Türkiyənin açıq mövqeyi Ermənistan və havadarlarını müəyyən güzəştlərə vadar edə bilər - Politoloq

12:31 12.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü indiki məqamda vacib məsələ idi və bu da baş tutdu. Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu açıq-aşkar ifadə edib. Yaxın zamanlarda Ermənistanın təxribata əl atması fonunda da Türkiyə öz dəstəyini nümayiş etdirdi".

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşünə münasibət bildirərkən dedi:

“Proseslərin gedişi, xüsusilə də Türkiyənin konkret, açıq mövqe ortaya qoyması Ermənistanı və onların havadarlarını müəyyən güzəştlərə getməyə vadar edə bilər. Artıq uzun müddətdir ki, danışıqlar prosesində fasilə yaranıb. Ermənistan rəhbərliyi danışıqlaqla bağlı ağlına gələni danışır. Danışıqlar prosesinin həm formatı, həm də iştirakçıları ilə bağlı öz bildiyini dünya ictimai rəyinə yeritməyə çalışır. Amma bu məsələdə nə ATƏT-in Minsk Qrupu həmsədrlərindən, nə də ATƏT-in özündən pozitiv xarakterli, prosesləri müəyyən konstruktiv məcraya yönəldəcək səs eşidilmir. Prezident haqlı olaraq bildirir ki, bu yaxınlarda ATƏT-in Minsk Qrupu müəyyən tənqidlərdən sonra güclə xarici işlər nazirləri arasında videokonfrans şəklində görüş keçirdi. Amma görüşün gündəliyi tamamilə boş və mənasız məsələlərə həsr edilmişdi. Yəni problemi yerindən tərpədəcək, sülhyaratma prosesinə töhfə verəcək məsələlərə deyil, tamamilə başqa məsələlərə həsr olunmuşdu. Ancaq açıq deyək ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana lazımı dəstəyi verib. Şəxsən mən Türkiyəni Azərbaycandan ayrı tutmuram və “bir millət iki dövlət” şüarına böyük əhəmiyyət verirəm. Lakin hesab edirəm ki, iki dövlətin yaxınlığı gələcəkdə daha sıx olmalıdır. Bu səbəbdən də düşünürəm ki, Türkiyə Azərbaycan torpaqlarına daha diqqətli yanaşmalı və ərazilərin işğaldan azad edilməsi üçün maksimum qüvvə sərf etməlidir”.

Oxunma sayı 1854
Siyasət rubrikasından digər xəbərlər