Yol polisi avtomobilə pəncərədən girdi –Günün təzadları

18:15 06.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanin Udmurtiya Respublikasında yol polisi dayanmaq əmrinə əməl etməyən sürücünü saxlamaq üçün fiziki bacarıqlarını nümayiş etdirməli oldu.

Hafta.az xəbər verir ki, polislərdən biri avtomobilin sürətini azaltmaq məqsədilə onun təkərlərinə atəş açıb, digər əməkdaş isə avtomobilin şüşəsindən salona daxil olub. Qaydanı pozan sürücünü saxlamaq mümkün olub. Ona qarşı səkkiz maddə ilə protokol tərtib edilib.

 

Bakıda onlayn narkotik satan narkokuryerlər tutuldu 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirildi.

Hafta.az yazır ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən adamlar pulu onlayn ödəmə terminalları vasitəsi ilə Murad Rəhmanov kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.

Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq instintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstrazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

 

Çoxuşaqlı müsəlman ana İngiltərədə festival qalibi oldu

Böyük  Britaniyanın Loster şəhərindən bir kulinariya mütəxəssisi və bloger  olan müsəlman qadın “British Muslim Awards 2020” festivalının baş mükafatını aldı. Hafta.az Rusiya  mediasına istinadla xəbər verir ki, çoxuşaqlı ana Anisa Rayix  kulinariya sahəsindəki bacarığı və 2014-cü ildən bəri fəaliyyət göstərən “Cook With Anisa” “youtube”-kanalı sayəsində məşhurlaşıb. Müsəlman bir xanım mütəmadi olaraq “BBC” və “İTV” tərəfindən keçirilən xeyriyyə layihələrində, yemək festivallarında iştirak edir.  Çox övlad sahibi olan  ana İngiltərədəki ən ruhlandırıcı və həvəsləndirici 10 müsəlmanın ən yaxşısı olaraq tanındıqda gerçəkdən heyrətləndiyini bildirib. "Əvvəla, Uca Yaradana məni öncədən hər şeydə dəstəkləyən həyat yoldaşım Adəm kimi insanlarla əhatə etdiyi üçün təşəkkür edirəm! Davamlı sevgi və dəstəyinizə görə  sizlərə - bütün ailəmə, dostlara və abunəçilərimə təşəkkür edirəm!", - deyə Anisa “İnstaqram” səhifəsindəki paylaşımında yazıb.

 

Yevlaxda otlaq sahəsi üstdə bıçaqlanma oldu

Yevlax sakini mübahisə zəminində bıçaqlandı. Hafta.az xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Salamabad kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Məmmədov xırdabuynuzlu heyvanlarını kənd sakini, 1989-cu il təvəllüdlü Elçin Hüseynova və 1992-ci il təvəllüdlü Araz Qarayevə məxsus yonca və arpa sahələrində otarıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə O.Məmmədov A.Qarayevə 2 bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Xızıda silahlı şəxs saxlanıldı

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev kənd ərazisində saxlanıldı.

Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumatda belə deyilir. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd lüləsi kəsilmiş odlu silah, beş ədəd patron və narkotik maddə-heroin aşkar edilərək götürülüb. Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

Füzulidə top mərmisi və 4 mina aşkar edildi

Fevralın 5-də saat 15:00-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd top mərmisinin və 4 ədəd partlamamış minanın tapılması barədə məlumat daxil oldu.

Hafta.az yazır ki, ANAMA-dan Musavat.com-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Minaatan mərmiləri daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, top mərmisinin partladıcısı üzərində olduğuna görə işarələnərək Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib və növbəti iş günü yerində partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxunma sayı