Yüzlərlə insanın milli mənsubiyyətinə görə öldürüldüyü gecə - Xocalı soyqırımının şahidləri danışır...

17:11 26.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün onların günüdür -Xocalının və xocalıların... Yer üzündən silinmələrindən 28 il ötür. 613 şəhidin, 150 taleyi naməlumun, vəşhicəsinə öldürülən 106 qadının, 63 uşağın günü... 1275 nəfər erməni işgəncəsi görmüş Xocalı sakinin qan yaddaşının təzələndiyi, qaysağının qopduğu tarixdir.

Bakı, Xətai rayonu, Xocalı proskekti, “Ana harayı” abidəsi, saat 11:15... Xatirələrdəki tarix isə sanki bir qarlı qış günü yerindəcə donub: 26 fevral 1992-ci ili göstərir.

Bu gün Xocalılar da bu abidəni ziyarətə gəlib. 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi gecənin dəhşətlərini bir daha xatırlamaq, eşitməyənlərə danışmaq üçün...

Qarşımda bir ahıl kişi müsahibə verir. Bərkdən danışır ki, hamı eşitsin: “Həmin gecə qardaşımı vurdular. Beş addım məndən aralıda bir gəlin və yanında uşaq qaçırdı. Qaçaqaç düşmüşdü. Mərmi düşdü. Uşaqları da, özü də tikə-tikə oldu. Mənsə yaralandım... Biz 4 ay idi mühasirədə idik. Bizə kömək gəlmədi. Bizi qırğına verdilər. Bakıdakı hakimiyyət davasının qurbanı olduq. Ermənilər də bundan istifadə etdilər”.

Sağ tərəfimdə gözü yaşlı bir xanım dayanıb. Şəhid olan qohumlarının adlarını “Ana harayı” abidəsinin sinə daşına həkk olunan lövhəsində axtarırır. “Allahverdi... tapdım... Can ay qardaş”-deyir.

Xocalı soyqırımının canlı şahidi Sədaqət Allahverdiyeva ilə söhbətləşirik.  O, 25-i axşam evlərindən çıxdığını söyləyir. 2 gün meşədə qalırlar. Özü də köməksiz vəziyyətdə. 2 gündən sonra Ağdama yetişə biliblər: "Biz Xocalıdan 40-50 nəfərlik dəstə ilə çıxdıq. Ağdama 14 nəfərlə çatdıq. Qaynımı, qaynatamı, qaynanamı yolda plomyotla öldürdülər. Düz erməninin üstə gedirdik. Atışma düşəndə yarımız meşəyə qaçdıq. Gecənin düşməyini gözlədik. Gecə Kətik deyilən yerlə gedib birtəhər Ağdama çıxa bildik. Yol boyu meyidlər vardı. Bircə ona yanıram ki, 28 ildi intiqamımız alınmadı. Qiyamətə qalmasın, alınsın. Yanımda 2 yaşlı uşağa güllə dəydi, öldü. Heç kimə aman vermirdilər".

Xocalı sakini Eldar Məmmədov ağır-ağır danışır. Həmin gecəni xatırlamaq olduqca dəhşətlidir, deyir: " Fevralın 26-da  gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinləri dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm".

Qüdrət adlı Xocalı sakini 28 il əvvəl baş verən soyqırımın yaralarının hələ də sağalmadığını söyləyir. Bildirir ki, həmin gün erməni vandalizminin şahidi olmaqla dünyanın ən vəhşi etnosunun əməllərinə şahid olub: “Mən avtoqarajda mühafizəçi işləyirdim. 25-dən 26 keçən gecə Xankəndində yerləşən 366 alayının ağır zirehli texnkaları Xocalıya hücum etdi. 8 istiqamətdə şəhəri mühasirəyə aldılar. Gecə yaşıl fişəng atıldı. Ermənilər əvvəlcə Xocalı Aeroportunu ələ keçirdilər. İlk hücum zamanı şəhərdə yerləşən bütün evlər yandırıldı. Bununla bağlı poçt vasitəsilə Ağdam və Şuşaya məlumat versək də heç bir cavab ala bilmədik. Sakinlər məcbur olub gecə saat 1-də şəhəri tərk etməli oldu. Qarlı havada yaşlı insanlar, qadınlar, körpə uşaqlar meşə yolu ilə qaçmağa çalışırdı. Səhərisi gün gördüyümüz mənzərə bizi şoka saldı. Erməni cəlladları tərəfindən təhqir olunmuş meyitlər... (gözləri dolur). O mənzərəni gözümün önünə gətirə bilmirəm. Necə danışım?! Çox ağırdı o günləri xatırlamaq. İnsananların başı, qadınların döşləri kəsilmişdi. Körpə uşaqlar ağıla sığmaz dərəcədə öldürülmüşdü. Həmin gecə ailə üzvlərimdən 4 nəfər - iki qızım, bir oğlum və qardaşım şəhid oldu”.

Onlar danışıdıqca sakit dinləyə bilmirsən. Sual vermək də olmur. Hərə öz faciəsini danışır. Amma hamısı bizi türk və müsəlman olduğumuza görə qırdılar-deyirlər. Qisasın alınacağı günə ümid edirlər. Ordumuza və ali baş komandanımıza güvəndiklərini söyləyirlər.