“Ermənilərin bütün mövqeləri müşahidə altındadır” - Ekspert

14:29 10.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Laçın dəhlizi ətrafında yerləşən kəndlərdə qeyri-qanuni məskunlaşan ermənilər rayonu boşaldır. Bu proses Azərbaycan hərbi qüvvələrinin erməni təxribatlarına əks-cavab olaraq həyata keçirdiyi “Qisas” əməliyyatı ilə daha aktiv fazaya keçib. “Qisas” əməliyyatında Laçının “Qırxqız”, “Bozluq”, “Sarıbaba”  yüksəkliklərinin Azərbaycanın nəzarətinə keçməsi mühüm strateji əhəmiyyətə malik hadisə kimi qeyd olunmaqla, əsas hədəflərə çatmaq üçün yüksək nəticə kimi dəyərləndirilir. Məsələyə hərbi müstəvidə yanaşsaq, məlum strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsinin hansı əhəmiyyəti var?

Hərbi ekspert Elxan Şıxəliyev “Qisas” əməliyyatının uğurlarını bir neçə istiqamətdə qiymətləndirib.

“Birinci əsas məqam “Qisas” əməliyyatında Şəhid olmuş əsgərimizin qisasının misli ilə alınmasıdır. İkincisi, Qarabağ ərazisində hakim yüksəkliklərin Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülməsidir”. 

Hərbi ekspert qeyd edir ki, “Qırxqız”, “Bozluq”,  “Sarıbaba” – Qarabağ ərazilərində yerləşən sülhməramlı qüvvələrin nəzarətində olan bölgədə strateji yüksəkliklər olaraq qiymətləndirilir. Onun fikrincə, əsasən, əməliyyatlar zonasında və gələcəkdə aparılacaq antiterror hərəkətləri kimin üstün olduğunu bu yüksəkliklərin kimin nəzarətində olması ilə müəyyən edilir. 

“Adıçəkilən yüksəkliklər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldükdən sonra, 360 dərəcə perimetrdə  Ermənistanın silahlı qüvvələrinin, qeyri-qanuni hərbi birləşmələrinin bütün hərəkətləri nəzarət altına düşmüş olur.  Bu o deməkdir ki, bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq. Birincisi,  vizual olaraq əraziləri müşahidə altında saxlamaq, ikincisi, lazım olduğu təqdirdə strateji yüksəklikdən əraziləri atəş altında saxlamaq mümkündür. Dolayısı bu ərazilərdə dəniz səviyyəsindən 1500-3000 metr arasında olan bütün strateji yüksəkliklərin hərbçilərimizin nəzarətinə keçməsi o deməkdir ki, gələcəkdə mümkün ola biləcək antiterror əməliyyatlarını və qeyri-qanuni  birləşmələrin atacağı addımların qarşısı alınmış olacaq.  Digər  məsələ ondan ibarətdir ki,  bu yüksəkliklər təzə çəkilən Laçın dəhlizinin yeni yol infrasturkturunda hərəkət edəcək bütün prosesi nəzarətə götürəcək. Ən azı, hərbi texnikanın, hərbçilərin ərazilərimizə daxil olub-çıxması, vizual qaydada nəzarət, müşahidə və atəş altında saxlanılacaq.  Düşünürəm,  bölgədəki taktiki yüksəkliklər nəzarətimizdə olarsa,  erməni qeyri-qanuni birləşmələri bir az sonra bölgədən çıxmaq haqqında düşünəcəklər.  İstənilən halda ermənilərin bütün hərəkətləri və mövqeləri atəş altında, müşahidə altında saxlanıla biləcək. Bu müşahidə altında erməni silahlı qüvvələri açıq hədəfə çevriləcəklər”. 

E.Şıxəliyev bu mənada hesab edir ki, strateji yüksəkliklərin ələ keçirilməsi çox böyük uğurdur. Onun sözlərinə görə, strateji yüksəkliklərin ələ keçirilməsindən sonrakı mərhələdə Ermənistana və qeyri-qanuni hərbi birləşmələrin rəhbərliyinə verilən ən böyük mesaj ondan ibarətdir ki, sülhməramlı qüvvələr Azərbaycanı lazım olan addımı atmaqdan çəkindirməyəcək. 

“Biz ermənilərə mesaj verdik ki, siyasi, hərbi iradəmiz ortaya qoyulanda bizi Rusiya sülhməramlıları dayandıra bilməyəcək.  Əslində, Qarabağ ərazisində bundansonrakı vəziyyəti bizim verdiyimiz mesaj həll edəcək. Ermənilər bu günədək  düşünürdülər ki, sülhməramlılar varsa, Qarabağ ərazisində rəva bildikləri hərəkətləri edə bilərlər. Hətta bizim əsgəri Şəhid edə biləcək cəsarətə də sahiblənmişdilər. Əslində, bu cəsarəti onlara Rusiya sülhməramlıları verirdi. Biz erməni ordusunun müharibədənsonrakı vəziyyətini bilirik”.

E.Şıxəliyev bildirir ki, “Qisas” əməliyyatından sonra bu coğrafiyada ermənilər, qeyri-qanuni birləşmələr, qondarma rejim Ermənistanın siyasi-hərbi rəhbərliyi özlərinə düzən verəcəklər. O, hesab edir ki, ermənilər Azərbaycanın bu bölgədə strateji istəkləri nədirsə, ona doğru meyillənməyə məcbur olacaqlar.

Oxunma sayı 165
Gündəm rubrikasından digər xəbərlər