikdə, 3 mükafat - birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat təqdim olunacaq. Son müraciət tarixi iyunun 25-dir.

Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi və "Meliorasiya və Su Təsərrüfatı" ASC isə suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir. Suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.

Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.

Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.

Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir. Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə zamanı bu məsələyə diqqət çəkib. Dövlət başçısı bildirib ki,

dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var: “Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilib. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq  edilməlidir.Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir”.

Məlumat üçün onu da deyək ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.

Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.

BMT-nin ötən il açıqladığı hesabatda göstərilir ki, 1980-ci illərdən başlayaraq su istehlakı ildə 1faiz artır. Bu o deməkdir ki, son 30 ildə dünyada sudan istifadə təqribən 30 faiz artıb. BMT-nin hesabatında buna səbəb kimi dünya əhalisinin, sosial-iqtisadi inkişaf və istehlak nümunələrinin artımı göstərilir. Gözlənilir ki, sənayedə və məişətdə suya tələbatın artması səbəbi ilə sudan istifadə 2050-ci ilə qədər bu templə artacaq. Bu da indiki istifadə səviyyəsindən 20-30 faiz daha çox istifadə deməkdir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 8159