Uşaqlar üçün yazılan və satılan vəsaitlərə kim nəzarət etməlidir? - ARAŞDIRMA

12:08 12.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə  azyaşlı uşaqlar üçün yazılan bir müəllifin kitabından hissələr paylaşılıb, müzakirə olunur. Paylaşılan mətnlərdə bayağı və uşaq təfəkkürünə uyğun olmayan ifadələr əks olunub.

Müzakirələrdə qeyd edilir ki, bu kitabların məktəb şagirdlərinə satışı qadağan olunmalı və Təhsil Nazirliyi birbaşa buna nəzarət etməlidir.

Mövzu barədə hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan prioritet istiqamətlərdən biridir:

“Etiraf edək ki, hal hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir. 1998-ci ildə senzura ləğv edildikdən sonra hər kəs istədiyi vəsaiti çap edir. Vəsaitlərin, dərsliklərin məqsədi məktəblilərə müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir”.

Ekspert bildirdi ki, vəsaitlərdə bunlar əks olunmalıdır:

-şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar;

- şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;

- dünyəvilik prinsipinə riayət edilməlidir;

- elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;

- illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;

- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;

- milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;

- elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir.

K. Əsədov əlavə etdi ki, son dövrlərdə çap olunan dərsliklərin böyük əksəriyyətində bu tələblər gözlənilmir:

“Vəsaitlərdə şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalıdır. Şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır. Amma məktəb yaşlı uşqlar üçün yazılan əlavə vəsaitləri oxuyan şagirdlərdə qeyd olunan bilik və bacarıqların heç biri formalaşmır. Yəni bu gün vəsaitlər şəxsiyyət yertişdirə bilmir. Avropa dərsliklərinə fikir verin, maraqlı, rəngarəng mətnlər, şəkillər, yaradıcı tapşırıqlarla zəngindir. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər”.

Əsədov həmçinin dedi ki, dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir: ”O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Bizdə isə dərsliklərə jarqon ifadələr, vulqar cümlələr verilib, guya ki, uşağa seçim imkanı yaradılır. Halbuki mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz. Çünki bu ifadələr şagirdlərə pis nümunə ola bilər. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin  elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə  demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib. Bu gün istənilən şəxs əlinə vəsait keçən kimi beyninin məhsulunu çap edir. Buna bir nəzarət mexanizmi yoxdur. Bunun üçün ayrıca müstəqil dərslik mərkəzi yaradılmalı, yalnız onların rəy verdiyi vəsaitlər çap olunmalıdır”.

Psixoloq İlahə Dəmirbəy isə hesab edir ki, hər bir elmin insan üçün xeyri olduğu kimi, ədəbiyyatın da uşaqların inkişafına çox böyük, hətta kommunokativ inkişafı üçün əsas rol oynadığı danılmazdır:

“Uşaqlar bəzən dostluq qurmağı, gözəl münasibətlər, gözəl cümlələr qurmağı müxtəlif həyat tərzlərini kitablardan - ədəbiyyatlardan öyrənirlər. Buna görə də uşaq ədəbiyyatı olduqca vacibdir. Çünki seçilən dil, üslub, mövzu uşaqların düşüncəsinin formalaşmasına, özlərini ifadə etmələrinə şərait yaradır. Yəni mətndə iki insanın sevgi hekayəsi bəzən milyonlarla uşağın inkişaf və sosiallaşmasına, hiss və duyğuların yaranmasına səbəb olur. Uşaqların məktəbdə öyrəndikləri onların gələcəyinin təməli sayılır. Heç şüphəsiz ki, uşaq ədəbiyyatı inkişaf etdirilməlidir və son dərəcə diqqətli və məsuliyyətli mətnlər uşaqlara təqdim  edilməlidir. Sözügedən müəllifin yazdığı mətnlərdə isə ailə dəyərlərinin parçalanması, maddi gəlirlər kimi vasitələrin önə çəkilməsi uşaq düşüncəsinə indidən zərbə vurmuş sayılır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən hafta.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır. 

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq isə bildirilib ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması “Nəşriyyat işi  haqqında  Azərbaycan Respublikasinin Qanunu”na əsasən həyata keçirilir:

"Bu Qanuna əsasən nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər. Nəşriyyat materiallarının müəllifi deyillərsə, dövlət orqanlarının nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur. Amma bununla bərabər qeyd edilən qanuna əsasən naşirlər, çap məhsullarını hazırlayanlar və yayıcılar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcludurlar. Qeyd edək ki, uşaqlar üçün zərərli informasiya dedikdə uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatı özündə ehtiva edir. Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, bu gün bazarda mövcud olan kitabların məzmununa nəzarət Təhsil Nazirliyinin səlahiyyətlərinə aid deyildir. Amma kimin və necə hazırlamasından asılı olmayaraq bu kitablardan ümumi təhsil müəssisəsi daxilində tədris prosesində istifadə edilməsi nəzərdə tutulursa, burada artıq Təhsil Nazirliyinin ciddi nəzarət mexanizmi mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən  ümumi  təhsil  müəssisələrinin  istifadə edilməsi üçün nəzərdə tutulan bütün dərsliklərin məzmun keyfiyyəti Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir və yalnız qiymətləndirmədən keçdiyi halda onların məzmunu  təsdiqlənir. Qaydalara əsasən digər tədris vasitələri ümumi təhsil müəssisəsi daxilində tədris prosesinə yalnız o zaman buraxıla bilər ki, onlar məktəbin pedaqoji şurası (və ya digər ali idarəetmə orqanı) tərəfindən təsdiqləsin. Təbii ki, pedaqoji şuralar bu zaman çox diqqətli olmalı, yalnız keyfiyyətinə əmin olduqları tədris vasitələrini tədris prosesinə buraxmalıdırlar. Valideynlər məzmun keyfiyyətində problemlər olan tədris vasitələrindən istifadəni müşahidə edərlərsə, məktəb rəhbərliyinə müraciət edərək bu tədris vasitələrinin təsdiq olunub-olunmaması haqqında qərarla tanış ola və bu barədə öz fikirlərini bildirə bilərlər. Valideynin etirazına baxmayaraq tədris prosesində məzmun keyfiyyətində qüsurlar olan tədris vasitələrindən istifadə davam etdirilərsə, müraciətçinin dərhal bu barədə müvafiq üst qurumları məlumatlandırması tövsiyə olunur".

Tədris üçün istifadə olunmuş mətnlərə nazirlik tərkibində ictimai şura nəzarət edirmi?

Qrumdan bildirilib ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır:

"İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün  məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur. Qeyd edilənlərə əsasən və eləcə də məktəblərin tədris vasitələrinə olan ehtiyaclarının müxtəlif ola biləcəyini nəzərə alaraq İctimai şuranın bu məsələlərlə bağlı hər hansı nəzarət funksiyası yoxdur".

Oxunma sayı 1371