28 May ilk dəfə Müstəqillik Günü kimi qeyd edilir

09:55 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Hafta.az xəbər verir ki, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib.

Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrilib. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

1991-ci ildən 28 May tarixi Respublika Günü dövlət bayramı kimi qeyd edilib. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib və həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Oxunma sayı 111