Vətən Müharibəsinin qəhrəmanları Şəhidlər Xiyabanında anıldı - REPORTAJ

18:22 04.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tutqun, soyuq hava, incə-incə yağan yağış və azadlıq qoxan Şəhidlər Xiyabanı. Məzarlar bayrağımızla süslənmiş, üstlərinə tər qərənfillər düzülmüşdü. Yağış damcıları, soyuq qəbir daşlarından, 30 illik kədəri, nisgili də yuyub aparmışdı sanki...

Elə ziyarətçilərin üzündəki, boynubükük ifadə də öz yerini, daha məğrur sima ilə əvəz etmişdi. Pilləkənləri üzü yuxarı qalxdıqca, insan qalabalığı bir qədər də artırdı.  Burada, əllərində, Azərbaycan və Türkiyə bayrağı tutmuş azyaşlılara addım başı rast gəlmək mümkün idi.

 Xiyabanın girişində, hərbi geyimli balaca qızcığaz diqqətimizi çəkdi. Yaxınlaşıb bir qədər söhbət etdik. Balacanın 5 yaşı var, adı Nuray Səlimovadır.

O anası ilə birlikdə, məzarlığı ziyarətə gəlib. Balacadan “Qəhramlarımızı tanıyırsanmı” deyə soruşduqda, özünəməxsus cavab aldıq. “Mübarizdilər” dedi. Daha sonra isə, 1-ci Qarabağ müharibəsindən və son döyüşlərdə qəhrəmancasına şəhid olmuş, onlarla igid Azərbaycan övladının adını çəkdi. Deyir əsgərlərimiz qarabağı işğaldan azad etdilər, buna görə də mən onları çox sevirəm...

Qəhrəmanlarımızın müşaəti ilə Əbədi Məşələ doğru bir qədər də irəlilədim. Ziyarətçilər arasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəzənfər Məsimoğlu da var idi.

Nəvələri ilə birlikdə, xiyabanı gəzir, şəhidlərimiz haqqında onlara məlumatlar verirdi. Yaxınlaşıb, bu günlə bağlı təəssüratlarını öyrəndik. Şair deyir ki, bu günkü ziyarəti bir başqadır. İndi o, həm qürurlu həm də sevinclidir.

“30 ilə yaxın bir müddətdə torpaqlarımız işğal altında idi. Müzəffər ordumunuz və müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, torpaqlarımız işğaldan azad olundu. Mənfur ermənilər əzəli yurdumuzdan rədd edildi. Biz bu gün, bütövlüyümüz uğrunda canından keçən, 2783  şəhidimizin ruhunu anmaq üçün, bura, şəhidlər xiyabanına gəlmişik. Allah cəmi  şəhidlərimizin ruhunu şad etsin. Onları torpaqlarımız müdafiəsi üçün böyüdən ata-anaların əllərindən öpür, qazilərimizə şəfa diləyirəm. Xalqımıza da, bundan sonra xoş gün-güzaran arzulayıram”.

Narin yağış davam edirdi. Buna baxmayaraq, ziyarətçilərin sayı get-gedə çoxalırdı. İrəlilədikcə,təxminən 45-50 yaş arası bir cütlüyün söhbətinə qulaq misafirliyi etdim. Kişi öz həyat yoldaşına şəhidlərimiz haqqıında məlumatlar verirdi. Yaxınlaşıb, bir qədər söhbət etdikdə məlum oldu ki, o, 2 Nömrəli Texniki Humanitar Liseyin İdman müəllimi Ramiz Qasımovdur.

Ramiz bəy söyləyir ki, Şəhidlər Xiyabanı hələ təzə salınanda, şagirdləri və məktəb drektoru ilə birlikdə, buraya gəlib təmizlik işləri aparırmış. Müəllim Böyük Vətən Müharibəsində, 2 tələbəsini itirdiyini həm kədərli həm də qürurlu nitqi ilə vurğuladı:

 “Hələ mənim bildiyim iki şagirdim, böyük Vətən müharibəsində şəhid oldu, qazi tələbələrim də var, hər biri ilə qürur duyuram, 2005 və 2014 cü ilin məzunları idilər, onları da, ziyarət etmişəm. Fikrimcə bu, bütün xalqın vətəndaşlıq borcudur. Mən özüm də Tovuz döyüşlərindən sonra Könüllü olaraq qeydiyyatdan keçdim, düzdür yaşım çoxdur, amma, ehtiyac yaranacağı halda canla-başla əlimdən gəldiyi qədər vətənimi qorumağa hazıram”.

Şəhidlər xiyabanına gələnlər arasında şəhidlərin doğmaları da var. Belə şəxslərdən biri də, Hüseynova Nəzakət xanımdır. O buraya övladları ilə, qaynının məzarını ziyarətə gəlib. Nəzakət xanım deyir ki, bu gün, 1-ci Qarabağ müharibəsində şəhid olmuş qaynının və digər şəhidlərimizin xatirəsini yad etmək üçün buradadır:

“Övladlarım əmilərini ziyarət edir. Şəhid Hüseynov Səxavət, 1992-ci idlə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Şükürlər olsun ki, qanı yerdə qalmadı. Azərbaycan Ordusu tarixi torpaqlarını yağı düşməndən azad etdi. Mən bütün şəhid analarının əllərindən öpürəm, Allah onlara can sağlığı versin, haqqlarını bizlərə halal etsinlər. Qazilərimizə və qələbəmizdə əməyi olan hər kəsə can sağlığı arzu edirəm”.

Gənc könüllülərin bir neçə nümayəndəsi də, ziyarətçilər arasında idi. Könüllülərin sədr müavini Üzeyir bəy deyir ki, bu gün, bir Azərbaycan vətəndaşı olaraq, öz borcunu yerinə yetirməyə gəlib:

“Biz bu ölkənin bir parçasıyıq. Burada uyuyan hər bir şəhid, biz rahat gəzək, azad və hürr yaşayaq deyə, canını fəda edib. Xiyabanı mütəmadi olaraq ziyarət edirik, bu  birimizin vətəndaşlıq borcudur. Şəhidlərimiz daima qəlbimizdə yaşayır və yaşayacaqlar”.

Biz burada uyuyan 3 nəslin, igid şəhidləri sayəsində bu günlərə gəlib çıxdıq. Tarix boyu, Azərbaycan torpaqları şəhid qanı ilə qarışıb, vətənə çevrildi, birliyimiz daha da möhkəmləndi. Dinindən, milliyətindən asılı olmayaraq, neçə igid vətən övladı, bu torpaqlar uğrunda canını fəda etdi, amalımız bütov Azərbaycan idi. Biz bunu bacardıq, Azərbaycan əsgərinin qayıdışı düşməni lərzəyə saldı. Torpaq uğrunda ölən varsa Vətəndir deyirlər. Bu gün, Albertlərin, Allahverdilərin, Əliflərin, Salatınların davamçıları olan qəhrəmanlarımız tarixi haqq-ədaləti bərqərar etdi. Allah Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət etsin. Üç rəngli bayrağımız daima zirvələrdə dalğalansın!

Oxunma sayı 1063
Gündəm rubrikasından digər xəbərlər