"Ağdam və mən" - teleməkanın ən populyar layihələrindən biridir - Səadət Məmmədova

13:14 23.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ağdamın və digər rayonların işğal tarixi artıq yoxdur, amma işğalın izləri bütün Qarabağda var

Bu gün Azərbaycan Milli Mətbuat Gününü qeyd edir. Sabah isə tarixinə qara  yazılan 23 iyul – Ağdamın işğal gününü zəfərin ağ rəngi ilə  pozub həyatına yeni rəng qatacaq. Onun yeni həyatını qələmə alan, yeni rəsmini çəkənlər, filmlər hazırlayan yaradıcı Azərbaycan insanı Vətənin gözəlləşməsi üçün əlindən gələni əsirgəməyəcək. Bu prosesdə media və media adamlarının xüsusilə rolu var. Belə qələm sahiblərindən biri də jurnalist Səadət Məmmədovadır. 25 illik mətbuat ömrü yaşayan Səadət xanım Ağdamsız keçən günlərə Azərbaycanın Müzəffər Ordusunun düşmən üzərində əldə etdiyi Zəfərin gözü ilə baxacaq. Bu barədə “Həftə içi”nə müsahibə verən həmkarımız maraqlı fikirlər söyləyib.

- Səadət xanım, Mətbuat Gününü qeyd etdik. Builki günümüz həm media, həm də cəmiyyətimizdə necə qeyd olunur? Mətbuatımız bu il hansı tarixi hadisəni qeyd edir?

- Azərbaycan mətbuatı 146-cı ilini "QARABAĞ"la qeyd edir. Ən böyük fərq məhz budur. 44 günlük Vətən müharibəsi və möhtəşəm zəfər mediaya da yeni nəfəs verdi. Eyni zamanda Böyük Qələbə, Qarabağa qayıdış mənim də jurnalist kimi sanki ikinci nəfəsimin açılmasına ilham verdi.

- Bu gün də artıq tarixə qovuşan Ağdamın işğal günüdür. Azadlığına qovuşan Ağdam var. Bu işğal gününü yadda saxlamaq, erməni vəhşiliyiniı dünyaya tanıtmaq üçün media olaraq hansı addımları atmaqda davam etməliyik? İşğal tarixi necə xatırlanmalı, təbliğ olunmalıdır?

- İllərlə arzuladığım, xəyalını qurduğum layihəni həyata keçirirəm - doğulduğum və 27 il həsrətini çəkdiyim Ağdam haqqıda sənədli filmlər hazırlayıram. Mən məhz bu günlər üçün jurnalist peşəsini seçmişdim. Jurnalist olmaq qərarını verəndə, artıq 1 il idi məcburi köçkün idim və bu peşəni seçəndə ürəyimin dərinliyində arzu tutmuşdum ki, kaş ömür imkan versin,  mən də jurnalist kimi Qarabağ uğrunda döyüşüm. 25 ilədək informasiya cəbhəsində əlimdən gələn qədər bu döyüşü apardım, şanlı 44 gündə bir telekanalda xəbər direktoru vəzifəsində çalışaraq informasiya cəbhəsində vuruşdum. Qələbə qazanılandan sonra isə azad Qarabağdan verilişlər hazırlayıram.

- Uzun illər İşğal altında qalan Ağdam və sonradan işğaldan azad olunmuş Ağdam. Öz filmlərinizdə bu iki həyatı hansı məqamda bir araya gətirib o həsrətliləri necə qovuşdura bildiniz? Bu filmlərin çəkilməsində məqsəd, ideya nədir?

-"Ağdam və mən" qısa müddətdə teleməkanın ən populyar layihələrindən birinə çevrilib. Bu verilişlər silsiləsi ilə Ağdam sakinlərini öz doğma evlərinə aparır, xatirələrinə qaytarır, ata yurdu ilə görüşdürürük. Bu gün - iyulun 23-də verilişin yeni bölümü ATV kanalında efirə veriləcək. Məhz bu tarix üçün hazırladığım veriliş I Qarabağ müharibəsi zamanı Ağdamdakı qanlı-qadalı hadisələrdən bəhs edir. Müharibənin dərin yaralarını qəlbində daşıyan qəhrəmanlarım bu gün doğma torpağa ayaq basmağın, həsrətin bitməsinin sevincini yaşayırlar. Ağdamın və digər rayonların işğal tarixi artıq yoxdur, amma işğalın izləri bütün Qarabağda var. Bu izləri saxlamalı və bütün dünyaya göstərməliyik ki, necə bir düşmənlə vuruşduğumuzu bəşəriyyət görsün. Ağdamda planlaşdırdığım çəkilişlər yekunlaşandan sonra gələcəkdə işğaldan azad olunan digər bölgələrdən də filmlər hazırlmaq niyyətim var.

Oxunma sayı 284