Uşaqların koronavirusdan sağalma müddəti böyüklərdən daha uzundur - pediatr

10:41 01.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uşaqların koronavirusa yoluxması ilə bağlı hafta.az-ın suallarını həkim-pediatr Hümmət Əhmədov cavabkandırıb.

Mütəxəssis uşaqların virusa yoluxması, sağalma müddəti, müalicələrində istifadə edilən dərman preparatları barəsində fikirlərini bizimlə bölüşdü.

-Uşaqların virusa yoluxma nisbəti, böyüklərlə müqayisədə hansı səviyədədir?

-Uşaqlarda da covid-19-a rast gəlmə faizi ümumi yoluxmanın 18-20%-ni təşkil edir. Bu da onu göstərir ki, azyaşlılar arasında virus elə də geniş vüsət almayıb. Lakin, yoluxduqdan sonra, uşaqların sağalma müddəti 15-25 günə qədər davam edə bilir, belə olan halda onlar digər insanlar üçün yoluxdurucu ola bilirlər.

Uşaqlarda covid-19 əlamətsiz keçsə belə bu bizi aldatmalı deyil. Hətta, onlarda yoluxduruculuq müddəti böyüklərdən daha çoxdur.

- Nəyə görə uşaqlarda sağalma müddəti, böyüklərə nisbətən daha uzundur?

-Bu onunla əlaqədardır ki, böyüklər xəstələnir, ağciyərində buzlu şüşə, zədələnmələr olur, xəstəxanada yaxud evdə yatış verilir. Bu müddət ərzində, onlar hər cür –antiviral, antibakterial preparatlar qəbul edirlər. Böyüklərin orqanizmi bu dərman vasitələrinə tab gətirəcək gücdə olur. Buna görə də biz, arxayınlıqla dərmanlardan istifadə etməklə, virusun orqanizmdə yaşama müddətini minimuma endiririk, 10-14 günə böyüklərin virus testi neqativ çıxır. Lakin biz, 18 yaşdan aşağı uşaqlara heç bir antiviral, antibakterial dərman preparatlarını məsləhət görmürük. Buna səbəb isə, həmin orqanizmərin bu müalicə vasitələrini qaldıra  biləcək gücdə olmamasıdır. Xəstəlik müddətində əsaslı müalicə getmədiyi üçün, onlar 3-4 həftəyə qədər pozitiv qalırlar.

Covidin uşaq orqanizminə vurduğu zərər, hansısa bir antibiotikin və yaxud antiviral preparatın verdiyi ziyandan daha azdır. Buna görə də biz, 1-2 gün qızdırma müşahidə etdiyimiz uşağa, sözügedən dərman vasitələri ilə müalicə etməyə başlamaqla, ona koronavirusun edəcəyindən daha artıq ziyan verə bilərik.

-Azyaşlıları bu təhlükədən necə qoruya bilərik?

-Virusdan qorunmaq üçün Ümumi Dünya Səhiyyə Təşkilatı(ÜST)  5 yaşdan kiçik uşaqların maska taxmağını məcbur hesab etmir. Hətta, bildirirlər ki, uşaqlar maskanın gigiyenasına düzgün əməl etmədikləri üçün, ondan digər bakterialara, viruslara yoluxma ehtimalları yüksələr. Uşaqlar əlləri çirkli halda maskaya sürtə və yaxud da ki, kirlənən, vaxtı keçən maskanı dəyişməyə bilərlər. Bu da, əlavə infeksiya mənbəyinə çevrilir.  Ona görə də məktəb yaşına qədər uşaqlara maska taxmaq üçün heç bir məcburiyyət yoxdur. Bağça yaşlı uşaqlara isə, biz hər zaman tövsiyə edirik ki, onlar əl gigienasına diqqət etsinlər. Nəinki uşaqların, elə böyüklərin də, əl gigienasına diqqət etmələri yoluxma faizini 10/100 qədər endirmiş olur. Virus əsasən hava məkanından çox, səthlərdən yayılır. Biz səthə toxunuruq, salamlaşıb görüşürük, bu tip şeylərdən yoluxma risqi artır. Məktəb yaşlı uşaqlara  tövsiyəm bundan ibarətdir ki, kimyəvi preparatlardan(istər vitaminlər olsun, istərsə də hormonal) istifadə etməkdənsə, düzgün qidalansınlar. Yuxu rejimləri də, stabil olmalıdır. Sağlam qidalanmaq və yaxşı yuxu virusa yoluxma risqini azaldır, emosional sferanın stabil olmasına kömək edir. Qeyd edim ki, depresiyada olan şəxslər daha tez virusa yoluxa bilir. Süni qida və vitaminlərdən istifadə etməkdənsə, elə təbii meyvə-tərəvəzin verdiyi vitamin daha faydalıdır.

-Virus özündən sonra immunitet yaradır?

-Bu mövzuda hələ araşdırmalar davam edir. Nəzərə almaq lazımdır ki, covid-19 virusunun bəşəriyyətə məlum olması hələ ki, yeni sayılır. Ona görə də, bu barədə əsaslı məlumatlar yoxdur. Bunu deyə bilərəm ki, virus özündən sonra davamlı immunitet deyil, davamsız immunitet yaradır. Davamsız immunitet dediyimiz, orqanizmin bu virusa verdiyi cavab reaksiyalarıdır ki, bu reaksiyadan yaranmış antitellər ortalama olaraq 2-4 ay qədər yaşayır. Bu müddət ərzində də virusun həmin genotipinə qarşı davamsız da olsa, immunitet yaranır. Ancaq virusun başqa genotipləri ola bilər ki,  insan ona təkrar yoluxa bilər. Ona görə də, arxayınlaşmaq olmaz ki, bir dəfə yoluxmuşamsa növbəti dəfə yoluxma ehtimalım azdır deyə bir şey yoxdur. Ehtiyyatı əldən verməməliyik. Çünki, digər genotiplə, yaxud, elə həmin genotiplə 2-3 ay sonra təkrar yoluxmaq mümkündür.

Oxunma sayı 2469