"İranda səfirliyimizə terror hücumuna məntiqlə və rasional yanaşanda, son vaxtlar baş verənlər fonunda və İran səfirinin növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi ilə görüşü prizmasından baxanda, bu hadisə İranın marağında olmamalı idi. Bu məntiqdən çıxış edənlər burada üçüncü qüvvəni axtara bilərlər".
Hafta.az-ın yazdığına görə, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini, siyasi ekspert Fuad Çıraqov deyib. O qeyd edib ki, amma məsələyə münasibət bildirməkdə tələsmək lazım deyil. Çünki son bir ildə İranın daha böyük qeyri-rasional hərəkəti üzə çıxıb.
"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ və Qərb ölkələri tezliklə İranla nüvə sazişini bərpa edərək bu ölkənin enerji resurslarını dünya bazarlarına çıxarmaq və Rusiya neftini əvəzləmək üçün tələsdilər. Əvvəlcə bu razılığa çox yaxın olanda Rusiya mane oldu. Rusiya neftini əvəzləmək üçün Bayden Səudiyyə Ərəbistanına Məhəmməd bin Salmanın ayağına getməyə də məcbur oldu. Səudiyyə Krallığı vəliəhdi Baydenə "yox" dedi. Çünki, Bayden administrasiyası hakimiyyətə gələn kimi açıq şəkildə demişdi ki, şahzədini saymayacaqlar, onunla komunikasiyaya girməyəcəklər, ümumiyyətlə o, ABŞ üçün yoxdur. İranla da bu gün - sabah razılığa gəlinirdi deyəndə, İran öz dronlarını və silahlarını Rusiyaya verdi, beləliklə danışıqların perspektivi alt-üst oldu. Halbuki, razılıq üçün hər cür şərait vardı, Bayden administrasiyasında İran heyranlarını bir-bir sadalamaq olar. Qısa müddətdə İran sanksiyalardan və ağır iqtisadi vəziyyətdən çıxa bilərdi, amma etmədilər. Niyə etmədilər və nə üçün alınmadı Qərblə razılıq? Ona görə də bu terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır", - politoloq deyib.