1 milyon immiqrant getdi, xadimənin maaşı min dollara qalxdı

09:40 20.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər Rusiyanın immiqrasiya siyasətlərinin sərtləşdirilməsi ilə təmizlik sektorunda çalışan Orta Asiyadan olan işçilərin sayında ciddi azalma müşahidə olunur.

Hafta.az-ın “Moskovskiy Komsomolets”ə istinadən yazdığına görə, xüsusilə Özbəkistan, Tacikistan və Qırğızıstandan olan işçilərin geri qayıtması sektorda böyük uçurum yaradıb. Bildirilir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında təxminən bir milyon immiqrant Rusiyanı tərk edib. Bu da təmizlik xidmətlərinin qiymətlərinin qalxmasına səbəb olub.

Sektordakı işçi çatışmazlığını doldurmaq üçün indi BRİCS ölkələrindən gələn işçilərin sayının artmasına arxalanır. Ekspertlər Hindistan və Filippin kimi ölkələrdən təmizlik işçilərinə tələbatın artacağı qənaətindədir. Bununla belə, dil maneələri və mədəni fərqlər bu işçilərin Rusiyada uyğunlaşma prosesini çətinləşdirə bilər. Bu ölkələrdən gələn mühacirlərin Rusiyanın Orta Asiyadan vərdiş etdiyi işçi qüvvəsini doldurmaqda çətinlik çəkəcəkləri təxmin edilir.

İşçi qüvvəsinə artan tələbatla birlikdə təmizlik haqlarında da əhəmiyyətli artım var. Moskvada ofisdə təmizlik işinin aylıq qazancı 80-100 min rubl (750-1000 dollar) arasında dəyişdiyi halda, bəzi mehmanxana və yaşayış evlərinin təmizlik xidmətlərində çalışanlar gündə 3500 rubla qədər qazana bilirlər. Daha gərgin və çətin işlərlə məşğul olan təmizləyicilər ayda 200 min rubl alırlar.

Mütəxəssislər təmizlik sənayesində işçi çatışmazlığının yaxın perspektivdə davam edəcəyini və buna görə də qiymət artımlarının davam edəcəyini proqnozlaşdırırlar.