“Yaşıl iqtisadiyyat”ın inkişafı diqqət mərkəzindədir  

19:48 19.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu məqsədlə yaradılmış sənaye parkları fəaliyyətlərini uğurla davam etdirirlər

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Nazirliyin nümayəndələri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar. “Təmiz Şəhər”-dən verilən məlumata görə, ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qonaqlara Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verib. Bildirilib ki, ən müasir ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Zavodda əldə edilən enerji ilə il ərzində təqribən 100 min mənzili elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “yaşıl iqtisadiyyat”ın inkişafı məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkında 19 rezident qeydiyyata alınıb. Onlardan 9-u artıq fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin həyata keçirilməsi hesabına işçilərin sayının 710-a çatdırılması nəzərdə tutulur.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda qonaqlara məlumat verilib ki, Almaniya texnologiyası ilə inşa edilən zavod ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda 170-dən artıq sakin daimi işlə təmin olunub.

Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda qonaqların diqqətinə çatdırılıb ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ərazidə əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilməklə poliqonun ehtiyacları üçün istifadə olunur.

Yeri gəlmişkən, bu gün dünya ölkələrinin keçid etməyə çalışdığı “yaşıl” iqtisadiyyat təşəbbüslərini Azərbaycan höküməti də dəstəkləyir. Yaşıl biznes nümunəsi olaraq hazırda ölkəmizdə Balaxanı Sənaye Parkından başqa, Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları fəaliyyət göstərir. Azərbaycan ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri isə yaşıl iqtisadiyyatın inkişafını vurğulayır:

 - sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli; - təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi; - ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi; - ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim edilməsinə ekosistemli yanaşma; - ətraf mühitin çirklənmsinə dair sanksiyalar; - təbiətdən istifadənin ödənişli olması; - ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; - təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; - ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi.

2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası “yaşıl” iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcək. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaq.

Bundan başqa, “yaşıl” iqtisadiyyata keçid və resurslardan səmərəli istifadə məsələsi Azərbaycanda qəbul olunmuş 4 strateji yol xəritəsində də öz əksini tapıb. Belə ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə konkret olaraq, “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” məsələsi qoyulub. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” nin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışında isə vurğulanır ki, KOS subyektlərinin alternativ və bərpaolunan enerji mənbələrinə cıxışının stimullaşdırılması və “yaşıl iqtisadiyyat”a kecidi ilə əlaqədar olaraq hüquqi çərçivə və maliyyələşdirmə təşəbbüsləri ilə bağlı tədbirlər həyata keçiriləcək.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə beynəlxalq məsləhətçilər cəlb edilməklə qənaətli istehsal metodları üzrə təhlil aparılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik və istilik enerjisindən, qazdan səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər əksini tapıb.

Məlumat üçün onu da xatırladaq ki, 2000-ci illərdən etibarən enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların tətbiqi geniş vüsət alıb. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.

Mütəxəssislərin apardıqları tədqiqatların nəticəsinə əsasən, son 50 ildə dünya üzrə təbii resurslara tələbat ekoloji fəlakətləri də özüylə gətirib. Müvafiq hesablamalar görə, 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün 70 faizinə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən bərpa gücünün 120 faizini təşkil etmişdir. Yəni, istehlak edilmiş resursların bərpa olunması üçün 1,2 ədəd Yer kürəsi tələb olunur.

Ekspertlər bildirirlər ki, “yaşıl” iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda “yaşıl” iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar.

Əslində indiki dövrdə “yaşıl” iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin insan kapitalı ilə inkişaf etməkdə olan və ya yeni sənayeləşmiş ölkələrin insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin “yaşıl” iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir.

Müşahidələr onu göstərir ki, son illərdə “yaşıl” iqtisadiyyatın təbliği prosesinə Qlobal Yaşıl İnkişaf İnstitutu , Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq İnstitutu, BMT Sənaye İnkişafı Təşkilatı (United Nations Industrial Development Organization , BMT Tədris və Tədqiqat İnstitutu, Yaşıl İnkişaf Fəaliyyəti Alyansı və Yaşıl İqtisadiyyat Koalisiyası kimi institutlar qoşulub. Bundan başqa, Norveç, Danimarka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi ölkələr də bu prosesdə fəal iştirak edirlər.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər