Ictimai nəqliyyatda həftəsonu qadağası – Çoxluq qərarın ləğvini istəyir

14:21 19.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xeyli müddətdir ki, Azərbaycanda koronavirus pandemiyasına görə həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. İyun ayından etibarən ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli idman yarışları ilə əlaqədar bu məhdudiyyət qismən də olsa aradan qaldırılıb.

Yarışların davam etdiyi bu günlərdə Bakı Metropoliteni işini bu ay ərzində məhdudiyyətsiz davam etdirəcək. Verilən yeni qərarlar sosial şəbəkələrdə istifadəçilərin geniş müzakirələrinə səbəb olub. “Virus həftəsonları, adi vaxtlarda da var, ancaq idman yarışları olanda yoxdur?” kimi müxtəlif fikirlər səsləndirilir. Bir qisim istifadəçi yeni qərarların qəbulunu zəruri hesab edir.

Bəs görəsən, mütəxəssislər və tanınmışlar hansı fikirdədir? Hafta.az olaraq  məsələnin müzakirəsini ekspertlərə həvalə etdik.

İlk olaraq Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa bildirdi ki,  ümumilikdə ölkədə ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa pandemiya ilə əlaqədar idi. Bu qərarlar bir qədər əsaslandırılmamışdı. Həmçinin deputatın fikrincə, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət yaxın vaxtlarda aradan qaldırılacaq:

“İndi hər halda metronun açılması vəziyyəti yüngülləşdirdi. Bunu çoxdan etmək lazım idi. Mən hələ 6 ay əvvəl demişdim ki, metrolar açılsın. Bir qədər gec oldu, vətəndaşlara böyük ziyan vuruldu. Hesab edirəm ki, ictimai nəqliyyatın alternativi olmadığı üçün bir qədər problemlər yaşanır. İndiki vəziyyətdə metronun fəaliyyəti vətəndaş üçün  faydalıdır. Ümid edirəm ki, pandemiya ilə bağlı daha əsaslandırılmış qərarlar veriləcək və vətəndaşların sıxıntılarının qarşısı alınacaq. Həftəsonları olan məhdudiyyət isə düşünürəm ki, bundan sonra aradan qaldırılar. Bəzi qadağalar isə hələ davam edəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qoyulan qaydaların bir-birinə uymadığını, həftəsonları nəqliyyatın işinə tətbiq edilən məhdudiyyətin tamamilə aradan qaldırılmalı olduğunu vurğuladı:

“Əslində, bu çox ciddi məsələdir. Əgər doğrudan da söhbət ictimai nəqliyyatda virusun yayılmasının qarşısını almaq üçün atılan addımdan gedirsə, indi eyni vəzifədə idman yarışları keçirilən vaxtda, həftəsonu ictimai nəqliyyatın işləməsi  onu deməyə  əsas verir ki, bu virusla bağlı verilmiş qərar deyil. Həm də artıq şükürlər olsun,  ölkəmizdə virusla bağlı vəziyyət xeyli dərəcədə yaxşılaşıb. Vaksinləşmə 18 yaşdan yuxarı əhalinin, demək olar ki, yarısını əhatə edir. Bunları nəzərə alsaq, onda bu məhdudiyyətləri aradan qaldırmağın vaxtı gəlib çatıb. Əgər idman yarışları zamanı bu məhdudiyyətlər götürülə bilirsə, deməli, digər vaxtlarda da götürülə bilər.  Hazırda paytaxtda elə iş yerləri var ki, həftəsonları da fəaliyyət göstərir. Əməkdaşlar də məcbur qalıb işə taksi ilə gedirlər. Bu da nəqliyyat xərclərini artırır. Ona görə də fikrimcə, yaxın gələcəkdə bununla bağlı Operativ Qərargahın normal qərarı olmalıdır”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə hazırkı vəziyyəti ən yaxşı şirniyyatların qonaq süfrəsinə qoyulduğu zamanlara bənzətdi:

“Mənim fikrimcə, həftəsonu ictimai nəqliyyatın işləməməsi gülüncdür. Dünyanın hər yerində pandemiya var, ancaq belə qadağalar yoxdur. Bu məhdudiyyət əksinə, xəstəliyin yayılmasını daha da sürətləndirir.  Siyasətlə ona görə razılaşmıram ki, hər kəsə eyni münasibət göstərilmir. Bu, ən yaxşı konfet və şokoladın qonaqlara saxlanılması kimi bir şeydir. Xarici qonaqlar gəlib deyə, bu gün nəqliyyat fasiləsiz işləyir, oyunlar bitəndən sonra yenə məhdudiyyətlərin tətbiq edilməsi heç də doğru addım deyil”.

Müzakirəni bir qədər də genişləndirib, bu dəfə suallarımızı incəsənət adamına yönəltdik. Həmsöhbətimiz  muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova oldu. İfaçı həftəsonları ictimai nəqliyyatın işindəki məhdudiyyət mövzusuna münasibət bildirərkən, “Dövlətimiz belə uyğun görürsə, bizə də ona əməl etmək qalır”, – deyib sözə başladı. İndi onu narahat edən əsas məqam başqadır:

“Dövlətin qanunları qarşısında boynumuz qıldan incədir. Nə qayda qoyulubsa, düşünürəm ki, ona hamılıqla əməl etməliyik. Bu xəstəlik çox ciddi fəsadlara səbəb ola bilir. Hər bir halda indi virusa yoluxma sayı xeyli azalıb. Buna görə də fikrimcə, artıq pandemiyanın sonuna yaxınlaşırıq. Vaksinasiyanın aparılması COVID-19-un səngiməsinə və yox olmasına gətirib çıxarır. Elə buna görə də normallaşma müddəti başlayıb, qoyulan qadağalar yavaş-yavaş ləğv olunur. Yəqin ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş məhdudiyyətlər də tezliklə aradan qaldırılar. İndi məni daha çox ölkəmizdə tətbiq olunan vaksinin bir sıra Avropa ölkələrində tanınmaması məsələsidir. Xüsusən də biz sənət adamları üçün bu, çox ciddi məsələdir. Pandemiya başladıqdan xaricə səfər etməmişəm. Bu məsələ məni hazırda çox narahat edir”.

Oxunma sayı 6904