Tovuzda 2 ədəd minaatan mərmisi aşkarlanıb - FOTO

23:30 19.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 19-u saat 13:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd partlamamış mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-36) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 250 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 may 2020-ci il tarixlərində 124 siqnal (əməliyyat çağırışı) əsasında 110 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 334 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 532 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 56 105 kv.m ərazi yerüstü və 7 301 kv.m ərazi yeraltı yoxlanılıb.

Oxunma sayı 322