“Vətəndaşların məsuliyyətsizliyi bizi məlum nəticəyə şahid etdi”  – “Rossiya 24” telekanalının aparıcısı ilə söhbət

14:14 13.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar qonşu Rusiyada koronavirus pandemiyası elə sürətlə yayılır ki, hətta ölkənin Baş naziri, başqa bir neçə naziri belə yoluxdura bilib. Bu günlərdə belə bir şayiə yayılıb ki, hətta prezident Vladimir Putin də virisa yoluxub. Nəzərə alsaq ki, Rusiya Azərbaycanla xeyli məsafədə quru sərhədə malikdir və ölkədə ortalama iki milyon civarında azərbaycanlı yaşayır, deməli oradakı vəziyyət bizi dərindən narahat etməlidir. “Rossiya 24” telekanalının aparıcısı Mariya Qladkixlə söhbət zamanı Rusiyanın pandemiya ilə mübarizəsinə işıq salmağa çalışdıq.

Baxaq görək, son vaxtlaradək özünü virusun hücumundan mühafizə etməyi bacaran, amma son həftə ərzində təslim olan və qısa vaxtda yoluxanların sayına görə, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında üçüncü pilləyə qalxan Rusiyada vəziyyət necədir. Gəlin Mariya Qladkixi dinləyək:

- Rusiyada virus niyə sürətlə yayılır, bunun cavabı çox sadədir: insanlar “evdə qal” prinsipinə əməl eləmir, hər kəs küçəyə can atır. Hökumət pandemiyanın qarşısını almaq üçün çox səy göstərir, amma insanlar dinləmək istəmir. Nəticədə də Rusiya ABŞ və İspaniyadan sonra üçüncü pillədə qərarlaşıb virusa yoluxanların sayına görə. Sizinlə müsahibəmiz zamanı verilən məlumata görə 10899 nəfərə koronavirus diaqnozu qoyulub. Ümumilikdə 232243 nəfərdə virus tapılıb. Bunlardan indiyədək 2116 nəfəri vəfat edib, 43512 nəfəri müalicə edilərək evə buraxılıb, 186615 nəfəri xəstəxanalarda müalicəsini davam etdirir. Hansı ki, onlardan da 1559 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 5,5 milyon insan test edilib Rusiyada.

- Baş nazir də yoluxmuşdu, vəziyyəti necədir?

- Baş nazirin vəziyyəti yaxşıdır, sağalıb işinə qayıdıb. Yəqin ki, blirsiniz, ondan sonra daxili işlər, mədəniyyət nazirləri də koronavirusa yoluxmuşdu. Demək olar ki, hər gün bu cür xəbərlər alırıq.

-Prezident Putinin vəziyyəti necədir, onun haqqında da şayiələr dolaşır...

- Putinin vəziyyəti yaxşıdır. Rusiyada da xəbərlər dolaşır ki, prezident koronavisusa yoluxub. Hardasa iki həftə əvvəl, o, koronavirus daşıyıcıları müalicə edilən xəstəxananın baş həkimi ilə görüşmüşdü və şayiələr də bunun ardıyla yayılmışdı. Əslində görüşdən bir-iki gün sonra baş həkimdə virus aşkarlanıb, prezidenti də o gündən ictimai meydanda görməmişdik. Ola bilər bütün bunlar insanlarda fikir formalaşdırmışdı. Amma bu gün nəhayət prezident canlı efirdə göründü və karantin qaydalarına bəzi hallarda yumşalma gətirildiyini də özü elan etdi. Əlbəttə, bəzi ciddi addımlar da atılacaq. Məsələn, küçəyə çıxan hər kəsin əlcək və maska taxması məcburidir, maskasız adamlara böyük həcmdə pul cəriməsi kəsiləcək. Eyni zamanda, iş yerlərində işçilər arasında məsafə saxlanılacaq və sair.

- Rusiyada yoluxma hallarının sürətlə artması belə deməyə əsas vermirmi ki, hökumət önləyici tədbirlər almaqda yubanıb?

- Moskvanın bələdiyyə sədri ötən həftə açıqlama vemişdi ki, Rusiyada virusun yayılma prosesi nə Avropa, nə də Çin ssenarisi ilə gedəcək, Rusiyada özünəməxsus istiqamət olacaq. Amma sonradan gördük ki, xeyir, əslində Rusiyada baş verənlər Avropa ssenarisinə daha çox uyğundur. Bələdiyyə sədri hətta deyirdi ki, o, Moskva küçələrində insanların hərəkətinə nəzarət edəcək hərbçiləri görmək istəmir. Çünki, insanlar özləri qaydalara riayyət edərək epidemiyanı önləyəcəklər. Bu prizmadan yanaşdıqda, əslində hökumət heç də gecikməmişdi tədbirlər almaq üçün, sadəcə vətəndaşların daxlindən gələn məsuliyyətsizlik bizi  məlum nəticəyə şahid etdi. 

- Siz də bilirsiniz ki, xəstə sayının gözlənilmədən artması İngiltərə, İtaliya, ispaniya və sair kimi ölkələrdə səhiyyə sistemində durğunluq yaratdı və hətta bu sahəni çökdürdü. Rusiya səhiyyəsi üçün belə çətinlik hiss olunurmu?

- Rusiya epidemiyanın öhdəsindən gəlir, demək olmaz ki, səhiyyəmiz dağınıq haldadır, əsla. Düzdür, epidemiyanın ilk vaxtlarında hər kəs heyrət, çaşqınlıq içindəydi, maska və əlcək, süni nəfəs aparatları çatışmazlığı vardı. Prezident Putinin də dediyi kimi, əgər ilin əvvəlində Rusiyada ayda cəmi 60-70 süni nəfəs aparatı istehsal olunurdusa, apreldə bu rəqəm 800-ə, may ayının ilk həftəsində isə 2,5 minə qədər yüksəlib, maska istehsalı isə 10 dəfə artıb. Belə desək, çox qısa vaxtda bütün problemlər həllini tapdı, hökumət səfərbəır olundu və təbii ki, cəmiyyət də nəyin baş verdiyini qəbul edə bildi. Sadəcə virusla mübarizə aparacaq, öz sahəsi üzrə mütəxəssis olan həkim və tibb bacılarının çatışmazlığı hiss olunur. Axı hər həkim və ya tibb bacısı koonaviruslu xəstələrə baxa bilməz, odur ki, tibb işçilərinin bir qismi bu istiqamətdə təlimə cəlb edilib. Bu gün həkimlərimiz 24 saatlıq iş rejimində çalışır. Təcili yardım maşınları başqa vaxt gündəlik maksimum 150 kilometr yol gedirdisə, bu gün 600 kilometrdən artıq məsafə qətt edir. Yəni iş rejimi dörd dəfə ağırlaşıb. Onsuz da təcili yardım maşınları xidmət üçün yetərli sayda deyil. Başqa vaxt zəng vururdun xəstəxanaya, təcili yardım maşını bir neçə dəqiqəyə evə gəlirdi, indi isə əksinə, həkimlər deyir ki, taksiyə oturub özünüz gəlin xəstəxanaya.

- Dünyanın bütün ölkələrində belə bir fikir formalaşıb ki, virusa yoluxma və ölüm sayları barədə məlumatlar planlı şəkildə saxtalaşdırılır. Rusiyada da belə bir inamsızlıq hiss olunurmu?

- Təbii ki, Rusiya ictimaiyyəti də beynəlxalq ictimaiyyətin bir parçasıdır. Ötən həftə Moskvanın bələdiyyə sədri dedi ki, yalnız Moskvada 300 mindən çox insan virusa  yoluxub. Qeyd eləmişdi ki, bu gün ictimaiyyətə təqdim edilən məlumatlar sadəcə təsbit edilən xəstələrin sayına əsasən verilir. Əslinə qalsa, koronavirus daşıyıcılarının sayı mövcud rəqəmdən qat-qat yüksəkdir. Sadəcə onu deyim ki, bu gün Moskva şəhəri virus daşıyıcılarının sayına görə Nyu York şəhərini geridə qoyub.

- Yeri gəlmişkən, Rusiyada qeydə alınmış virus yoluxmuş insanların yarısı ancaq Moskvadadır.  Bu nə ilə bağlıdır?

- Moskva böyük şəhərdir, insanlar burada çoxdur və həm də başqa şəhərlərlə müqayisədə daha sıx məskunlaşıblar. Dünyanın hər yerindən bütün təyyarələr bura uçur, qatarlar, beynəlxalq və ölkədaxili reyslər üzrə avtobuslar bura gəlir və sair. İkinci tərəfdən də, bayaq da dediyim kimi, insanlar heç vaxt belə bir fəlakəti yaşamadıqları üçün virusun ciddiliyini qəbul eləmirlər. Kimdən soruşursan ki, niyə maska taxmamısan, əlcək geyinməmisən və sair, “bilmirdim”, “xəbərim yoxdur”cavabını verir. Əlbəttə ki, onlar yalan danşır, bəhanə söyləyirlər. Dünya əsir olub virusun əlində, insan onu necə bilməyə, eşitməyə bilər? Nəticəsi də budur: fəlakət zirvəyə vurur. Virus ölkənin hər yerində qorxulu həddə yayılmayıb. Məsələn, mən Moskvadayam, anam isə paytaxtdan xeyli uzaqda yerləşən daha kiçik şəhərdə - Tverdə yaşayır. Danışıram telefonda, deyir bura elə sakitdir ki, nəinki virus yoxdur, heç onun haqqında danışmırlar da.

- Vaksinlə bağlı nə xəbər var, Rusiya alimləri dərman hazırlayacaqlarını demişdilər. Əslində bütün dövlətlərdə belə anonslar verilir, amma bir-iki gün sonra xəbər yatıb qalır...

- Əlbəttə, Rusiya vaksin istehsal etmək üçün böyük əzm nümayiş etdirir, alimlərimiz gecə-gündüz bu istiqamətdə araçdırmalar aparırlar. Bəzi həkimlər iyunun 15-dək vaksinin hazır olacağını deyirlər...

- Yəni iyunun 15-də insanlara tətbiq ediləcəkmi?

- İnsanlara tətbiq olunacaq deməzdim, hər halda vaksinin hazırlanması prosesi başa çatacaq. Bu özü uğurdur. Bəzi həkimlərimiz iyunun sonuna, iyulun ortalarınadək dərmanın mütləq hazırlanacağı qənaətindədirlər. Hesab edirəm hər şey yaxşı olacaq.

- İnşallah deyək, biz də sevinərik bu xəbərə. Amma məni maraqlandıran bir məsələ var: bir çox ölkələrdə virusun ciddiliyinə inanmırlar. Şimali Koreya, İsveç, türkmənistan.... Amma mən Rusiyanı ABŞ-la müqayisə edirəm. Donald Tramp əvvəllər virus epidemiyasına inanmırdı, Putin necə baxır bu məsələyə, sizcə hansı daha ciddi qəbul edir prosesi?

- (gülür) Məncə Putin Tramp kimi deyil, koronavirusun ciddiliyini başa düşür və lazımi tədbirləri də görür. Trampa gəlincə, Rusiya ictimaiyyəti olaraq bizlər onun bir çox açıqlamalırını ciddiyə almırıq. Trampdan fərqli olaraq Rusiyada insanların sağlamlığı hər şeydən daha üstündür. 

 

Oxunma sayı 103