Xəzər Günü

19:05 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. Hafta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur. Qeyd edək ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin “Xəzər Günü” kimi qeyd edilməsinə başlanılıb.

Yeri gəlmişkən, Xəzər dənizi dünyanın ən böyük su hövzəsi sayılır və dünya göl sularının 44 faizini təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq 10-20 faiz dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu 7 min km-dir ki, onun da 955 km-i Azərbaycan Respublikasının payına düşür. Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında 1380 min km2 hövzəsi olan Volqa çayının xüsusi əhəmiyyəti vardır . Bu çay vasitəsilə dənizə ümumi illik axar Volqa çayı 80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 faiz təşkil edir. Xəzər dənizində axınlar mövcuddur ki, bunların da yaranmasına səbəb olan amillər əsasən küləklər, dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası, dənizin müxtəlif sahələrinin suyunun temperatur fərqi, dənizə tökülən çaylardır.

Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayonundan aslı olaraq dəyişir. Dibin relyefi axınların istiqaməti və sürətinə əsaslı təsir göstərir. Dənizin dibinin relyefi üç əsas formada təzahür edir - şelf, materik yamacı və dəniz dibinin dərin çökəklik sahələri. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Şelf zonasından sonra materik yamacı başlayır. Orta Xəzərdə bu zona 500-600 metr dərinliyində, Cənubi Xəzərdə isə 700-750 metrdə qurtarır. Xəzər dənizində iki dərin Dərbənd (788 m.) və Lənkəran (1025 m.) çökəklikləri qeydə alınıb. Coğrafi mövqeyinə görə Xəzər dənizi üzərində şimal-qərb, şimal və cənub-şərq küləkləri hökm sürür. Buna uyğun olaraq Xəzər dənizində şimal və şimal-qərbdən, cənub və cənub-şərqə və ya cənub-şərqdən şimal-qərbə və şimala doğru hərəkət edən dalğalar yaranır.

Xəzərin ekoloji problemlərinə gəlincə, burada səbəblər müxtəlifdir. Məsələn, Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər, dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə, üzən vasitələrin nəql və daşınma zamanı (tankerlərdən) neft və neft məhsullarının sızması, kənd təsərrüfatı sahələrində istifadə olunan gübrələrin bir hissəsinin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması, gəmiçilikdə çirkləndirici amil kimi əsasən ballast suları, məişət fekal suları və döşəməaltı sular (neftli lay suları), tərsanələrdə gəmilərin təmiri zamanı formalaşan tullantılar və s.səbəblər mövcuddur. Mütəxəssislərin araşdırmalarına görə, bu çirkləndirici mənbələr içərisində birinci yeri Xəzərə axan çaylar tutur ki, bununda çox hissəsi Volqa çayının payına düşür. Azərbaycan ərazisindən isə Xəzər dənizinə bir çox irili-xırdalı çaylar axır ki, bu çaylardan Qudyalçay, Sumqayıtçay, Viləşçay və Lənkərançay qismən məişət-fekal tullantı suları ilə çirkləndirilir, Kür çayı isə Gürcüstan ərazisində çirkləndirilərək (Tiflis şəhərinin bütün tullantı suları bu çaya axıdılır) Respublika ərazisinə daxil olur, eyni zamanda Sabirabad rayonu ərazisində isə Ermənistan ərazisində çirkləndirilərək Kür çayına qovuşan Araz çayı vasitəsilə bir qədər də çirkləndirilir. Xəzər dənizinin çirklənməsinin digər səbəbidə təbii axarların yaxınlığında və sahil zolağında fəaliyyət göstərən müəssisə və obyektlərdə formalaşan tullantıların düzgün idarə olunmamasıdır. Bunun nəticəsində Xəzər dənizi antropogen təsirə məruz qalır və su mühitində yaşayan canlı orqanizmlərin məhvinə səbəb olur. Xəzər dənizində çirklənmələrin əsas səbəblərindən biri də sahil zolağında, çimərliklərdə neft ləkələrinin qeydə alınması iri sənaye müəssisələrində təmizləyici qurğuların effektli işləməməsi və üzən vasitəsələrdə (gəmilərdə) döşəməaltı sularının dənizə atılmasıdır.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Ekologiya Standartları Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov bildirib ki, antropogen amillər Xəzər dənizində bioresurslara mənfi təsir göstərir: "Xəzər dənizində olan fitoplankltonların tərkibi Şimali, Orta və Cənubi Xəzərdə müxtəlifdir. Şimal Xəzərdə xəstəlik törədə bilən amillər daha çoxdur. Çünki, Xəzər ən çox Şimaldan çirkləndirilir. Bu da orada yaşayan canlıların miqdarının azalmasına səbəb olur. Bundan başqa, Xəzər dənizində balıqların miqdarı son 70 il ərzində tamamilə dəyişib. Xəzər dənizinin Avrasiya məkanı ilə birləşməsi burada balıqların növ tərkibinə böyük təsir göstərib. Yəni, Xəzərə başqa su hövzələrində anqivil və üçiynəli tikanbalığı növü daxil olub. Həmin balıqlar yerli endemik balıqlarla qida rəqabətinə girərək, onların qida ehtiyatlarının azalmasına və nəslinin kəsilməsinə səbəb olub".

Ekspert onu da əlavə edib ki, Xəzərin çirklənməsi əsasən Volqa çayı vasitəsi ilə baş verir: "Düzdür, Gürcüstan və Ermənistan Xəzər dənizi ilə birbaşa əlaqədar deyil. Amma Kür və Araz çayları həmin dövlətlərin ərazisindən keçdikdə çirklənir. Onlar da Xəzərə töküldüyündən onun bioresurslarının çirklənməsinə təsir göstərir. Azərbaycan beynəlxalq müqavilələrə qoşulub. Odur ki, ölkəmizdə Xəzərə tökülən suların keyfiyyətinə nəzarətetmə mexanizmi var. Amma Ermənistan və Gürcüstan beynəlxalq müqvilələrə qoşulmadığı üçün Kür və Araz çaylarının çirklənməsi nəticədə Xəzəri də çirkləndirir. Bu da Xəzər dənizində bioresursların azalmasına səbəb olur".

R.Sultanov həmçinin vurğulayıb ki, Xəzərin mühafizəsi Xəzərəyanı və neft müqavilələrində iştirak edən şirkətlər qarşısında duran ən vacib məsələlərdən biri olmalıdır: "Ümumiyyətlə, dənizdə bioresursların qorunması üçün dənizin ətrafında yaşıllıqlar salınmalıdır. Bundan başqa, hər il Xəzər dənizindən bir metr qalınlıqda su buxarlanır. Həmin kütlə dövretmə nəticəsində yenidən dənizə qayıdır. Amma atmosferdə olan müəyyən zərərli qazlar yağış vasitəsi ilə Xəzər dənizinə çökür. Yəni, atmosferin də çirklənməsi bilavasitə Xəzər dənizinin çirklənməsinə və bioresurslarım miqdarına təsir göstərən amillərdəndir. Buna görə də Xəzərin ekologiyasının qorunması həm Xəzəryanı, həm də neft müqavilələrində iştirak edən şirkətlər üçün əsas prioritet olmalıdır".

Yeri gəlmişkən, “Xəzər günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb. Bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağını əhatə edəcək. Belə tədbirlərdən biri Buzovna çimərliyində baş tutub. Karantin rejiminin qaydalarına əməl olunmaqla təşkil edilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər iştirak ediblər. Aksiya zamanı 10 hektara yaxın ərazi tullantılardan təmizlənib və tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 11743