İngiltərədəki bütün körpələr DNT testindən keçəcək

09:25 23.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyadakı Milli Sağlamlıq Xidməti (NHS) 10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan planla Krallıqda doğulan hər körpə üçün DNT xəritəsini təqdim edəcək.

Hafta.az-ın yazdığına görə, körpələr göbək bağından götürülən qan nümunələri ilə müayinə ediləcək. Bu, yüzlərlə xəstəlik üzrə risklərin qiymətləndirilməsinə imkan verəcək və səhiyyə xidmətlərində intensivliyi azaldacaq.

İngiltərə hökuməti 2030-cu ilə qədər DNT araşdırmalarına 650 milyon funt sterlinq sərmayə qoyacağını açıqlayıb.

Səhiyyə naziri Ues Stritinq, gen texnologiyasından istifadə edərək xəstəliklər meydana gəlmədən hərəkətə keçməyi hədəflədiklərini söyləyıb: "Yeni texnologiya ilə xəstələr fərdi sağlamlıq xidməti ala biləcəklər. Bu sayədə xəstəliklərə cavab vermək əvəzinə, onları qabaqlayacağıq".

Böyük Britaniyanın Səhiyyə və Sosial Baxım Departamenti genetik tədqiqatlar və süni intellektin profilaktik tibbdə inqilab edəcəyini gözləyir. Məqsəd xəstəliyin əlamətlərini erkən aşkarlamaq və sürətli müalicəni təmin etməkdir.

Planın təfərrüatları yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq.

7minə yaxın tək genli xəstəlik var. Hazırda bunlardan yalnız 9-u daban qanı skrininqi ilə yoxlanılır. Səhiyyə Nazirliyinə bağlı olan Genomics England da dünyanın ən böyük məlumat banklarından birinə sahib olacaq.