Xankəndi də Azərbaycandır – Həvva Məmmədova

10:26 21.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu, tək xankəndlilərin yox, bütün azərbaycanlıların, Türk dünyasının ürəyindən verilən bir mesaj oldu

Şuşada imzalanan “Şuşa Müttəfiqlik Bəyannaməsi” dünyaya, xüsusilə də region dövlətlərinə növbəti mesajını verdi. Güc dövlətləri regiondakı iddialarını gerçəkləşdirmək üçün ikili oyunlarından əl çəkmək niyyətində deyil. Region yenə də gərginliyi və həllini gözləyən problemləri ilə diqqət çəkir. Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Xankəndinin keçmiş deputatı Həvva Məmmədova bəzi məsələlərə aydınlıq gətirib.

- Həvva xanım, “Şuşa Müttəfiqlik Bəyannaməsi” “Dəmir Yumruğa” hansı gücü qatacaq?

- Tam iki əsrdən sonra Qarabağın işğaldan azad olunması tarixi bir hadisədir. Başda Ali Baş Komandan, müzəffər Azərbaycan Ordusu olmaqla 30 illik həsrətə son qoyuldu. Bu illər ərzində işğal altında qalan torpaqlarımızın hansı vandalizmə məruz qaldığını nəinki Azərbaycan, bütün dünya siyasətçiləri, mediası, ölkəmizə səfər edənlərin hər biri gördü, bildi. Azərbaycanda heç bir insanlığa, heç bir beynəlxalq hüquqa sığmağan vəhşiliklər törədildi. Erməni faşistləri Azərbaycanın qəbiristanlıqlarını dağıdıb, qəbir daşlarından özlərinə pilləkən düzəltdilər. Biz ermənilərin bu vəhşiliyini tək bu gün, sabah yox, bütün tarix boyu yazılarımızda, çıxışlarımızda əks etdirməklə ifşa eləməliyik. Heç bir xalq Azərbaycan xalqı qədər belə dəhşətlərə məruz qalmamışdır. Bir erməni kilsəsinə toxunmuş olsaydıq, ermənilər və onların havadarları bütün dünyanı ayağa qaldırardı. Ona görə də bütün dünya azərbaycanlıları, bütün Türk dünyası Azərbaycanın işğal altında qalan ərazilərində baş verən bu vandalizmi dünyaya çatdırmalıdırlar.  Bu 30 il ərzində erməni hesab edirdi ki, işğal etdikləri əraziləri geri verməyəcəklər. Bir neçə il əvvəl deyirdilər ki, Qazax tərəfdən iqtisadi zona yaradaq, gediş-gəliş olsun, ticarət əlaqələri quraq. İşğal altında qalan ərazilərin azad olunmasını isə müzakirə etmək istəmirdilər. Bir növ, Qarabağın işğalını indiki nəslin ağlından çıxarmaq istəyirdilər. 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu göstərdi və 44 günlük müharibədə sübut etdi ki, bir qarış torpağını belə işğal altında qoymayacaq. Tarixi Azərbaycan torpaqları öz əzəli və əbədi sahiblərinə qaytarılacaqdır.

“Şuşa Bəyannaməsi” isə 100 ilə hesablanmış tarixi bir sənəddir.  Bu Bəyannamənin içərisində hər şey vardır.  Bu onu göstərir ki, Şuşa Türk dünyasının bir mədəniyyət mərkəzidir. Şuşa tarixən Azərbaycanın adı ilə bağlıdır. Azərbaycan Prezidenti dəfələrlə elan edib göstərdi ki, Pənahəli xanın dövründən tutmuş bu günlərə qədər orada yaşamış insanların hamısı azərbaycanlılardır. Tarixə nəzər yetirsək, hələ 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda əhalinin sayına və tərkibinə görə paytaxt statusu Şuşa şəhərinə verildi. Moskvada oturan ermənilərin havadarlığı ilə sonradan mərkəz Xankəndiyə verildi və aradan bir ay keçməmiş Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyanın adı ilə adlandırıldı. Vilayət təşkil olunan gündən Dağlıq Qarabağda yaşayan azərbaycanlıların ən ağır günləri başladı. Yavaş-yavaş Qarabağa ermənilər yerləşdirildi. Ermənistandan vəzifələrə kadrlar gətirildi, Qarabağın yeraltı, yerüstü sərvətləri talan edilib ermənilərə göndərildi.  Dağlıq Qarabağın o xoş taleyi 1960-1982-ci illəri əhatə edir. Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdür.  Heydər Əliyev Qarabağa xüsusi diqqət yetirirdi. Şuşa ilə bağlı yayılan videokadrlardan da görünür ki, Azərbaycan Prezidenti cənab Tayyib Ərdoğanı Şuşa ilə tanış edərkən o yerləri bir-bir göstərir. O Heydər Əliyevin dövründə tikilmiş İcra Hakimiyyəti binasını, 9 mərtəbəli “Qarabağ” otelini, Vaqifin məqbərəsini, Xurşudbanu Natavanın, Üzeyir Hacıbəyovun ev-muzeylərini göstərir. Bütün bunların hamısı Heydər Əliyev dövründə Azərbaycan xalqı üçün yaradıldı.

- Şuşada Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana bir yeri də göstərib deyir ki, bax, dağdan o tərəfi görürsünüz? O yer Xankəndidir.  Ərdoğan “Otel oradamı?” soruşur və Prezident “Orada da olacaq”, – deyir. Bu, hansı  mesajdır?

- Mən əslən Xankəndidənəm. Bu görüntüləri öz sosial şəbəkə hesabımda da paylaşmışam və ona çoxlu sayda baxanlar olub.  Bu, tək xankəndlilərin yox, bütün azərbaycanlıların, bütün Türk dünyasının ürəyindən verilən bir mesaj oldu. Bu, Bəyannaməyə bərabər bir mesajdır. Əlbəttə, Xankəndidə “Qarabağ” oteli də olacaq və Ərdoğan səfərlərinin birində Xankəndidə dincələcəkdir. Bu o mesajdır ki, Xankəndi də Azərbaycandır! Xankəndi Xanın kəndidir.  Bilirsiniz ki, 1992-ci ilə qədər ora “Stepanakert” adlandırılırdı.  1992-ci ildən başlayaraq o şəhərə öz əzəli adı, Xankəndi statusu verildi, adı özünə qaytarıldı. Əlbəttə ki, biz Xankəndinə də qayıdacağıq. Buna çox az qalıb. “Şuşa Bəyannaməsi”, ermənilər, Ermənistan, erməni havadarları üçün düşünmək üçün yeni bir fürsət verdi. Ərdoğan Şuşada “altılıq” deyilən ölkələrin adını çəkir və bölgəyə sülh və əmin-amanlığın gəlməsi üçün bu ölkələri birliyə çağırır. Bu, Ermənistana səslənən bir mesajdır. Ermənistanın Qarabağ klanından olan Köçəryanla Sarkisyandan bezən xalq onların hakimiyyətinə son qoydu. Levon Ter Petrosyan, artıq Ermənistanın uçuruma getdiyini, erməni hökumətinin məsləhətləşmələr aparıb ölkəni düşmüş olduğu çətin vəziyyətdən çıxarmağı təklif edib. Bu gün Ermənistanın özündə Azərbaycan dilində danışan insanlar var ki, onlar bu dili mükəmməlləşdirməyi hədəf qoyublar. Ermənistanın Dövlət Universitetində Azərbaycan dili fakültəsi yaradılıb. Ermənilər Azərbaycan dilini bilən mütəxəssislər hazırlayırlar. Bu da onu göstərir ki, artıq Ermənistanın başqa çıxış yolu yoxdur. Məsələn, Petrosyan deyir ki, əgər bir ölkə parlament idarəçiliyinə verilirsə, bu ölkədə söhbət hansı idarəçilikdən gedə bilər? Deyir ki, seçkidən sonra vətəndaş qarşıdurması baş verə bilər, ölkədə xaos hökm sürür, iqtisadi tənəzzül yaşanır, uşaqları itkin düşənlərə cavab verən yoxdur. Bu o deməkdir ki, Ermənistan bir daha düşünməlidir.

- Həvva xanım, bu gün Azərbaycanın nəzarətində olmayan ərazilərə, sülhməramlıların o yerlərə etdiyi erməni köçünə nəzər salsaq, necə hesab edirsiniz, hazırda hansı problemlərlə üz-üzə qalmışıq və növbəti addımlar nə olmalıdır?

- Bu gün fotoşəkillərdən, videomateriallardan Qarabağda, Xankəndidə yaşayan ermənilərin hamısının oradan çıxıb-gediyini müşahidə edirəm. Prezidentin də səsləndirdiyi bir fikir vardır ki, Qarabağda o adamlar yaşayacaqlar ki, Qarabağda doğulmuş olsunlar. Qarabağa sonradan köçürülən insanların heç biri Qarabağda yaşaya bilməz. Sülhməramlılarla bağlı məsələlər – hamısı öz yerini tutacaqdır. Ermənistanda belə bir xaotik vəziyyət olduğu halda, Xankəndidə yaşayan ermənilər kimə arxalanır? Sülhməramlıların da bir vaxtı var. Onlar nə vaxta qədər burada yaşayan ermənilərə arxa duracaqlar? Bütün bunların bir sonu olacaq. Xankəndi Azərbaycanın əzəli torpağı, orada yaşayan xalqlar isə vətəndaşıdır. Kimlər Azərbaycanın qanunlarına tabe olacaq, orada yaşaya biləcək, kimlər olmayacaq, yol açıqdır. Azərbaycan Ordusu öz tarixi ərazilərinə girəcək, o yerlərə nəzarət edəcəkdir. Hesab edirəm, imzalanmış Bəyannamədən sonra ermənilər papaqlarını qarşılarına qoyub bir daha düşünəcəklər. Onların iki yolu var: ya birbaşa Qarabağdan çıxıb-getməli, ya da Azərbaycan vətəndaşı kimi birgə yaşamağı öyrənməlidirlər. Bizim taleyimizə də belə mənfur qonşularla yaşamaq düşüb. Ermənilər bu ərazilərə köçürülüb gəlmiş insanlardır. Bu torpaqların sahibləri var. Qarabağdan 4 dəfə köç olub. Biz 5-ci köç edənlər hesab olunuruq. 1920-ci, 1930-cu, 1940-cı illərdə, hətta 1936-cı il repressiyası dövründə Xankəndidən nə qədər əhali aclıq, qıtlıq bəhanəsi ilə Gəncəyə və başqa şəhərlərə köçürülüb.  4 min erməni əhalisi həmin vaxtlar Xankəndidə yerləşdirilib. Zaman-zaman bütün imkanlardan istifadə edərək Qarabağda ermənilərin sayını çoxaldıblar. Bir qədər əvvəl Heydər Əliyevin adını çəkdim. O, hər il müxtəlif ixtisaslı kadrları Qarabağa göndərilib orada yerləşdirilməsi üçün bütün gücünü, imkanlarını səfərbər edirdi.

- Ermənilərin Qarabağa köçürülməsi bu gün də Rusiya sülhməramlılarının iştirakı ilə həyata keçirilir. Yenə də Azərbaycanda marağı olan dövlətlər Minsk qrupu dövlətləri formatında birləşərək Qarabağda köhnə status-kvonu bərpa etmək niyyəti ilə çıxış edirlər. Nəhayət, bu ikili standartlardan  necə yaxa qurtara biləcəyik?

- ATƏT-in Minsk qrupu özünün fəaliyyətsizliyi ilə tarixə düşdü. Biz uzun illərdir deyirdik ki, ATƏT-in Minsk qrupunun tərkibinə Türkiyə də daxil olsun. Təəssüflər olsun ki, erməni havadarlarının, böyük dövlətlərin təsiri ilə bu baş tutmadı.  Bütün dövlətlər bir daha müşahidə etdilər ki, Minsk qrupu bu 30 il müddətində seyrçi mövqe nümayiş etdirdi. Minsk Qrupu Ağdama, Füzuliyə, Xankəndinə getdi. Bir dəfə də olsun, işğal altında qalan torpaqların ən ağır vandalizmə məruz qalması ilə bağlı danışmadılar. Bu cür beynəlxalq təşkilatlar bizim nəyimizə lazımdır? Belə təşkilat bizim üçün nə işi gördü? Hansı məsələni ortaya qoydu? Hansı məsələni həll etdi? Heç birini. Belə təşkilatlardan üz çevirməliyik. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatların üzvüdür.   Nə yazıq, imtina edə bilmirik, amma hesab edin ki, bir gün o beynəlxalq təşkilatlar vicdanlarını qarşılarına qoyacaqlar. Bu təşkilatları ikili mövqeyə məcbur edən ABŞ Konqresində, Fransada olan erməni lobbisi, diasporasıdır. Ermənilər dünyaya səpələnmiş erməni diasporasının, lobbisinin gücü ilə nəfəs alırlar. Bu nə vaxta qədər davam edəcək? Ona görə, artıq “Şuşa Müttəfiqlik Bəyannaməsi”ndən sonra regionda marağı olan dövlətlər də təşviş içərisindədir. Başa düşdülər ki, Azərbaycanla diqtə dili ilə danışa bilməzlər. Azərbaycan Ordusunun döyüş təcrübəsi, əliyalın qayaları aşaraq düşmənə necə zərbə endirməsi Amerikada və digər ölkələrdə müzakirə olunur. 30 il ərzində erməni ordusu ətrafında yaradılan o mif dağıdıldı. Azərbaycan gücləndikcə beynəlxalq təşkilatlar da özləri üçün dərs alacaqlar. Azərbaycan Prezidentinin xarici jurnalistlərə 30-dan artıq verdiyi müsahibə  hər biri ensiklopedik bir tarixi məcmuədir, 44 günün tarixidir. Bu 44 günlük müharibə göstərdi ki, Azərbaycan Ordusu gücləndikcə özləri bizim qarşımızda diz çökəcəklər.

- Görünən odur ki, səsimizin dünyada eşidilməsi həm də beynəlxalq məhkəmələrə müraciət edib, cinayətkarların cəzalandırılmasının tələb olunmasından keçəcək. Ermənistandan təzminatın tələb olunması məqamı yetişmədimi? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

- Ermənistandan, Qarabağdan, ətraf rayonlardan köçkün düşmüş, məcburi qovulmuş insanların əmlakının hamısı məhv edilib. Hər bir insanın evinin sənədləri əlindədir. İnsanlara dəymiş zərər hesablanmalıdır. İşğal olunmuş ərazilərdə tarixi abidələrimizin, məscidlərimizin, maddi-mədəniyyət  abidələrinin hamısının təzminatı ödənilməlidir.  Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı bir qurum yaradılmalıdır. Bütün insanlar səfərbər olmalıdır.  Ermənistan bu torpaqları işğal edib, bu qədər ziyanlar vurandan sonra günahı olmamış kimi kənarda dura bilməz. 1 milyon 300 minə qədər  insanımızın qaçqın düşərək, nə qədər ağır şəraitdə yaşadığı hər kəsə bəllidir. O çadır-şəhərcikləri  2007-ci ildə ləğv edildi. Nə qədər insanımız ağır məhrumiyyətlərə düçar oldu. Bəs bunun təzminatını kim ödəməlidir? Ona görə də hesab edirəm, Azərbaycanda bu işlə məşğul olan xüsusi qurum olmalıdır. Həmin qurum kəndbəkənd, şəhərbəşəhər araşdırıb əhalini və onun əmlakını qeydə almalıdır. Cənab Ərdoğan Füzulidə, Ağdamda gördüklərindən dəhşətə gəldi – sanki Füzuli adlı şəhər olmayıbmış; sanki Ağdam adlı şəhər olmayıbmış. Biz bütün bunları bir-bir qeydə almalıyıq. Ermənistan diz çökməlidir. Ermənistan Azərbaycana milyardlarla təzminat ödəməlidir.  Ermənistanı rahat buraxa bilmərik, Azərbaycanda törətdiklərinə görə cavab verməlidir.

- Həvva xanım, indi Ermənistanı daha çox Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ narahat edir. Bu dəhliz bizi hara qədər apara bilər?

-  Ermənistanı qorxuya salan da elə budur. Ermənistanı qorxuya salan tarixi İrəvan şəhəridir. Zaman gələcək ki, o beynəlxalq məhkəmələr 1920-ci ildə Zəngəzurun  ermənilərə necə verilməsi prosesinin araşdırılmasına yönələcək, haqq-ədalət bərpa olunacaq.

Bilmək lazımdır ki, bu tarixi torpaqlar səssis-səmirsiz erməniyə verilməyib. Bu xalq üsyan edib, etiraz edib. Bu xalqın üsyanı 70 il sovet arxivlərində gizlədilib, ört-basdır edilib. Hələ azərbaycanlıların 1948-1953-cü illərdəki deportasiya tarixi də var.  O deportasiya 1956-cı ilə qədər davam edib. Rus-erməni mənbələri deportasiyanın İrəvanda 23 rayonda aparıldığını göstərib, əslində isə 30 Azərbaycan kəndində aparılıb. Bəhanə o idi ki, guya xaricdən gələn ermənilərə torpaq çatışmır, ona görə də azərbaycanlılar könüllü olaraq köçürlər. Xaricdən köçən ermənilər isə azərbaycanlıların çıxarıldığı kəndlərə köçmədilər, hamısı şəhərdə qaldı. Görün, ermənilər, onların havadarları xalqımızın başına necə oyunlar açıblar. Əlbəttə ki, bu tarixi yerlər Azərbaycan torpaqlarıdır və Zəngəzur dəhlizi bizi o yerlərə qaytaracaq.

Oxunma sayı 1969