2022 – “mavi pələng” ilinin dəbi - modelyer-dizayner Gülnarə Xəlilova ilə...

15:48 23.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın müxtəlif şəhərlərində pandemiya əleyhinə görülən tədbirlərinin yumşaldılması ilə moda həftələrinin təşkili baş tutur. 2022-ci il kolleksiyasının sərgiləndiyi dəb nümayişlərindən göründüyü qədərilə kiçik paltarların gələn il hökmranlıq edəcəyi şübhəsizdir. Yeni ilin gəlməsinə hələ 1 aydan çox vaxt qalmasına baxmayaraq, artıq ilin trendinə çevriləcək rəngi, paltar forma və kəsimləri də indidən məlumdur. Hafta.az-ın əməkdaşı “Pələng ili”ndə bizi moda aləmində gözləyən yeniliklərin müzakirəsini modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə apardı. Müsahibəni sizlərə təqdim edirik:

-Gülnarə xanım, zəhmət olmasa ilk növbədə 2022-ci il moda aləmində hansı rənglərin trend olacağı haqqında məlumat verərdiniz.

-2022-ci ilin ən əsas rəngi göy olacaq. Biz bilirik ki, yeni il “mavi pələng” ilidir.  Buna baxmayaraq, pastel tonları da öz aktuallığını qoruyacaq. Həmçinin qırmızı, moruq rəngi, bənövşəyi, zümrüd rəngi, göyün bir çox çalarları, pudra tonu, sarı kimi trend çalarlar da ilin sevilən rəngləri sırasında olacaq.

-Bəs, ilin tərzli qiyafətlərini hazırlamaq üçün parçalardan daha çox hansılara üstünlük veriləcək?

-Deyə bilərəm ki, parçalarda trend mövzusu yoxdur. Yəni hazırda bir çox parçalar aktualdır. Bu hal növbəti il üçün də keçərlidir. Məsələn, trikotajlar, “denim” (cins parçalardan hazırlanan geyimlər), məxmərlər, parıltılı parçalar, atlas materiallı və  damalı parçalar çox istifadə olunacaq parça çeşidləri sırasındadır. Bundan başqa, biz fikir versək görərik ki,  həddindən artıq çox naxışların istifadə edildiyi dizaynlar, rəngli və əlvan materiallar, leopard naxışları gündəmə çevriləcək. Üzərində çoxlu loqolar olan brend firmaların parçaları özü də növbəti il üçün tərzli sayılacaq.

-Maraqlıdır görəsən, geyim forma, ölçü və fasonlarında pələng ili özünü nə cür biruzə verəcək?

-Bəli, pələng ilini qarşılayırıq və az əvvəl də vurğuladım ki, pələng naxışlı geyimlər növbəti il boyu trenddə olacaq. Lakin, mütəxəssislər bu tərz parçalardan tikilmiş libaslardan  uzaq durmağı tövsiyə edir. Çünki, il sahibi bunu özünə “siqnal” kimi görə bilər. Ümumilikdə isə bu il çox fərqli tərzlər moda trendinə çevriləcək. 2000-ci illərin dəbi - jiletlər, isti gödəkçələr, toxunma geyimlər, məxmər parçalardan hazırlanmış paltarlar, şalvar üzərindən ətəyindən geyinilməsi, parıltılı geyimlər, biserlərdən, damalı və naxışlı parçalardan hazırlanmış, yubkalı kostyumlar, ağ köynəklər, şəffaf parçalardan tikilmiş paltarlar il boyu aktual olacaq. Həmçinin qısa geyimlər, həddindən artıq çox uzun qolları olan, paltolar, jaketlər zövqlü xanımların əsas seçimləri sırasında yer alacaq.  Düzdür, bu geyimləri hər kəs istifadə etməyəcək, lakin daima dəbi izləyib onunla ayaqlaşmağa çalışan şəxslər belə, fərqli və maraqlı qiyafətlərə üstünlük verəcəklər. Görünən odur ki, bütün bu sadaladıqlarımla yanaşı, növbəti il üçün paltarların üzərində fərqli-fərqli ölçülərdə dəliklərin olması, açıq çiyinlər, şalvarlı kostyumlar da trenddir.  

-Son illər adətən bol kəsimli geyimlər dəb aləminin bəzəyinə çevrilib.  Bəs 2022-ci il üçün libasların forma və biçimlərində bizi hansı yeniliklər gözləyir?

-Ümumilikdə bol kəsimli geyimlər hər zaman dəbdədir. Hələ bu forma trend olmadığı vaxtlarda belə mən hazırladığım geyimlərdə bol kəsimlərdən istifadə edirdim. Bu mənim daima üstünlük verdiyim tərzdir. Onu deyim ki, dəbi diktə edən insanlar onu formalaşdıran zaman həm də istehlakçıları düşünürlər. Onların alıcılıq qabiliyyətinin daha çox nədə özünə göstərməsinə fikir verib bunları nəzərə alırlar. Ona görə də, bol kəsimli geyimlər rahat və istifadəli olduğundan 10 ilə yaxındır ki belə paltarlar aktuallığını qoruyub saxlayır.

-Növbəti sualım isə şarmlı görüntünü tamamlayan aksessuarlar, ayaqqabı və çantalarla bağlıdır. Bu ayrılmaz üçlüyün uyumu barəsində nələri deyə bilərsiniz?

-Artıq uzun illərdir ayaqqabı və çanta uyğunluğu bir qədər diqtə edilmir. Lakin hələ də onları dəstləşdirməyi sevənlər az deyil. Fikrimcə, hər iki variant da düzgündür və istifadə etmək olar. Əsas odur ki, geyindiyin üsluba uyğun çanta, ayaqqabı və aksesuar seçimi edilsin. Bəzi geyim tərzlərində çox qarışıq üslublardan istifadə edilir. Düzü, buna heç vaxt yaxşı baxmıram. Mənim çox sevərək işlətdiyim  bir fikrim var: "Ən böyük trend zövqlü olmaqdır". Yəni, zövqlüsənsə hər zaman dəblisən, gözəlsən. Elə bu səbəbdən də, seçim edən zaman çalışaq ki, diqqətli olaq. Əvvəl belə bir söz işlədirdik ki, "Dəbin arxasınca qaçıb ona çatmaq mümkün deyil". Son illərdə isə moda o qədər də sürətlə dəyişmir. Daha çox insanların rahatlığını təmin etməyə çalışır.

-Gülnarə xanım, sonuncu sualım növbəti il üçün moda aləmində sensasiya yarada biləcək detallardır. Sizcə yeni ildən moda aləmində təəccüb doğuracaq yeni üslublar gözləyək?

-Artıq, dəb aləmində ən  böyük dəyişiklik maskalarla bağlıdır. Hələ ki, bundan böyük sensasiya yoxdur. Yeniliklər və rəngarəngliklər isə həddindən artıq çoxdur. Hazırda dəb tendensiyasında bir çox üslublar gündəmdədir. Bunu da bir növ sensasiya adlandırmaq olar. Hansı ki, eyni vaxtda demək olar ki bütün üslublar dəbdə olacaq.

Oxunma sayı 1035