“Çoxuşaqlı ailə” modeli sıradan çıxmaqdadır

09:21 22.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ailələrdə uşaqların sayı ilə bağlı müzakirə hər zaman aktual olub. Son illər isə Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı müzakirələr daha da aktuallaşıb. Ölkəmizdə “çoxuşaqlı ailə” modeli tədricən sıradan çıxmaqdadır.

On ildən çoxdur ki, müasir ailələr ya bir, ya iki uşaqla kifayətlənirlər. Hazırda 3-4 uşağı olan ailələrin sayı barmaqla sayılacaq qədərdir, 5-6 uşaqlı ailələrə isə nadir hallarda rast gəlinir.

Qeyd edək ki, sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilmişdi. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat  verilir.

Bəs görəsən, Azərbaycanda çoxuşaqlı ailə modelinin sıradan çıxmasına səbəb nədir? Ailədə xüsusilə tək övladın olmasının hansı mənfi və müsbət xüsusiyyətləri var?

Araşdırılmalara görə, tək uşaq olmanın həm üstünlükləri, həm də mənfi cəhətləri mövcuddur. Mütəxəssislər hesab edirlər ki, tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədiyi üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər. Lakin ümumilikdə, tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyillər. Əslində, uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Mütəxəssislər bildirirlər ki, tək uşağa özəlliklə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranmaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, sizin onu tək olduğu üçün qoruduğunuzu uşaq hiss edə bilər. Eyni zamanda, uşağa yaşına uyğun qaydalar qoymaq və bu qaydaları dayanıqlılıq içində tətbiq etmək lazımdır. Uşaq qaydalara əməl etsə, bunun xöşbəxtliyini yaşayacaq. Uşağın hər istədiyini həmin an etməyə çalışmayın. Lazımlı olduğunu düşündüyünüz istəklərini yerinə yetirin. İstəklərinin yaşına və sizin fikirlərinizə uyğun sərhədlərdə olmasını təmin edin. Üç yaşından sonra yaşıdlarıyla, ya da başqa uşaqlarla birlikdə oynamaları üçün fürsət yaradın. Bağçaya göndərmək imkanınız yoxdursa, uşaqlı ailələrlə görüşüb uşaqların bir yerdə olmasına, oyun oynamaqlarına, dostluq etmələri üçün vaxt ayırın. Edə biləcəyindən çox şey gözləməyin. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və ondakı müvəffəqiyyətsizlik qorxusu artar. Uşağa söz haqqı verin, amma bu, bütün qərarları uşağın verəcəyi haqqında düşüncə yaratmasın. Sizə uyğun alternativləri təklif edin, uşaq bu alternativlərinizdən birini seçsin. Bundan başqa, geyinmə, soyunma, yemək yemə, təmizlik kimi hər fürsətdə özunə baxmağına, qulluq etməsinə imkan yaradın. Çalışın ki, evdə məsuliyyətləri olsun, sizdən asılı olmadan öz ehtiyaclarını qarşılaması üçün dəstək verin.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova deyib ki, tək uşaqlı ailələrdə daha çox davranış pozuntusu müşahidə olunur. "Ona görə ki, onun nazı ilə həddindən artıq çox oynayırlar, onun hər istədiyini yerinə yetirirlər, nə varsa, onun üçün edirlər. Bu da təbii ki, bir şəxsiyyətin tam köklü formalaşmasında çox ciddi ziyanlar verir".

Onun fikrincə, bu gün çoxuşaqlı ailələrin az olmasının psixoloji səbəbi valideynlərin çox maksimalist olmaları ilə bağlıdır: “Məsələn, valideyn düşünür ki, bir övladım olsun, amma onu mükəmməl oxudum, mükəmməl yedizdirim, mükəmməl geyindirim düşüncəsi var. Düşünürlər ki, 3-4 övladı olarsa, onu mükəmməl şəkildə böyüdə bilmərəm. Bu mükəmməlliyyatçılıqda təbii ki, xarakterdən və həyat tərzindən irəli gəlir. Mükəmmilliyatçı insanlar hər şeyin ən yaxşısını istəyir. Bunlar ya olursa ən yaxşısı olsun, olmursa, heç olmasın düşüncəsində olan valideynlərdir. İnsan psixologiyası dəyişir. 20-30 il bundan əvvəlki valideynlər bu düşüncədə olmaya bilirdilər. Amma insan psixologiyası, dünyagörüşü, yanaşması dəyişdiyi üçün mükəmməlliyatçılığa doğru gedirlər. Bunun sonu da belə bir davranışlar sərgiləyir ki, bir uşağım olsun, amma hər şeyi olsun. Ona görə də ailələrdə çox uşaq istənilmir. Valideynlərdə belə bir qorxu da olur ki, birdən mən bir uşağın təhsilinə, geyiminə həddindən artıq fikir verərəm, amma o birinə edə bilmərəm. Əslində bu, yanlış düşüncədir. Maksimalist insanlar üçün ortamı qoruyub saxlaya bilmədikləri üçün onlarda ”3-4 uşaq arasında balansı qoruyub saxlaya bilmərəm" qorxusu olur. Buna görə də az uşaq olanda onlar özlərini psixoloji olaraq daha güvəndə hesab edirlər. Düşünürlər ki, bu ailənin bir uşağı var, onun üçün hər şeyi edib. O birinin 4 uşağı var, amma hamısına əl yetirə, yaxşı təhsil verə bilməyib. Mən də onun kimi bir uşağım olsun, hər şeyi olsun. Bu əslində psxioloji narahatlıq, güvənsizlikdir. Bunu çox insanlar maddiyyatla bağlayır, amma maddiyyatla əlaqəsi yoxdur. Maddi vəziyyəti elə də yaxşı olmayan ailələr var ki, onların hər şeyləri öz qaydasındadır, təhsilləri də, dünyagörüşləri də valideyn tərəfindən qorunub saxlanılıb".

V.Rzayevanın dediyinə görə, çoxuşaqlı ailələrin müsbət tərəfi birinci növbədə uşaqların məğlubiyyəti qəbul etməyi bacarmasıdır: "Nümunə olaraq sonbeşik uşaq böyük qardaş-bacıdan gözəl nümunələr, gözəl davranışlar götürə bilir. Və yaxud, onlarda qısqanclıq problemləri də olur. Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar cəmiyyətə də gözəl şəkildə adpatasiya ola bilirlər. Cəmiyyətdə ünsiyyət problemləri olmur. Ailədə tək uşağın isə hər zaman ünsiyyət problemi olur".

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, əhali artımında müşahidə olunan tendensiyalar dünyanın ən qlobal problemlərindən biridir: “Artıq ötən əsərin 60-cı illərindən başlayaraq bir çox beynəlxalq təşkilatlar, qərb ölkələri həyəcan siqnalı verməkdədirlər ki, Avropada əhali getdikcə azalır, digər, o cümlədən Afrikada isə əksinə, artır. Bunun iki qorxulu tərəfi görünür. Onun bir tərəfi budur ki, yer üzündə əhali sürətlə artır və onların yaşayışı üçün resurslar artıq çatmayacaq. Digər tərəfi isə ondan ibarətdir ki, qərb düşüncəsinin daşıyıcıları azalacaq və Avropanın əldə etdiyi nailiyyətlə dağılacaq. Bunun hər ikisində həqiqət var. Buna görə də bütün ölkələrdə əhali artımı beynəlxalq təşkilatların, güc mərkəzlərinin nəzarəti altındadır. Onlar istəmirlər ki, kiçik dövlətlərdə, Afrikada əhalinin artması sürətlənsin. Bunun üçün də müxtəlif üsullarla əhali artımının qarşısını almağa çalışırlar. Bunun da yollarından biri müharibələrdir. Digər yolu isə müxtəlif silsilə layihələrin həyata keçirilməsi, maarifləndirilmədir. Əgər sovet dönəmini yada salsaq, Azərbaycanda 60-cı illərin ortalarında hər ailəyə 5 uşaq düşürdü, hər ay “Kommunist” qəzetində bir “Qəhrəman ana” haqqında yazılar dərc olunurdu. İndi vəziyyətin bu cür olmasında həmin beynəlxalq aləmdə baş verən proseslərdir ki, bu da öz güclü təsirini göstərir. Təbii ki, ailədə tək övladın olması arzuolunan deyil. Çünki ailədə uşaq yeganə olanda ən əsası ölkədə əhali artımı getdikcə azalır. Məlum olduğu kimi, hər insan evlənə və yaxud iki uşaq sahibi ola bilmir, bu da əhali artımına təsir göstərir. Eyni zamanda tək uşağın olmasının psixoloji tərəfləri olur. Belə ki, tək olanda, ailədə onun tay-tuşu uşaqlar deyil, ata-ana, nənə-baba olur. Bu zaman uşaq eqoist böyüyür. Ən arzuolunan hal odur ki, ailədə 3 uşaq olsun”.

Onun fikrincə, bu məsələdə ailələrin işinə müdaxilə etmək də doğru deyil: “Bununla bağlı BMT-nin bəyanatı da var. Həmin bəyanatda bildirilir ki, heç bir dövlətə və yaxud ailəyə uşaqların sayı neçə olsun kimi təsirlər edilə bilməz. Uşaqların sayı o qədər olsun ki, onlar keyfiyyətli böyüsün. Əslində bu doğru fikirdir. Bizə gərəkli deyil ki, ailədə 10 uşaq olsun və onlardan kimsə xəstə və yaxud savadsız olsun. Ondansa az olsun, amma keyfiyyətli olsun. Bir daha qeyd edirəm ki, ən arzuolunanı budur ki, ailədə 3 uşaq olsun. Bu istiqamətdə işlər getməli, ailələrə köməklik göstərilməlidir ki, həmin uşaqlar keyfiyyətli böyüsün".

Oxunma sayı 249