Zəngilanan azadlığına ən çox onlar sevindi... - REPORTAJ

11:35 22.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 illik həsrət sona çatır. Sentyabr ayının 27-dən bu günə kimi, Azərbaycan əsgəri cəbhədə tarix yazır.

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz işğal altında olan Qarabağ və ətraf rayonları mənfur düşmənin əsarətindən azad edir. Bu gün hər kəs bir amalın ətafında birləşib. Cəbhədən gələcək xoş xəbərləri gözləyir. Demək olar ki, hər gün hansısa rayonumuz, kəndimiz azad edilir. Gələn xəbərlərə ən çox sevinənlər isə qaçqın və məcburi köçkünlədir.

İlk həmsöhbətimiz də əslən Zəngilan rayonundan olan məcburi köçkün Xavər Mahmudova oldu. O deyir ki, bu gün ad günüdür, doğum gününə ən gözəl hədiyyə isə ordumuzdan, Ali Baş Komandanımızdan gəldi:

“Zəngilan işğal ediləndə 23 yaşım var idi. Universiteti bitirib, doğma yurdumda təyinatla işə düzəlmişdim. Hər şey çox gözəl idi, ta ki o qara günə qədər  –  1990-cı il 29 oktyabradək. Həmin  günləri, çəkdiyimiz əziyyətləri xatırlamaq çox çətindir”.

Müsahibimiz müəllimdir, nitqi də kifayət qədər səlistdir. Bildirir ki, söhbət Zəngilandan, doğma-el obasından düşəndə gözləri dolur, dili topuq vurur: “Mən valideynlərimlə şəhərin özündə, Vaqif küçəsində yaşayırdıq. Zəngilanın füsunkar təbiətini sözlərlə ifadə edə bilmirəm. Düzdür, müəlliməm, tez-tez tədbirlərdə çıxış edirəm, düşüncələrimi ifadə etməkdə heç vaxt çətinlik çəkməmişəm. Dünəndən bu günə göz yaşlarım dayanmır, bu sevinci mənə və bütün Azərbaycana bəxş edən Prezidentimizə, ordumuza minnətdaram”.

Elə söhbətimiz zamanı da Xavər xanım göz yaşları ilə bizimlə öz sevincini bölüşür, şad xəbəri isə onu təbrik edən doğmalarından aldığını bildirdi: “Əslində, ordumuzun uğurlarını görüb inanırdım və gözləyirdim ki, tezliklə rayonumuzun da işğaldan azad edilməsi xəbəri gələcək. Elə də oldu. İlk olaraq qonşum zəng edib təbrik etdi, o an nə baş verdiyini bilmədim. Birdən-birə telefon zəngləri dayanmadı, dost-tanış hər kəs məni bu münasibətlə təbrik edirdi. Televizora baxmamışdım deyə, heç nədən xəbərim yox idi. Aldığım bir xəbər sayəsində 30 ildə çəkdiyim bütün əziyyətləri unutdum. İstəyirəm ki, bu möhtəşəm hissləri, torpaqları işğal altında olan, bütün həmvətənlərim də yaşasın”.

Müəllimə onu da qeyd etdi ki, hazırda qardaşı cəbhədə davam edən  döyüşlərin iştirakçısıdır. Bir qardaşı isə təqaüdə çıxmış hərbçidir.

Digər müsahibimiz – Elməddin Əliyev isə söyləyir ki, Zəngilandan çıxanda cəmi 6 yaşı olsa da, ora ilə bağlı yaddaşında gözəl xatirələri var:

“O vaxt 6 yaşım var idi, indi isə 35. O günləri xatırlamaq mənim üçün xeyli çətindir. Yaşım az olduğu üçün yadımda çox az şey qalıb. Zəngilanla bağlı xatırladığım ən gözəl məqamlardan biri çinar meşəsidir.  Düzü, biz şəhərin özündə yaşayırdıq. Anam isə Ləzdərə kəndindən idi. Hər dəfə ora gedəndə çinar ağaclarını görürdüm. Ora yadımda gözəl təbiəti, yaşıl meşələri ilə qalıb. Rayonumuza qayıdacağım günü səbirsizliklə gözləyirəm”.

Növbəti qəhrəmanımız Əhmədova Səidə də televizor qarşısında şad xəbəri gözləyən minlərlə azərbaycanlıdan biridir. Deyir ki, Zəngilanın işğaldan azad edildiyini eşidəndən bugünədək sevinc göz yaşları dayanmır. Gözəl xəbəri isə ilk anası ilə paylaşıb:

“Anam 4 il əvvəl rəhmətə gedib. Dünyasını dəyişdiyi günə qədər dilindən Zəngilanımızın, doğma el-obamızın adı düşmürdü. Çox istərdim ki, bu günləri o da görsün, amma qimət belə imiş. İndi əminəm ki, anamın ruhu şaddır”.

Səidə xanım deyir ki, Zəngilan deyəndə ağlına ilk gələn oradakı evləri və ucsuz-bucaqsız yaşıllıqlardır: “Deyirlər ki, kim harada, hansı rayonda doğulubsa, ora onun üçün daha gözəldir. Fikrimcə, Zəngilan həqiqətən çox möhtəşəm yerdir. 21 yaşıma qədər orada yaşamışam. Həmin illəri ömrümün ən gözəl dövrü hesab edirəm, həm uşaqlığım, həm də doğma yurdum. Ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapar. Biz də doğma Zəngilanımıza geri qayıdarıq”.

Biz də inanırıq ki, tezliklə işğalda olan bütün torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanacaq.

Yolumuz haqq yolu, şüarımız isə bəllidir: Qarabağ Azərbaycandır! Zəfər sənə çox yaraşır, Vətən!

Banu Hüseynli

Oxunma sayı 4876