Yardımlıda 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb

12:23 27.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlıda təxminən 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb. Rayonda, həmçinin iri daşlardan hazırlanmış qəbirlərə də rast gəlinib.

Ötən ilin sentyabr ayında Urakəran kəndində təsərrüfat işləri aparan zaman maraqlı hadisə baş verib. Evinə su borusu çəkmək istəyən kənd sakini saxsı əşyalar tapıb. Sonradan məlum olub ki, bu, adi saxsı qablar deyil.

Rayon sakini, pedaqoq Mirhümbət Səmədov bu barədə danışarkən deyib: “Mənə müraciət etdilər ki, qədimi saxsı qablar tapılıb. Dərhal bu barədə rayon icra hakimiyyətinə məlumat verdim. Qısa müddət sonra əraziyə baxış keçirildi, Arxeologiya və Etnoqrafiya İnstitutu da məlumatlandırıldı. İnstitutun aparıcı elmi işçisi Ceyhun Eminli o vaxt Lerikdə arxeoloji iş aparırdı. Şəxsən gəldi və bu yerlərlə tanış oldu”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası bu ayın ortalarından kəndin Bilgəh adlanan ərazisində tədqiqatlara başlayıb. Kənd sakinləri tədqiqat işlərini rayonun turizm potensialı üçün çox müsbət dəyərləndirirlər. Tapılan küp qəbirlərə Azərbaycanın müxtəlif yerlərində təsadüf olunsa da, bu ərazidəki quruluş və dəfn adəti müəyyən qədər seçilir. Qəbrin içərisində bəzək əşyaları, saxsı qablar və silahlar tapılıb. Həmçinin bu qəbirlərin içərisində Roma təsiri ilə əlaqəli şüşə nümunələr də var. Bu, həmin dövrdə ticarət əlaqələrinin göstəricisidir.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli ilə söhbət zamanı o, bu yerlərin həqiqətən də tədqiq olunmasına ehtiyac duyulduğunu vurğulayıb. “Əraziyə baxış keçirəndən sonra məlum oldu ki, burada tədqiqatlara başlamaq olduqca vacibdir. Xoşbəxtlikdən bu il biz tədqiqatlara başlamalı olduq və 4 sahədə arxeoloji qazıntı apardıq. İki metr dərinlikdə küp qəbirlər aşkar olundu. Tədqiqatların nəticəsində məlum oldu ki, bu qəbirlər təxminən 2000 il əvvələ aiddir. Burada maraqlı bir məqam odur ki, küplər nisbətən maili dikinə qoyulmuşdur və ağız hissəsi yer səthinə yaxındır. Ağız hissəyə iri daşlardan örtüklər qoyulub”.

Ceyhun Eminlinin sözlərinə görə, küp qəbirlərlə yanaşı, ərazidə iri daşlardan hazırlanmış daş örtüklü qəbirlər də qeydə alınıb. “Bu qəbirlər kifayət qədər geniş ərazini əhatə edir və qəbirlərin yanında qurbangahı da var, müəyyən dini inancları ilə küp qəbirlərdən seçilir. Orada üst daşların 0,5-1 ton və daha çox çəkisi var. Paralel olaraq həmin qəbirləri də araşdırmağı nəzərdə tuturuq”, - deyə o bildirib.

Bəzi nümunələrdən görünür ki, daş örtüklü qəbirlərin yarısı öz dövründə talan olunub. Bir çox qablar qırıq vəziyyətdə qəbir kamerasından, onun əhatə etdiyi yerdən kənara atılıb. Amma bu, ekspedisiya üzvlərini məyus etmir. Onlar əmindirlər ki, maraqlı nəticələr əldə edəcəklər. Tədqiqatlar sentyabrın ortalarına qədər davam edəcək və yekun olaraq tapılan maddi-mədəniyyət nümunələri sənədləşdiriləcək. Tədqiqatlar sonra kameral və laborator şəraitdə davam edəcək. Aşkar olunmuş nümunələr bərpa olunduqdan sonra yerli diyarşünaslıq muzeyinə və Azərbaycanın əsas muzeylərinə təhvil veriləcək.

Oxunma sayı 3917