Rusiyada 9 milyona yaxın insan nevroloji xəstəliklərdən əziyyət çəkir. Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Departamentinin direktoru Yekaterina Karakulinanın verdiyi məlumata görə, ölkədə 8,9 milyondan çox insana sinir sistemi xəstəliklərini təsdiqləyən diaqnoz qoyulub.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, təkcə 2024-cü ildə qoyulan yeni diaqnozların sayı 2,1 milyon olub. Miyelin qabığının zədələnməsi diaqnozu qoyulanların sayı 117 min nəfərdir ki, onlardan 101 mini dağınıq skleroz (MS) xəstəsidir.
Karakulina bu məlumatları Federasiya Şurasının “Dağınıq sklerozlu xəstələrə tibbi yardımın göstərilməsinin təkmilləşdirilməsi” adlı dəyirmi masada təqdim edib.
Karakulina onu da qeyd edib ki, nevroloqların sayı 2020-ci illə müqayisədə 14,8 faiz artıb. 2024-cü ilin məlumatlarına görə, Rusiyada nevroloji xidmətlərin potensialı təxminən 20 min mütəxəssisə çatacaq. Onlardan 9,4 min nəfəri xəstəxanalarda, 10,1 min nəfəri isə ilkin səhiyyə xidmətlərində çalışır.