İnsan 80 yaşında zəkasını necə qoruya bilər?

09:32 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər 80 yaşlarında beyin sağlamlığını qorumağın yollarını bölüşdülər.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, elm adamları, zəkanın qorunması və ya demensiyanın qarşısının alınması üçün heç bir sehrli vasitənin olmadığına diqqət çəkərək, genetik meyl, sağlam həyat tərzi və təzə qidalara çıxış kimi faktorların olduğunu bildiriblər.

Pensilvaniya Universitetinin nevroloqu David Uolk, "Bütövlükdə vücudunuz nə qədər sağlam olsa, beyniniz qocalma prosesinə bir o qədər yaxşı reaksiya verir" deyib.

Uolk, 20-30 yaşlarında sağlam yetkinlərdə koqnitiv performansın zirvəsinə çatdığını söyləyib. Mütəxəssis bildirib ki, zaman keçdikcə beyin kiçilir, onun xarici təbəqəsi nazikləşir, neyronlar arasında əlaqə zəifləyir.

Kolumbiya Universitetindən Yaakov Stern də bəzi insanların qocalma ilə meydana gələn koqnitiv geriləmənin qarşısını digərlərindən daha yaxşı bacardıqlarını ifadə edib. Genetikanın bunda mühüm rol oynadığını bildirən Stern, idman və sağlam qidalanma ilə yanaşı, savadlılığın və sosial əlaqələr qurmağın da həlledici olduğunu qeyd edib.

2020-ci ildə “Lancet” elmi jurnalında dərc edilən bir araşdırma, qlobal miqyasda demans hallarının təxminən 40 faizinin ətraf mühitdəki dəyişikliklərlə qarşısını almaq və ya gecikdirmək mümkün olduğunu ortaya qoyub. Bunlara piylənmə riskini azaltmaq, təmiz havada olmaq kimi həyat tərzi dəyişiklikləri daxildir.

Boston Universitetindən Staki Andersen, 100 yaşdan yuxarı insanlarda zəkanın qorunmasında sosial əlaqələrin xüsusilə əhəmiyyətli olduğuna diqqət çəkərək, "Onların bir məqsədi var: Hər gün çölə çıxıb etmək istədiklərini etmək" deyib.

2002-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını qazanan 97 yaşlı Vernon Smit, elmi işlərinin və ailəsinin onu yaşatdığını söyləyərək, "Hələ görəcəyim çox şey var. Davam etmək istəyirəm" deyib.

Chapman Universitetində dərs deyən Smit, gündə təxminən 8 saat işlədiyini, qızı ilə konsertlərə getdiyini, qalan vaxtda evdə idmanla məşğul olduğunu bildirib. O, həftənin hər günü bu rutini davam etdirdiyini deyərkən, beyin sağlamlığı sahəsində ixtisaslaşmış Sağlam Beyin Klinikasından Dung Trinh davamlılığın əhəmiyyətinə işarə edərək, "Beynimiz əzələ kimidir. İstifadə edərsən yaşayar, etməzsən yox olar" deyib.

Oxunma sayı 214