Yenidən məhkumluq həyatı yaşayanlar - ARAŞDIRMA

13:06 07.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hər gün kriminal xəbərlərlə bağlı saxlanılan şəxslər haqqında məlumatlara nəzər salarkən onlardan bəzilərinin əvvəllər də məhkumluq həyatı yaşadıqlarının şahidi oluruq. Məlum problem son zamanlarda daha kəskin mahiyyət daşımağa başlayıb. Bu gün ölkədə ən böyük problemlərdən biri məhkumluq həyatı yaşamış insanların cəmiyyətdə özlərinə yer tapa bilməməsidir. İşəgötürənlər belə insanları qəbul etmir. Bu hallar sonda həmin məhkumların cəmiyyətdə uyğunlaşa bilməməsi faktorunu ortaya çıxarır. O insanlar nəticədə cinayət tərkibli əməllərə qoşulub təkrar məhkumluq həyatı yaşayırlar.

Ümümiyyətlə ölkədə əvvəllər məhkumluq həyatı yaşayanların təkrar məhkumluq həyatı yaşamaları halları neçə faiz təşkil edir?

Dövlət Statistika Komitəsindən hafta.az-ın sorğumuza cavab olaraq bildirdilər ki, bu haqda məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yarımillik dövrilikdə toplu şəkildə təqdim olunmadığından 2019-cu ilin yekunları üzrə məlumatlar cari ilin aprel ayından hazır olacaqdır. Əvvəlki illərin statistik məlumatları isə belədir:

"2018-ci il üçün əvvəllər məhkumluq həyatı keçirənlər 16.6%, 2017-ci ildə 15.2%, 2016-ci ildə 16.6%, 2015-ci ildə 17.6% təşkil edib. Bundan əlavə, ümümi məhkum olunanların sayı 2018-ci ildə 16727 nəfər, 2017-ci ildə 16750 nəfər, 2016-ci ildə 16676 nəfər, 2015-ci ildə 16322 nəfər təşkil edib. Məhkum olunanlar arasında 2018-ci ildə kişilər 15705 nəfər, qadınlar 1022 nəfər, 2017-ci ildə kişilər 15787 nəfər, qadınlar 963 nəfər, 2016-ci ildə kişilər 15640 nəfər, qadınlar 1036  nəfər, 2015-ci ildə kişilər 15194 nəfər, qadınlar 1028 nəfər məhkumluq həyatı yaşayıb".

Maraqlıdır bu gün ölkədə, məhkumluq həyatı yaşamış insanlara niyə cəmiyyətdə biganəlik var?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hafta.az-a bu barədə danışarkən dedi ki, təkrar məhkumluq həyatı yaşayanlar haqqında tam dəqiq məlumatımız yoxdur:

“Ölkədə nə qədər belə şəxs var deyə, statistik bir rəqəm bizə açıqlanmır. Lakin belə şəxslər cəmiyyətdə çox əziyyət çəkir. Ona görə də məhkum olunmuş şəxslərə sənət öyrədilməlidir.  Biz vaxtı ilə ən çox cavan məhkumlarla işləyirdik. Orada onlara sənət öyrətmək kimi bir iş qoymuşduq qarşımıza. Montyorluq, çilingərlik, pinəçilik kimi peşəyə sahib olması üçün biz seminarlar təşkil edirdik və bu sahələri bilən insanları aparıb onlarla görüşdürürdük. Hər bir məhkum olunmuş şəxsə orada nəsə öyrədilməlidir. Mən demirəm, onlar professor olmalıdırlar. Onlar çıxanda bir sertifikata, diploma sahib olsalar cəmiyyətə buraxıldıqdan sonra özlərinə yer tapa bilərlər”.

Hüquq müdafiəçisi həmçinin dünya praktikasında olan vəziyyəti barəsində də məlumat verdi. Bildirdi ki, dünyada məhkumluq həyatı yaşayan insanlarla digər insanlar arasında fərqlər qoyulmur:

“Amerikada olanda bizi həbsxanadan çıxmasına 6 ay qalmış məhkumların yanına apardılar. Gördük ki, 6 ayı qalmış məhkumları komputer qarşısında otuzdurub onlara iş axtarırlar. Yəni artıq o məhkum azadlığa çıxanda boş gəzmir, hər hansı bir işın qulpundan yapışır. Bizdə də bu praktika tətbiq oluna bilər”.

Daha bir hüquq müdafiəçisi Səadət Bənəniyarlının fikrincə məhkumların normal həyata qaytarılması dövlətin bir siyasəti olmalıdır:

Bu işləri aparmaq üçün dəstək lazımdır. İlk dəfə məhkumluq həyatı yaşayan insanlar yaşadığı dövrdə müxtəlif işlər öyrənməlidir. Bunun üçün şərait yaradılmalıdır ki, o şəxslər azadlıqda olduqda hər hansı bir işlə məşğul ola bilsinlər”.

Psixoloq Günel Vüqar isə hesab edir ki, bu məsələdə cəmiyyətin əsas rolu var. Məhkumluq həyatı yaşayan insanlara biganəliyin şahidi oluruq:

"Həbsxanadan çıxmış insanlar reabilitasiya olunmalıdırlar. Təəssüf ki, bunun üçün reabilitasiya mərkəzləri yoxdur. Məhkum olmuş şəxslər məhkumluqdan azad olunduqlarına az bir vaxt qalmış normal həyat şəraitinə adaptasiya dövrünü keçmək üçün reabilitasiya keçməlidirlər. Məhkumlar elə hesab edirlər ki, onlar məhkum olublarsa həyat daha davam etmir. Psixoloji olaraq düşüncələri dəyişir. Lakin yenidən cəmiyyətə qayıtdıqda isə görürlər ki, əslində həyat öz axarı ilə davam edir. Cəmiyyətdən xoş münasibət görmədikdə psixoloji sarsıntı məcbur edir ki, ikinci dəfə əvvəlki səhvi təkrar etsinlər. Reabilitasiya mərkəzlərinin olmaması, həmin insanların normal adaptasiya keçə bilməməsi, cəmiyyət tərəfindən qəbul olunmaması, iş axtarışında çətinliklərin olması və ya işə qəbul olunmamaqları onlara çıxış yolu kimi yenidən cinayət törədib yaşam uğrunda mübarizə aparmağa vadar edir”.

Oxunma sayı
Sosial rubrikasından digər xəbərlər