Tülkü parlamentə girdi - GÜNÜN TƏZADLARI

18:22 07.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bir kürən tülkü Britaniya parlamentinə daxil olaraq orada əməlli-başlı xaos yaratdı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda informasiyanı yerli “Qardian”("The Guardian") nəşri yayıb. Məlumata görə, heyvan eskalatorla binanın 4-cü mərtəbəsinədək yüyürə bilib. Bundan sonra polislər onu tutaraq qutuya qoyub və bayırda azadlığa buraxıblar. Məmurlar və parlament üzvləri hadisədən hiddətlənib.  Bəzi siyasətçilər qeyd ediblər ki, illər ərzində Britaniya parlamentində müxtəlif əndrəbadi hadisələr görsələr də, belə bir epizod  ən qəribəsi oldu.  Həmçinin, heyvanın parlament binasında necə daxil olması məsələsi də heyrət doğurub.

 

Su kranlarından su yerinə alkoqol axdı

Hindistanın Trissur şəhərində (Kerala ştatı) çoxmənzilli binada 18 ailə su ilə bağlı rəhbərliyə şikayət etdi. Hafta.az-ın yazdığına görə, “Report” “New Minute”a istinadla xəbər verir ki, bina sakinləri kranlardan içməli su yerinə alkoqolun axdığından şikayətçi olublar. Sakinlərin sözlərinə görə, əvvəl binaya alkoqol qoxusu yayılıb, növbəti gün isə kranlardan su ilə likörün qarışığı axmağa başlayıb. Məlum olub ki, 6 il öncə binanın yanında bar mövcud olub. Bir müddət sonra barı bağlayıblar və bütün alkoqolu müsadirə ediblər. Keçən həftə dövlət işçiləri alkoqolun utilizasiyasına icazə alıblar və onu bar yanında basdırıblar. Nəticədə 6 000 litr alkoqol su təmini sisteminə sızıb və su ilə qarışıb.

 

Bakıda aptekçi özünü asdı

Bakı şəhər Prokurorluğu paytaxt ərazisində baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yaydı. Hafta.az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan Musavat.com-a bildirilib ki, fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunub. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Deputat parlamentdə qalmaqallı iclas zamanı seriala baxdı

Ukraynada deputat iclas zamanı serial izlədi. Hafta.az yerli “Unian” nəşrinə istinadla xəbər verir ki,  “112 Ukrayna” bu barədə video yayımlayıb. Görüntülərdən məlum olur ki, Ali Radada iclas zamanı “Xalqın xidmətçisi” partiyasının nümayəndəsi Aleksandr Kabanov noutbukunda seriala baxır. Bu zaman digər deputatlar yer üstündə dava salırlar. Həmin vaxt parlamentin gündəmində qalmaqallı torpaq haqqında qanun layihəsinin ikinci oxunuşu olub. Bu təşəbbüsün minlərlə əleyhdarı etiraz üçün parlament binasının önünə toplaşıb.

 

Azərbaycanla sərhəddə “1 milyonluq” qızlar  saxlanıldı

Dağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalandılar. Hafta.az-ın yazdığına görə, Lent.az xəbər verir ki, yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış. İlkin araşdırmadan sonra məlum olub ki, hər iki qız 1 milyon rubla (təxminən 27 min manata) satılıb. Saxlanılan qızların hər ikisinin Mahaçqala şəhər sakini olduğu bildirilir. Onları satmaq istəyən qadın isə polisə aparılıb və haqqında cinayət işi qaldırılıb.

 

İlan jurnalistin mikrofonuna hücum etdi

Avstraliyada ilanlarla bağlı xəbər hazırlayan müxbirin başına maraqlı hadisə gəldi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb. Müxbir hazırlamaq istədiyi süjet üçün ilanla birlikdə qısa anons çəkmək istəyib. Lakin anons çəkilişlərində istifadə olunan piton müxbirin planlarını pozub. Belə ki, ilan çəkiliş zamanı müxbirin əlində saxladığı mikrofona dəfələrlə hücum edib. Jurnalist hadisədən bir qədər qorxsa da, bunu biruzə verməməyə çalışıb.

 

Bakıda külək su çənini maşının üstə aşırdı

Cümə axşamı güclü külək Bakıda bir sıra fəsadlar yaratdı. Hafta.az-ın yazdığına görə,  “Report” xəbər verir ki, paytaxtın “Papanin” deyilən ərazisində külək səbəbindən çoxmərtəbəli binanın damından avtomobilin üzərinə çən düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Digər bir hadisə isə Biləcəridə 297 saylı məktəbin qarşısında axşam saatlarında baş verib. Belə ki, külək nəticəsində ağac aşaraq yolun hərəkət hissəsinə düşüb. Ağac aşarkən elektrik xətlərinə də ziyan vurub ki, ərazi bir neçə saat işıqsız qalıb.

Oxunma sayı