COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılmış operativ qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən, zərurət yarandığı hallarda Azərbaycana təxliyyə olunması üzrə fəaliyyətini davam etdirir.
Hafta.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 nəfər həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.
Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.
Hazırda 19 nəfər həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq Lerikdəki "Relaks" otelinə yerləşdirilib.