Xəstəxanalarda koronovirus reydi - Nələri müşahidə etdik? - REPORTAJ

15:23 28.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

-Alo!

-...

-Salam, xanım!

-...

-Vallah, boş yerimiz yoxdur!

-...

-Dedim axı, boş palatamız yoxdur. Palataların hamısı doludur.

Tibb bacısı dəstəyi yerə qoyan kimi daha bir zəng gəlir və ona da “palatada bir dənə də olsun boş yer yoxdur” – deyə cavab verir.

Həyəcan məni bürüyür. Necə yəni yoxdur? Bəs rəsmi xəbərlərdə deyirdilər ki, ölkədə koronavirus yoxdur? Bu necə olur? Hadisələrin kökünə enmək üçün özümü jurnalist kimi yox, xəstə kimi təqdim edirəm.

Ağzında tibbi maskası olan xanım soyuqqanlığını itirmədən mənə yaxınlaşır. Tibb bacısı əvvəlcə əli ilə bədənimdə temperaturun dərəcəsini yoxlayır. Elə bu vaxt əlimi ağzıma tutub iki dəfə asğırıram. "Sağlam ol"-deyir. "Quru öskürək olurmu?" –deyə soruşur. "Xeyr"-deyə cavab verirəm. Sonra yenə asğırıram. Gözlərimə baxır. "Sarılığı, qızartısı yoxdur" – deyə cavab verir. "Sizdə adi qrip virusudur. Yəni, narahatlığa heç bir əsas yoxdur"-deyib- otağına keçir.

Dil tapıb koronovirus şübhəsi ilə müraciət edən xəstələrin sayını soruşuram. Zarafatla, elə biri siz-deyir: “Bilirsiniz, indi bir çoxları gəlir. Hamı da bu başabəla virusdan qorxur. Şübhələnir. İndiyə kimi 7-8 belə insan müraciət edib amma şükürlər olsun ki, hələ bu virus bizdə qeydə alınmayıb. Əksəriyyəti ya “soyuqdəymə” çıxır, ya da adi qrip virusu”.

Bayaqkı telefonla danışan qızın “palatada yer yoxdur, qəbul edə bilmərik” – cümləsinə diqqət çəkirəm. Həkim xanım deyir ki, o hepatitlə bağlıdır. Hepatiti olan xəstələrin müalicə aldığı palatalar dolub. Yer yoxdur.

Başqa bir həkim isə koronovirusun simptomlarını açıqlayır. Deyir ki, qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər.

1 saylı Şəhər Xəstəxanasının Yoluxucu Xəstəliklərin Qəbul Şöbəsində həkim Mahir Quliyevlə söhbətləşirik. Deyir ki, 1 saylı Şəhər Xəstəxanasında indiyə qədər koronovirus diaqnozu qeydə alınmayıb: “Azərbaycanda bu virus yoxdur. İki nəfər Cəlilabadda şübhəli kimi karantinə alınıb. O da hələ dəqiq deyil, koronavirusdur ya yox”.

Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında reydimizi davam edirik.

Müşahidə aparırıq. Bizi baş həkimin müavini qarşılayır. Baş həkimin iclasda olduğunu deyir. Uşaqlarda koronavirus təhlükəsinin olmadığını, ümumiyyətlə belə bir şübhə ilə müraciət edənlərin olmadığını söyləyir. Xəstəxananın foyelərində gəzişən tibb bacıları da baş həkimin müavininin fikirlərini təsdiqləyir. Xəstəxanadan əldə etdiyimiz məlumatlara görə hazırda valideynlər daha çox mövsümü virus və xəstəliklərlə bağlı müraciət edirlər. Yəni, ciddi narahatlığın olmadığı bildirilir.

Bu arada onu da qeyd edək ki, sosial şəbəkələrdə müəyyən xəbərlər dolaşır. İranın Məşhəd və Qum şəhərlərinə gedən iki valideynin özləri ilə övladlarını da apardıqlarını, ailənin orada “Koronavirus”a yoluxduğunu deyilir. Amma xəstəxanalarda bu xəbərin təsdiqini tapa bilmirik.

"Respublika Klinik Xəstəxanasında koronovirus varmı? – sualımıza “yox” cavabı alırıq.

İçəridəki tibb bacılarından "koronovirus şübhəsi ilə xəstəxanaya müraciət olunubmu?"-deyə soruşduqda adlarının açıqlanmasını istəməyən tibb bacıları "üç-dörd nəfər olub amma onlarda da adıçəkilən virus qeydə alınmayıb"-deyə vurğulayırlar. Xəstəxananın hər gün dezinfeksiya olunduğunu deyən tibb bacıları tibb ocağında bütün personalın tibbi maska ilə təmin olunduğunu və bu cür xidmət apardıqlarını bildirdilər.