5 sualda Münhen Təhlükəsizlik Konfransı

09:05 18.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

14-16 fevral tarixlərində Almaniyada keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) dünya gündəmində öz izini qoydu. Ardıyla da, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmilərinin Ukrayna müharibəsini müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanında görüşəcəyi gözlənilir.

Hafta.az-ın yazdığına görə, münaqişənin sona çatması üçün keçiriləcək görüşlərə avropalı və ukraynalı siyasətçilərin dəvət edilməməsi tənqidlərə səbəb olub. Yəqin buna görədir ki, Fransa prezidenti Emmanuel Makron Parisdə Avropa liderlərinin iştirakı ilə ABŞ prezidenti Donald Trampın siyasətləri və Ukrayna ilə bağlı fövqəladə sammitə ev sahibliyi edəcək. Artıq belə bir toplantının keçirilməsi üçün qərar qəbul edilib.

Maraqlıdır, Münhendə nə baş verdi, nə oldu ki, Qərb cinahı belə səssiz parçalandı?

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Münhendə keçirilən sammitdə diqqət çəkən 5 məqamı sadalayıb.

1. Dövrün sonu

Sovet İttifaqının Avropaya genişlənməsinin qarşısını almaq üçün 1949-cu ildə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən mühüm prinsiplərindən biri, üzvlərindən birinə hücum edilərsə, digərlərinin köməyə gəlməsini şərtləndirir.

"Amerika hələ də NATO-da olsa da, Avropa artıq Birləşmiş Ştatların birbaşa yardıma gəlməsinə etibar edə bilməz" deyib Qardner. O, İkinci Dünya Müharibəsindən sonra təhlükəsizlik strukturunun dağıldığını iddia edir.

O, həmçinin ötən həftə Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından sonra çıxış edən ABŞ Dövlət katibi Pit Heqsetin “ABŞ öz təhlükəsizliyi üçün NATO müttəfiqliyinə sadiq qalacaq, lakin Birləşmiş Ştatlar bundan sonra asılılığı təşviq edən balanssız münasibətlərə dözməyəcək” deyib.

2. Ukrayna siyasəti alt-üst oldu

Səudiyyə Ərəbistanında müharibəni müzakirə edəcək ABŞ və Rusiya, görünür, Avropa və Ukraynanı çox da dinləmir.

Çərşənbə günü Donald Trampla Vladimir Putin arasında telefon danışığından sonra keçiriləcək sammitdə ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vance və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun iştirakı gözlənilir.

Trampın fevralın 12-də görüşdüyü şəxslərdən biri olan Ukrayna prezidenti Vladimir Zelenski sammitə dəvət edilmədiklərini açıqlayıb və söz sahibi olmadıqları bir razılaşmanı qəbul etməyəcəklərini vurğulayıb.

3. “Daha çox xərclə” vurğusu

Rusiyanın 2022-ci ildə başlatdığı Ukrayna işğalı ilə bütün Avropa dövlətləri müdafiəyə daha çox vəsait ayırmaq lazım olduğunu qəbul etsə də, bununla bağlı lazımi addımları atanların sayı məhduddur.

2014-cü ildə qəbul edilən qərara görə, NATO ölkələri ümumi daxili məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləməlidir. Təşkilat bunu 3 faizə çatdırmağı planlaşdırır. Amma 2017-2021-ci illərdə ilk prezidentlik dövründə bu faizi 4 faiz olaraq təyin edən Tramp indi 5 faiz istəyir.

NATO məlumatlarına görə, ABŞ keçən il ÜDM-nin təxminən 3,4 faizini müdafiə xərclərinə sərf edib.

Digər tərəfdən, Avropa Ukraynaya verdiyi töhfəyə görə ABŞ-ı geridə qoyub. Avropa 70 milyard avro humanitar, 62 milyard avro hərbi yardım göstərdiyi halda, ABŞ-dan 50 milyard avro maddi və humanitar, 64 milyard avro hərbi yardım gəlib.

4. JD Vance tərəfindən həmin çıxış

ABŞ-ın vitse-prezidenti JD Vancenin cümə günü etdiyi çıxışında Avropa siyasətlərini sərt tənqid etməsi Münhendə bir çox nümayəndəni şoka salıb.

“Konfransın ilk günündə “Avropaya qarşı ən çox narahat olduğum təhlükə Rusiya, Çin və ya hər hansı digər xarici aktor deyil, bu, daxildən gələn təhlükədir” deyərək, qitədə ifadə azadlığının geriyə getdiyini müdafiə edərək qeyri-qanuni miqrasiyaya son qoymağa çağırdı və bir çox siyasətçilərdən “Vaşinqton bizim daxili işlərimizə qarışmamalıdır” deyərək reaksiya aldı.

Donald Tramp və ABŞ dövlət katibi Marko Rubio bu çıxışı yüksək qiymətləndirdiklərini vurğulayıblar.

5. Mübahisə və fikir ayrılığı

Donald Trampın bütün polad və alüminium ixracına 25 faiz gömrük rüsumu tətbiq edəcəyinə dair açıqlaması NATO ölkələrinin digər sahələrdə də problem yaşadığını ortaya çıxarıb.

Atlantik okeanının hər iki tərəfində ticarətdən tutmuş Rusiya ilə münasibətlərə qədər bir çox məsələlərdə gərginlik artır.

BBC Böyük Britaniyanın baş naziri Keir Starmerin "ABŞ-la Aİ arasında seçim etmədiklərini" vurğulayarkən gərginliyi azaltmaqda çətinlik çəkdiyini bildirib…