Yardımlıda rəis müavini iş başında öldü –Günün təzadları

18:17 16.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilin 15 noyabr tarixində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinə təyin edilən Şöhrət Kərimov vəzifə başında dünyasını dəyişdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Pravda.az” saytı yayıb. Ş.Kərimov Yardımlı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsini icra edirdi. Xatırladaq ki, o, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

 

Almaniyada azərbaycanlı məscidə hücum etdi

Almaniyanın Nürnberq şəhərində yerli məscidlərdən birinə hücum oldu. Hafta.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, məscidə hücum edən şəxsin azərbaycanlı olduğu bildirilir. Adı açıqlanmayan hücumçu dəmir boru ilə silahlanıb və məsciddəkiləri təhqir edərəık onları “iblis”, məscidi isə “şeytan yuvası” adlandırıb.

Hadisə yerinə polis çağırılıb və hücum edən şəxs qandallanaraq aparılıb.

Məscidin imamı Ergun Çelik deyib ki, eyni şəxs artıq üçüncü dəfədir onlara hücum edir: “Hər dəfə də bizi təhqir edir. Bundan əvvəl gəlib məscidin qarşısında tualetini etmişdi. Onun məqsədinin nə olduğunu bilmirik. Amma bu hərəkətlər məscid əhli üçün təhlükəlidir”.

 

Deputat restoranda əlbəyaxa davaya çıxdı

Gürcüstan parlamentinin üzvü hücuma məruz qaldı.

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki,  yanvarın 14-də "Rustavi-2” telekanalının yaydığı məlumata görə, deputat Anri Ohanaşviliyə hücum məşhur Bakuriani kurort kəndindəki restoranların birində olub. Jurnalistlərin dediyinə görə, deputat ailəsi ilə birgə restoranda dincəlirmiş. Bildirilir ki, restoran ziyarətçilərindən biri əvvəlcə Ohanaşvilini təhqir edib, sonra isə onunla əlbəyaxa olub. Telekanalda olay haqda başqa heç bir məlumat verilmir.

A.Ohanaşvili  "Gürcü arzusu" partiyasının parlament fraksiyasının üzvü,  hüquq  məsələləri üzrə komitənin sədridir.

 

İndoneziyanın iki adası su altında qaldı

İndoneziyanın Cənubi Sumatra əyalətinə daxil olan iki məskunlaşmamış adası qlobal istiləşmə ilə bağlı su səviyyəsinin qalxması nəticəsində xəritədən silindi.

Hafta.az-ın yazdığına görə, Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “The Straits Time” qəzeti məlumat yayıb.

Ölkədə fəaliyyət göstərən “Ətraf mühit üzrə forum” təşkilatının rəhbəri Hayrul Sobrinin söylədiyinə görə, Betet və Qundul adlanan həmin adalar hazırda dəniz səviyyəsinin 1-3 metr aşağıda yerləşir. Bundan başqa daha 4 adanın yox olması təhlükəsi yaranıb. Belə ki, Burunq adası artıq sıfır səviyyəsindədir, Kalonq və Salah Namao adaları 2 metr, Kramat dası isə cəmi 3 metr yüksəklik səviyyəsində qalıb.

Hayrul Sobri Salah Namao adasında insanların yaşadığını, sular altında qalan Betet adasında isə YUNESKO tərəfindən 2018-i ildə dünya əhəmiyyətli biosfer qoruğu olaraq elan edilən Berbak-Sembilank qoruğunun yerləşdiyini bildirib.

Verilən məlumatda qlobal istiləşmənin və iqlim dəyişikliyinin İndoneziya kimi milyonlarla insanın 17 min adada yaşadığı arxipelaq dövlətlərin varlığını belə təhlükədə qoyduğu göstərilib.

Cenevrədə yerləşən Ümümdünya meteoroloji təşkilatının (ÜMT) təsbitlərinə görə, 2019-cu il iqlim tarixində ikinci ən isti il olub.

“Bu gün qlobal hərarət 1850-1900-cü illərə nisbətən 1,1 dərəcə selsi artıb. Bununla bərabər 2016-cı il dünya tarixinin ən isti ili olaraq yadda qalacaq,”-deyə məlumatda bildirilir.

ÜMT-nin son təsbitlərinə əsasən, son 5 ildəki orta temperatur iqlim müşahidəçilyi tarixində ən yüksək hərarətin qeydə alındığı beşillikdir.

“Əgər zəhərli qazların emissiyası bu tempdə havaya atılmağa davam etsə, yaşadığmız yüzilliyin sonuna qədər havanın hərarəti 3-5 dərəcə daha artacaq”,-deyə ÜMT-nin baş katibi Petteri Taalas söyləyib.

 

Avstraliyaya kömək üçün qızıl velosiped hərraca çıxarıldı

Dubayda Beynəlxalq Velosiped sərgisi ("Dubai International Bike Exhibition”) çərçivəsində 91 min dirhəm (25 min ABŞ dolları) dəyərində olan velosiped hərraca çıxarıldı. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, satışdan əldə edilən gəlirin meşə yanğınlarından boğulan Avstraliyaya kömək üçün yönəldiləcəyi bildirilir.

 

Velosiped bənzərsizdir. Onu yığmaq üçün 70 insan-saat sərf olunub. İstehsal şirkəti olan “Vaaru Cycles” qurğunu 24 karatlıq qızıl qatı ilə bəzəyib. Velospiped özü titandan hazırlanıb. Ona görə də qurğu "indiyə qədər yaradılmış ən titanlı velosiped " adını alıb.

 

Sarı torbalı qız  gördüyü işlə fenomenə çevrildi

Küçə heyvanları üçün tez-tez dünyada bir çox kampaniyalar təşkil edilir. Bunlardan biri də “mamamatik” olaraq bilinən aparatlardır.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, bu aparatlara plastik tullantıları ataraq küçə heyvanları üçün yemək ala bilərsiniz. Dünyanın bir çox yerində bu aparatlardan istifadə edilsə də, Azərbaycanda hələ ki yoxdur. 

Bu aparat vasitəsilə heyvanları bəsləyən bir qız son günlər sosial medianın fenomeninə çevrilib. 

“Sarı torbalı qız” adı verilən Ceren Baştürk İstanbulda yaşayır. O, küçələri gəzərək plastik tullantıları toplayır, daha sonra onları aparata ataraq küçə heyvanları üçün yemək alır. 24 yaşlı tələbə qızın bu addımı sosial mediada bir çox insan tərəfindən bəyənilib və dəstəklənib. 

Ceren Baştürk təxminən 6 aydır sarı torbası ilə küçələrdə gəzir və istifadə olunmamış plastik tullantıları toplayır. Gənc qızın bu addımı xüsusən heyvanlara qarşı şiddətin artdığı bu günlərdə örnək bir nümunə olub.

Oxunma sayı