Əfqanıstandakı İslam Əmirliyi hökumətinin sözçüsü Zabihullah Mücahid Pakistanın əfqan qaçqınlara qarşı davranışının qəbuledilməz olduğunu deyib və İslamabadı qaçqınlarla bağlı planını yenidən nəzərdən keçirməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, İslamabad administrasiyası ölkədəki "qeyri-qanuni" mühacirlərin geri göndəriləcəyini və mal-mülkülərinin müsadirə ediləcəyini açıqlayıb. Mücahid açıqlamasında "Əfqan qaçqınlar Pakistanın təhlükəsizliyinə təhdid yaratmır" deyib və əlavə edib ki, Pakistan rəhbərliyi onlara qarşı dözümlü davranmalıdır.
Pakistan hökumətinin açıqlamasında, 1,73 milyon əfqan da daxil olmaqla, bütün "qanunsuz" immiqrantların ölkədən zorla çıxarılacağı bildirilib.
İslamabad administrasiyasının bəyanatı qonşu Əfqanıstanla Durand xəttində baş verən qarşıdurmalardan və gərgin prosesdən sonra verilib.
Pakistanın daxili işlər naziri Sərfraz Buqti əfqan qaçqınlara ölkəni tərk etmələri üçün noyabrın 1-dək vaxt verdiklərini açıqlayıb və bu il ölkədə baş verən 24 bombalı hücumdan 14-nün Əfqanıstan vətəndaşları tərəfindən həyata keçirildiyini iddia edib.
Buqti, təxminən 1,73 milyon nəfəri qeyri-qanuni olmaqla, ümumilikdə 4,4 milyon əfqan qaçqının Pakistanda yaşadığını bildirib.
“Reuters”in məlumatına görə, Buqti “Əfqanıstan ərazisindən hücuma məruz qaldığımıza və Əfqanıstan vətəndaşlarının bizə qarşı hücumlarda iştirak etdiyinə heç bir şübhə yoxdur” deyərək, bu mövzuda əllərində dəlillər olduğunu bildirib.