Çexiyanın Baş naziri Petr Fiala mətbuata açıqlamasında bildirib ki, digər Avropa İttifaqı (Aİ) ölkələri də Çexiyanın Ukraynaya dünyanın hər yerindən yüz minlərlə tank və artilleriya sursatının alınması təşəbbüsünü dəstəkləyəcəklərinə söz veriblər.
Hafta.az-ın yazdığına görə, nağd yardım edəcək bəzi ölkələrin adlarını paylaşan Fiala Niderlandın baş naziri Mark Ruttenin 100 milyon avro dəstək vəd etdiyini, Fransa prezidenti Emmanuel Makronun da maliyyə dəstəyi verəcəyini bildirib.
Fiala digər həmkarlarının da sursat tədarükü ilə bağlı başlatdıqları təşəbbüsü dəstəkləyəcəklərini ona çatdırdıqlarını bölüşüb.
Bu arada baş nazir Petr Fiala da slovakiyalı həmkarı Robert Fikonun bəzi Aİ və NATO-ya üzv ölkələrin Ukraynaya qoşun göndərməyi nəzərdən keçirməsi ilə bağlı verdiyi açıqlamaya toxunub.
Fiala bildirib ki, Çexiyadan Ukraynaya heç bir əsgər göndərilməyəcək və ölkədə heç kim məcburi hərbi xidmətə çağırışın bərpa edilə biləcəyindən narahat olmasın.
Təxminən 20 il əvvəl Çexiyada ləğv edilən məcburi hərbi xidmət Ukraynadakı müharibə və bölgədə artan gərginlik səbəbindən yenidən gündəmə gətirilib. Hərbi rəsmilər ölkədə peşəkar əsgərlərin və ehtiyatda olan hərbçilərin sayının artırılmasını vacib sayıblar.