Yoluxma sayı kəskin azalsa, ənənəvi təhsil forması tətbiq oluna bilər - Nadir İsrafilov

14:17 15.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müsahibimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovdur.

-Nadir müəllim, yeni tədris ilinin başlamasına təxminən bir ay vaxt qalır. İndi hər kəsi düşündürən əsas məsələ pandemiya şəraitində tədrisin ənənəvi formada davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır. Sizcə, yeni tədris ili hansı formada başlayacaq?

- Hər şeydən əvvəl onu qeyd edim ki, məktəblərin açılmasına hələ ki, bir ay qalmış yeni tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı yekun qərar çıxarmaq o qədər də real görünmür. Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir. Gələcək fəaliyyət hər şeydən əvvəl dinamikadan asılı olan məsələdir. Bununla belə, indi elə bir vəziyyət yaranıb ki, sabah hadisələrin hansı axarda cərəyan edəcəyinə heç kim təminat verə bilməz. Yəni epidemioloji vəziyyətlə bağlı artım və azalma dinamikasından asılı olaraq məsələnin həllinə yanaşılmalıdır. Deməli, əgər yoluxma sayının kəskin aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. Əgər virus daha da kəskinləşsə, məsafədən təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü - hibrit variant da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii ki, bunlar işin gedişatından asılı olacaq.

- Bilirik ki, hazırda bununla bağlı müxtəlif qurumlar tərəfindən müzakirələr aparılır. Siz, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi bu müzakirələrdə iştirak edirsinizmi?

-Hələ ki, müzakirələr davam edir. Avqustun 6-da İctimai Şuranın üzvləri ilə Təhsil naziri Emin Əmrullayevin videokonfrans formatında keçirilən görüşündə bir sıra məsələlər, əsasən də yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub. Onlayn görüşdə əsas diqqət mərkəzində olan məsələ pandemiya şəraiti ilə əlaqədar yeni dərs ilində tədris prosesinin təşkili ilə bağlı yanaşmalara və sonrakı dövr üçün nəzərdə tutulan işlərə münasibət olub. Təbii ki, ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır və şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə və yekun qərar çıxarmaqda öz rolunu oynayacaqdır.

-Artıq yeni tədris ilinin hansı formatda başlaya biləcəyi ilə bağlı müxtəlif təkliflər mövcuddur. Siz, bu təkliflərin hansını məqbul sayırsınız?

-Düzdür, məlum olduğu kimi müxtəlif  KİV-lərdə və sosial mediada yeni dərs ilinin onlayn və ya ənənəvi formada başlanacağı barədə müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Bu isə əslində genış ictimaiyyət arasında müəyyən çaşqınlıq yaradır. Təhsil nazirinin iştirakı ilə keçirilən onlayn görüşdə də bir daha vurğulandı ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır. Nazir bu günlərdə həm də ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib, koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Artıq Təhsil İnstitututunun COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələri ictimaiyyətə təqdim edilib, geniş müzakirələrə səbəb olub.

- Bəs, bu istiqamətdə sizin təkliflər nədən ibarətdir?

Mən də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini kimi qeyd etdiyim onlayn görüşdə bir sıra təkliflər vermişəm. Həmin görüşdə 11 üzvün hamısının təklifləri dinlənildi. Yekdil nəticə o oldu ki bu məsələdə tələskənliyə yol vermək olmaz. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalı, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır və s. Həmin görüşdə yekdilliklə qeyd edildi ki, bütün görülən və bundan sonra görüləsi işlər pandemiya şəraiti nəzərə alınmaqla, müvafiq təlimatlara uyğun fəaliyyət prinsipləri əsasında qurulacaq.

- Əgər yeni tədris ili onlayn formatda başlayarsa, təhsil müəssisələrini bu prosesə hazırlıqlı saymaq olarmı?

- Əslində biz hər bir vəziyyətə hazır olmalıyıq. Hər şey hadisələrin sonrakı gedişatından, yəni dinamikadan asılıdır. Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək, dinamikaya müvafiq tədris prosesi təşkil olunacaq. Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılması, dərs ilinin ənənəvi formada başlanmasının tərəfdarıdır. Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, ən geci avqustun sonlarına məsələyə rəsmi aydınlıq gətiriləcəkdir. Pandemiyadan asılı olmayaraq "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi,  interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından irəliləyiş olar.

Oxunma sayı 4468