Xocalı soyqırımı Misirin "asiaelyoum.com" portalında

16:24 26.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Misir Ərəb Respublikasının geniş oxucu auditoriyasına malik nüfuzlu "asiaelyoum.com" xəbər portalında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş "Qanlı faciə”.. Xocalı qətliamından ötən 28 il» başlıqlı məqaləsi dərc olunub.

Hafta.az yazır ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin ağır hərbi texnika ilə Xocalı şəhərinə daxil olaraq şəhərin dinc sakinlərini amansızca qətlə yetirməsindən bəhs olunub. Bildirilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib, yüzlərlə dinc mülki insan xəsarət alıb, 1275 nəfər girov götürülüb, eləcə də şəhər viran edilib, yaşayış məskənləri və şəhərin infrastrukturu dağıdılıb.

Qeyd edilir ki, Xocalı faciəsinin dünya ictimaiyyətində tanıdılmasında görülən əməli işlərin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı, bir sıra dünya dövlətlərinin parlamentləri, o cümlədən Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya Herseqovina, Rumıniya, Çex Respublikası, İordaniya, Honduras, Panama və ABŞ-ın Kaliforniya, Texas, Cociya, Arkansas, Nyu-Meksika, İndiana, Florida və bir sıra digər ştatları tərəfindən Xocalıda törədilən qətliamın soyqırım kimi tanınmasına dair qətnamələr qəbul edilib.

Həmçinin, məqalədə Azərbaycan tarixində silinməz iz buraxan, XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin səssiz qalmamalarına, cinayətkarların cəzalanması və bütün dünya dövlətləri tərəfindən kütləvi soyqırım kimi tanıdılmasına çağırış edilir.