Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstəkdir - Təhlil

13:57 26.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri reallaşdı. İki ölkə arasındakı bütün sahələrdə qurulan strateji əməkdaşlığın daha da irəli daşınması ilə bağlı ortaq mövqe ortaya qoyuldu.

Keçirilən görüşlərdə Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirdi ki, Türkiyə- Azərbaycan əlaqələri çərçivəsində iqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın: “Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.

Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi”.

Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bildirdi ki, həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir: “Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram”.

Türkiyə-Azərbaycan liderlərinin görüşündə iqtisadi əlaqələrin və yeni investisiya yatırımlarının bundan sonrakı mərhələdə inkişafı və iqtisadi əlaqələrin gücləndiriliməsi məsələsini hafta.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli dedi ki, Türkiyə həm iqtisadi, həm siyasi tərəfdaşımızdır:

“Çoxtərəfli tərəfdaşlığın hər iki ölkə üçün müsbət cəhətləri var. Ən əsası bu əlaqələr iki ölkənin daha çox yaxınlaşmasına şərait yaradır. Tərəfdaşlığı möhkəmləndirir. Azərbaycan ixracatanın əsas hissəsini təşkil edən karbohidratın və qaz ixracatının əsas hissəsi Türkiyə ərazisindən dünya bazarına daşınır. Azərbaycanın bu kimi sərvətlərinin dünyaya çıxışı Türkiyə ərazisindən həyata keçirilir. Qarşılıqlı investisiya yatırımların çoxalması əlbəttə gəlirlərin artması deməkdir. Azərbaycanla Türkiyə arasında siyasi bir varislik də var, tarixi köklər var. İndiki şəraitdə iki ölkə arasında bağlanan müqavilələr əsasında türk iş adamlarının Azərbaycana marağını artırmış olacaq. Hal-hazırda təxminən türk iş adamlarının Azərbaycana investisiya yatırımı 11 milyard dollar təşkil edir. Hesab edirəm ki, bu qarşılıqlı anlaşmalardan sonra bu rəqəm bir qədər də artacaq”.

"Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilib. İclasın yekununda Bakıda səfərdə olan Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalanıb. Bundan sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış ediblər". Bunu isə politoloq Elxan Şahinoğlu söylədi.

"Birincisi, İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb. İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Tayyib Ərdoğan bu sözlərlə dəstək verdi: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir”. Beləliklə, hərbi əməkdaşlğın yeni mərhələsi gəlir. İki ölkə gələcəkdə birgə hərbi texnika istehsal edəcəklər. Ərdoğan onu da xatırlatdı ki, terrorla mübarizədə də iki dövlət əməkdaşlıq edir. Ərdoğan buna misal kimi FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olduğunu göstərdi.

İkincisi, Rəcəb Təyyub Ərdoğan Bakıda dedi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Ərdoğan ticarətdə yüksək hədəfləri əməkdaşlıq etdiyi dövlətlərin liderlərinin hər biriylə görüşdə səsləndirir. Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır. Bir neçə il əvvəl Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idi. O zaman Ərdoğan hədəf kimi ticarət mübadiləsini 10 milyard dollara çatdırmağı gösgtərirdi. İndi isə Ərdoğan hədəfi daha da böyüdərək 15 milyard dollar rəqəmini səsləndirir. Bu mümkündür. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşır. 10 il əvvəl iki ölkənin investisiyaları bu rəıqəmlərin xeyli geri qalırdı. Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır. Əsas odur ki, Ərdoğanın dediyi kimi müvafiq nazirliklər bu istiqamətdə fəaliyyətlərini və qarşılıqlı əlaqələrini genişləndirsinlər.

Üçüncüsü, Ərdoğan Bakıda bir daha təkrarladı ki, Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcək. Bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir. Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhəddi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq.

Beləliklə, Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı oldu. Ərdoğan bölgədə yaranan ağır durum fonunda Azərbaycana səfər edib. Türkiyə Cumhubaşqanının Azərbaycanla əməkdaşlığı misal gətirərək “dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır” sözləri də bundan xəbər verir. İlham Əliyevin “hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır” ifadəsi isə ona işarədir ki, rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir. İlham Əliyev “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir” fikrini bir daha səsləndirməyi də unutmadı. Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirsə, Azərbaycan da Türkiyənin bölgədə həyata keçirdiyi siyasəti dəstəkləyir".

Oxunma sayı 216
Siyasət rubrikasından digər xəbərlər