103 yaşlı Qalib Ordumuz, Bayramın Mübarək!

09:30 26.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan xalqı və dövləti üçün ən şərəfli, ən qürurverici gündür. 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür.

Azərbaycan tarix boyunca mövcud olmuş şanlı dövlətçiliyini zaman-zaman qonşu işğalçı imperiyaların təcavüzü nəticəsində müvəqqəti itirsə də, xalqımız sonuncu dəfə 1920-ci il aprel ayının 28-də əldən verdiyi azadlığını 1991-ci ildə geri qaytara bildi. Məhz bundansonrakı qısa müddətdə Azərbaycanda dövlətçiliyin bütün atributları, o cümlədən 103 il əvvəl - 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə  yaradılan Milli Ordu bərpa edildi (9 oktyabr 1991-ci il)...

Düz, 103 il əvvəl - 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, öz silahlı qüvvələrini yaratmalıdır. O vaxt hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülür və dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılır. Avqustun 1-də Hərb Nazirliyi təsis olunur, Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edilir və daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzləyir. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilir və sair.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bildiyimiz kimi, ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi qaydaya salındı. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də Ali Baş Komandan olaraq var qüvvəsi ilə ordunun qüdrətlənməsinə çalışdı.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün Qafqazda ən böyük və çevik ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Prezident İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, son illər baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə etdiyi çıxışlarında münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdi. Ermənistan rəhbərliyinin buna cavabı, Paşinyanın Şuşada Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi oldu. Bu isə münaqişənin hərbi yolla həllindən başqa variantının olmadığını ortaya qoydu.

Nəhayət, dövlətimizi və xalqımızı müdafiə etmək üçün gecə-gündüz keşik çəkən qəhrəman ordumuz özünü irəli verdi. Çox da uzun çəkmədi, cəmi 44 gün ərzində az qala 30 ildir mənfur düşmənimiz ermənilərin işğal altında inləyən Vətən torpaqlarını azad etdi.

Bu 44 günlük müharibə nəinki Azərbaycan əsgərinin və onlara güc verən, onlarda qəhrəmanlıq hissini coşduran xalqımızın, bütün dünya cəmiyyətlərinin gündəmində özünə yer tutmuşdu. Bütün dünya Azərbaycan Ordusunun müasir silah və texnika ilə silahlanaraq, 30 il ona meydan oxuyan düşməni darmadağın etməsindən, dünya müharibə taktikasına yeni nöqtə üsulu gətirməsindən danışırdı. Yerli və əcnəbi hərbi mütəxəssislər Azərbaycanın  əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, texniki imkanları, döyüş vaxtı atdığı operativ addımlar, əməliyyatın hazırlanması və icrasını öyrənir və müzakirə edirdilər. Hamının ortaq fikri isə bu idi: Azərbaycan ordusu bəşəriyyəti yeni nəsil müharibə üsulu ilə təəccübləndirdi.

Bu 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalqımız yumruq kimi birləşərək Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür, torpaqlarımızı azad edərkən çox sayda şəhid verdik, igid əsgərlərimiz yaralandı, qazi oldu, əlil oldu… Otuz il işğal altında inləyən torpaqlarımızın hər qarışı uğrunda canından keçən 3 minədək şəhidimiz xalqın qəhrəmanlıq dastanını yazarkən, güclü ordunun qüdrətini də NATO ölkələrindən Rusiyaya, Çindən Avstraliyayadək yaydı. Ermənistan ordusunu məhv edərək, İrəvanı təslim kapitulyasiya aktını imzalamağa vadar edən ordumuz, nəhayət, “Dəmir yumruq” əməliyyatını başa vurdu. Müharibə bitdi, amma onun qısa vaxtda qazandığı uğurun söz-söhbəti davam edir və edəcək.

Azərbaycan ordusu şəhid vermək bahasına da olsa, bizə 30 il ayaq basa bilmədiyimiz, ölkəmizin 20 faiz torpaqlarını qaytardı. Ordumuz bizi Şuşaya, Kəlbəcərə, Laçına, Qubadlıya, Füzuliyə, Cəbrayıla, Zəngilana, Hadruta və nəhayət, Ağdama qovuşdurdu. Azərbaycan Ordusu xalqımızın parlaq təqviminə yeni bayram tarixi – 8 Noyabr Zəfər Bayramı yazdı, təntənəli, qürurlandırıcı 10 dekabr Hərbi keçidini bəxş etdi və nəhayət, Bakının mərkəzində yaradılan, mövcud olduğu müddətdə erməniləri və havadarlarını alçaldacaq, xalqımızı və dostlarınımızı isə şərəfləndirəcək Hərbi Qənimətlər Parkı verdi və sair…

Azərbaycan Ordusu, şəhidinlə, qazinlə, şərəfinlə, şanınla mübarək ol, xalqımız səninlə fəxr edir!