"Ağıllı kənd" - ölkəmiz üçün yeni təcrübə - ARAŞDIRMA  

12:32 18.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri çərçivəsində yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan bir neçə diqqət çəkən layihənin əsası qoyuldu. Onlardan biri də Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsidir. Verilən məlumata görə, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Hazırda bir milyondan artıq soydaşımız öz el-obasına, kəndlərinə qayıtmağı səbirsizliklə gözləyir. İndi onları bir sual daha çox maraqlandırır. Qayıdış prosesi zamanı onların əvvəlki kəndlərinin və şəhərlərinin, mülkiyyətlərində olan ərazilərin gələcək taleyi necə olacaq: «Ağıllı kənd» və «ağıllı şəhər» layihələri, onlara hansı üstünlükləri verəcək? Ümumiyyətlə, apardığımız kiçik sorğu məhz həmin ərazilərdə məskunlaşacaq kənd sakinlərinin «ağıllı kənd» layihəsinin mahiyyəti barədə çox az təsəvvürə malik olduğunu göstərir. Bunu nəzərə alaraq «ağıllı kənd» anlayışı və onun üstünlərini araşdırmağa qərar verdik.

«Ağıllı kənd» nə deməkdir?

Ağıllı kənd platforması texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çoxtərəfli təşəbbüsdür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir.

Beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. Ağıllı kənd texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin “smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.

Qeyd edək ki, Azərbaycanın artıq ağıllı kənd layihəsi ilə bağlı təcrübəsi mövcuddur. Belə ki, hələ 2018-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan «Ağıllı Kənd» layihəsi təqdim edilmişdi.

«Ağıllı kənd» layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir. Azərbaycanda bu ideyanın müəllifi və bunu reallaşdıracaq orqan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidir. Xidmətin rəisi Mirzə Əliyev hələ o zaman mətbuata açıqlamasında bildirmişdi ki, bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var.

Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır: «Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də çıxışı olsun».

«Ağıllı kənd» layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır. Yəni, məsələn, “ASAN Xidmət”in göstərdiyi xidmətlər kənd yerlərində də olsun. «Bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. Bura 3 əsas komponent aiddir. Birincisi, ağıllı infrastruktur və xidmətlər, ikincisi, ağıllı təsərrüfat və biznes, üçüncüsü, ağıllı dövlət idarəçiliyi»-deyə Xidmət rəhbəri bildirir.

Dünya təcrübəsi

Hazırda dünyada kənd təsərrüfatı məhsullarının istehsalındakı çatışmazlığını əngəlləmək, kəndlərin boşalmasının qarşısını almaq üçün «ağıllı kənd» - Smart Village layihəsindən geniş istifadə olunur. Xüsusilə də bu təcrübə Avropada daha geniş yayılıb. Səbəb isə mənfi demoqrafik artım nəticəsində kəndlərin sürətlə boşalmasıdır. Gəlin bir qədər də Avropanın və dünyanın bu sahədəki təcrübələrinə nəzər yetirək.

Bu gün Avropada Smart Village layihəsindən daha çox Şotlandiyada istifadə olunur. Bu proqramla bağlı xüsusi platforma da yaradılıb. «Smart Village Scotland» platformasının məqsədi ondan ibarətdir ki, Şotlandiyadakı kənd ərazilərində böyük şəhərlərdəki texnollogiyaların tətbiqi sayəsində ağıllı kəndlərin sürətli inkişafına təkan verilsin. Platforma çərçivəsində ağıllı kəndlərdə yerli biznes və sosial fəallığın artırılması məqsədi ilə xüsusi veb-səhifə də yaradılıb. «Smart Village Scotland» platforması hökumətin rəqəmsal dünyada Şotlandiyanın bütün potensialından yararlanmaq hədəfləri nəzərə alınaraq «Digital Scotland» tərəfindən biznes layihəsi kimi yardılıb.

Hələ 2017-ci ildə İsveçdə 140 evdən ibarət Simris kəndi özünün enerjiyə olan tələbatını yalnız bərpa olunan təbii mənbələr hesabına ödəməyə başlayıb. Burada 440 kilvatlıq günəş, 500 kilovatlıq isə külək-elektrik stansiyaları quraşdırılıb. Enerjinin davamlı təminini isə 800 kilovat gücündə olan toplayıcı blok təmin edəcək. Bu layihə Avropada həyata keçirilən və yüksək texnologiyalı lokal enerji sistemlərinin yaradılmasını hədəfləyən Interflex layihəsinin tərkib hissəsidir. Əsas məqsəd kənd sakinlərinin elektrik təminatında heç bir çətinlik çəkməməsi və ənənəvi enerji təminatı sistemi ilə müqayisədə çatışmazlıqların yaşanmamasıdır. Kənd sakinləri tətbiq edilən ağıllı sistem sayəsində real vaxtda şirkətin saytına daxil olaraq real zaman kəsiyində istehsal edilən enerjinin miqdarı və tələbat səviyyəsini, batareyaların vəziyyəti ilə tanış ola biləcəklər.

«Doğru texnika və intellektual qərarlarla biz bu gün dünyaya göstərdik ki, gələcəkdə mərkəzləşdirilməmiş, bərpa edilən və eyni zamanda, komfortlu enerji təminatının yaradılması mümkündür» - layihəni reallaşdıran E.ON şirkətinin prezidenti Leonard Birnbaum deyib. Təbii ki, kənd regional sistemdən də tam ayrılmayıb. Hansısa fövqəladə vəziyyətlərdə regional sistemə də qoşularaq enerji təminatını bərpa etmək mümkündür. Bu təcrübədən Danimarkanın Fur adasında da istifadə olunub. Burada da «ağıllı şəbəkə» vasitəsilə sakinlərin enerji sistemləri Günəş elektrik stansiyasına bağlanılıb.

Türkiyədə «Vodafon»un dəstəyi ilə «Ağıllı köy» layihəsi var. Qazaxıstanda «Villic Qazaxıstan» layihəsi, Ruandada «Smart villic» proyekti, Ukraynada «Avtonom ağıllı kənd» layihəsi var.

Hindistanda «Microcoft»un dəstəyi ilə yaradılan böyük bir layihə isə elə bir yerdədir ki, orada heç mobil rabitə də yoxdur, yalnız xüsusi texnologiya ilə burada yüksək sürətli internet işləyir».

«Ağıllı kənd»lərdə yüksək sürətli internet, e-sağlamlıq sistemi – hansı ki, 36 növ analizin cavabını 10 dəqiqəyə bildirir - vətəndaşlara elektron xidmətlər göstərilir, elektron sinif var, biometrik pasportlar verilir. «Ağıllı kənd»lərdə həm də dərman satan ATM əczaxana yayılıb.

Almaniyada «Ağıllı kənd» layihəsi 4 yerdə reallaşdırılır. Bunlardan ən böyüyü Eysenberq şəhərindədir. Burada ağıllı ticarət və logistika, ağıllı enerji üsullarından istifadə edilir.

Finlandiyada, Laplandiyada isə elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf edib. Məsələn, Laplandiyada mobil telefonlar üçün belə bir tətbiq yaradılıb ki, şəhərə getmək istəyən şəxs bu proqrama daxil olur və görür ki, sabah şəhərə kim gedəcək və maşında neçə boş yer var.

Azərbaycan "ağıllı kəndlər" in yaradılmasında dünya liderinə çevrilə bilər

Bu ideyanın reallaşdırılması istiqamətində əslində hökumət səviyyəsində çoxdan müəyyən fikirlər var idi. Səsləndirilən bəyanatlar və hazırlanan layihələr hələ bir neçə il əvvəldən dünyanın aparıcı maliyyə qurumlarının diqqətini cəlb etmişdi.

Azərbaycan "ağıllı kəndlər" in yaradılmasında dünya liderinə çevrilə bilər. Bu fikirləri hələ 2018-ci ildə Dünya Bankının (DB) Yaxın Şərq və Şimali Afrika bölgəsi üzrə Davamlı İnkişaf Departamentinin məsləhətçisi Tara Şərafuddin demişdi. Onun sözlərinə görə, "ağıllı kəndlər"in yaradılması çox vacib bir addımdır və Azərbaycan bu istiqamətdə fəal iş aparır:

"Bu cür layihələr əkinçiliyin qiymətinə təsir edən rəqəmsal texnologiyalara keçidin sürətləndirilməsinə imkan verir. Nəzərə alınmalıdır ki, ağıllı kəndlər ağıllı şəhərlərdən uzaq ola bilməz, çünki lazımi infrastrukturdan istifadə etməlidirlər". DB eksperti, həmçinin bildirib ki, "Ağıllı kəndlər”də Günəş enerjisindən və müxtəlif yeniliklərdən istifadə vacibdir:

"Kəndlərdə rəqəmsallaşmaya necə nail olmaq olar? Verilənlər bazası yaratmaq və ağıllı rabitədən istifadə etmək lazımdır. Bundan əlavə, həm dövlət, həm də özəl sektorun marağı lazımdır».

Bu gün ölkəmizdə kəndlərlə şəhərlər arasındakı fərqi görmək o qədər də çətin deyil əslində. İstər rayon mərkəzləri, istərsə də iri şəhərlərdə təhsil, səhiyyə, sosial infrastruktur, internet və rabitə təminatı, elektrik sistemi və s. sahələr üzrə ciddi fərqlər mövcuddur. Məsələn, pandemiya şəraitində kəndlərdə təhsil alan uşaqların distant təhsilə çıxış imkanlarının nə dərəcədə zəif olduğu üzə çıxdı. Halbuki, kənddə yaşayan valideynlər də övladlarının musiqi, dil kurslarına, şahmat məktəblərinə getməsini istəyir. Reallıq isə bu istəklərin həyata keçməsinin qarşısını alır. Avropada bu problemlər ən ucqar kəndlərdə belə yüksək keyfıiyyətli distant təhsil sisteminin yaradılması ilə həll olunub. Səhiyyə ilə bağlı çatışmazlıqlara gldikdə isə Avropada «ağıllı kəndlər»də bu problem xüsusi «smart boks»lar vasitəsilə həll edilib. Bu qurğular kiçik kabinetlərdir, adətən, təkərli olur, yəni avtomobilin üstünə quraşdırılır. Burada qan verməklə 30-dan artıq analizin nəticəsini 1 saata öyrənmək olar. Bu analizin nəticələri təkcə kənd sakininin özünə deyil, həm də rayon mərkəzində qurulan xüsusi mərkəzə də ötürülür. Nəticədə, kənd sakinləri analizi bildikdən sonra elə bu «smart-boks»da canlı olaraq həkimdən sorğu-sual edib konsultasiya ala bilərlər. Kənd yerlərində «e-səhiyyə sistemi»nin yaradılması bu sahədəki problemlərə də son qoya bilər.

İqtisadi səmərəlilik

Təbii ki, həi bir layihənin məqsədi orada yaşayan insanların iqtisadi gəlirlərinin artmasına daha səmərəli şərat yaratmaqdır. «Ağıllı kənd» layihəsi, əslində, bu istiqamətdə geniş imkanlar açır. Məsələn, bu gün ölkəmizdə kənd təsərrüfatı sistemində ən böyük problemlərdən biri istehsal olunan məhsulların satış bazarının təşkili ilə bağlıdır. Bu layişhələrin reallaşması sözügedən problemlərin aradan qaldırılmasına da yardımçı olacaq. Hazırda Kənd Təsərrüfatı Nazirliyi xətti ilə ilə onlayn satış sistemi təşkil edilib. Bu layihənin hər bir kənd üzrə sistemli şəkildə genişləndirilməsi səmərəliliyi daha da artıra bilər. Elə infrastruktur qurulmalıdır ki, şəhərdə olduğu kimi, kənddə də bazara çıxış mümkün olsun. Bunun üçün əsasən elektron platformalarından istifadə edilir. Bunlar Amazon və ya Alibaba kimi platformadır. Avropada hazırda çalışırlar elə sistemlər yaratsınlar ki, insanlar məhsullarını yoxlama və attestasyalardan onlayn keçirə bilsinlər. Yəni internetlə sertifikat ala bilsinlər. Kənd sakinlərinin bank xidmətlərinə rahat çıxış olmalıdır. Məsələn, kənd sakininin kartı yoxdur, amma onlar bankomat vasitəsilə kodla nağd pul verən xidmətdən istifadə edə bilərlər. Bundan başqa elektron ödənişlər və sair də inkişaf etdirilməlidir.

Ekspertlər də bildirir ki, «Ağıllı kənd» layihəsində adı keçən «Ağıllı dövlət idarəçiliyi»nin kökündə vətəndaşın vaxtına və resurslarına qənaət dayanır. Bu o deməkdir ki, kəndlilərin rayon mərkəzinə gələrək ala biləcəyi xidmətlərin bir çoxunu kənd yerlərində elektron sistem vasitəsilə almaq mümkün olsun. Məsələn, pensiyaçı pensiya kartı almalıdır. Qanuna görə, bu kart həmin şəxsə identifikasiya olunandan sonra (yəni şəxsin doğrudan da kartın sahibi olduğu təsdiqlənəndən sonra) verilə bilər. Bugünkü texnologiyalar imkan verir ki, bu məsələ həll edilsin. Belə ki, indi dünyada üztanıma funksiyasına malik olan bankomatar var. İnsanlar bunun vasitəsilə və şəxsiyyət vəsiqələrini təqdim etməklə bankomatdan kartlarını ala bilərlər.

Ekspertlərin hesablamalarına görə, Azərbaycanda bir rayonda «Ağıllı kənd» yaratmaq 4-5 milyon manata başa gələcək.

Vahid Əhmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü:

- Bu layihə bir rayonla kifayətlənməyəcək və kifayətlənmək də lazım deyil. Bu, bütün rayonlarda həyata keçiriləcək və keçirilməlidir. Sürətli tikinti işləri həyata keçirilməlidir ki, biz qısa müddətdə - heç olmasa, 2 il müddətində həmin ərazilərdə yaşayış üçün müəyyən şəraiti yaradaq. Azad olunmuş bütün kənd və rayonlarımızda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün çox böyük məbləğdə vəsait lazımdır. Söhbət 1-2 milyarddan getmir. Burada 10 milyarddan yuxarı vəsaitdən söhbət gedir. Ermənilər o kəndləri, şəhərləri faktiki olaraq tamamilə məhv ediblər. Hər şey sıfırdan başlanmalıdır. Öncə ərazilər minalardan təmizlənməli, sonra kütləvi tikinti-quruculuq işləri həyata keçirilməlidir. İşlər bütün rayonlarda paralel olaraq aparılmalıdır. İnsanların bəzilərində ”Ağıllı kənd" layihəsi nə deməkdir?" kimi fikirlərə rast gəlinir. “Ağıllı kənd” müasir tələblərə cavab verən, faktiki şəhər statusuna yaxın kənddir. Şəhərtipli kəndlər və qəsəbələrdən söhbət gedir. Cənab Prezident deyib ki, biz Qarabağı elə tikib qurmalıyıq, o heç də bizim digər mərkəzi şəhərlərimizdən fərqlənməsin, nümunə olsun.

Natiq Cəfərli, iqtisadçı ekspert:

"Ağıllı kənd” layihəsinin həyata keçirilməsi üçün ümumi bir konsepsiya qurulmalıdır. Bu layihənin konsepsiyası ondan ibarətdir ki, yaşayış massivlərində yaşayış üçün saxlanılan alt yapı bir-birini tamamlayır. Birincisi, alternativ enerjidən istifadə olunur. İkincisi, bütün xidmətlər onlayın qaydada keçirilir. Bunun üçün çox güclü internet xətləri lazımdır ki, bunlar bir-birini tamamlasın. Üçüncüsü, kənd təsərrüfatnda artıq əl əməyindən yox, daha çox yeni texnologiyalardan istifadə olunmalıdır. Məsələn, indi kənd təsərrüfatında dərmanlama dronlarla həyata keçirilir. İnsansız kompüterdən idarə edilən traktor və kombaynlardan istifadə olunur. Bunlar bir mərkəzdən idarə edilir. Məsələn, bir kənddə 100 nəfər fermer var, onların hərəsinin ayrı-ayrı traktor almasına ehtiyac qalmır. Bir mərkəzdən idarə olunur. Bir-birinə dəstək göstəriləcək şəkildə həyata keçirilir. Bu kommunalardır. Məsələn, bu, İsraildə ən çox yayılmış idarəetmə formalarından biridir və çox böyük effekt verir. Və İsrailin təbii şəraitinin pis olmasına baxmayaraq, kənd təsərrüfatındakı məhsuldarlıq dünyada ən yüksək səviyyələrdən biridir, çünki ağıllı texnologiyalardan istifadə edirlər. Suvarma sistemindən tutmuş, torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış və bir məkrəzdən idarə olunan və bütün icma üzvlərinin birgə idarə etdiyi bir sistemdir. Bunu həyata keçirmək üçün alt yapıya ehtiyac olacaq. Elektrik və internet kəsintisiz olmalıdır, icmanın idarə olunmasında bələdiyyələrin gücü və səlahiyyəti artırılmalıdır. Bu layihənin həyata keçirilməsində ən başlıca məsələlərdən biri də münasibətin dəyişməsidir. Bu, çox vacibdir. Bizdə kənd təsərrüfatı daha çox əl əməyinə əsaslanır və işçi qüvvəsi, yəni, iş yerlərinin yaradılması mərkəzi kimi baxırlar, bu isə doğru yanaşma deyildir.

Oxunma sayı 950