“İran Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə ilə düşmənçilik edir” – Anatoli Pinçuk

10:50 20.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddətdir xalqımızın qanayan yarası olan Qarabağ münaqişəsi 44 gün sürən Vətən müharibəsində qazandığımız şərəfli qələbəylə başa çatdı. Düzdür, 3 min övladımız şəhid oldu, amma azadlıq şəhid vermədən əldə olunmur. Gəl ki, cəmi bir ildir Qarabağa gətirdiyimiz azadlığı bizə çox görən, bundan qeyzlənən, acığa düşüb torpaqlarımıza qarşı az qala “səlib yürüşünə” çıxan üzdə dost, əslində isə məkrli düşmənlərimiz durmadan üstümüzə gəlməkdədirlər. Hər halda, Azərbaycan qalib ölkə olaraq işğaldan azad etdiyi bərəkətli, amma barı-bəhrəsi 30 il ərzində mənfur Ermənistan və himayədarları tərəfindən sovrulan, daşı daş üstə qalanan və əslində daşı da sökülüb aparılan Qarabağ bölgəsində tikinti-quruculuq işlərinə başlayıb – yollar çəkir, infrastruktur yaradır, torpaqları əkir, şəhərlər, qəsəbələr salır və sair. Özü də torpaqlarımızı azad edərkən aşkar və dolayısıyla yanımızda olan dost ölkələrlə birlikdə.

Hə, dost ölkələrdən biri də Ukraynadır – Sovet illərində Azərbaycanla bərabər əsarətdə qalan, azadlığını əldə etdikdən sonra eynilə bizim kimi, torpaqlarını itirən, yüzlərlə, minlərlə övladını vətən uğrunda şəhid verən bir ölkə, Vətən müharibəsində xalqımıza və ordumuza mənəvi dəstək verən bir xalq. Odur ki, bu dəfə Qarabağ zəfərindən sonra bölgəmizdə yaranan vəziyyəti elə bu dost ölkədən olan siyasət uzmanı, Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoli Pinçukla Hafta.az-da müzakirə etdik. Gəlin müsahibəni birlikdə oxuyaq: 

- Azərbaycan ordusu Qarabağ münaqişəsini həll etdi demək düzgün olmazdı. Məncə, Azərbaycan ordusu işğal altındakı Qarabağın böyük hissəsinə nəzarəti bərpa etdi fikri daha düzgündür. Mən şəxsən istərdim ki, Ukrayna, Gürcüstan və Moldova da səylərini koordinasiya edərək Rusiya Federasiyasının nəzarətsiz və əslində işğal etdiyi əraziləri eyni şəkildə geri qaytarsınlar. Amma bunun üçün bu ölkələrin hərbi blokunun əhəmiyyətli dərəcədə gücləndirilməsi tələb olunur. Üstəlik, bu ordularda islahatların aparılması və yenidən silahlanma sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmələri vacibdir.

- Bu gün Qarabağda artıq tikinti-quruculuq işlərinə start verilib, insanların geri dönüşünə lap az qalır. Amma yəqin bilirsiniz, quruculuq işlərində ancaq dost ölkələr iştirak edir. O cümlədən, Ukraynaya da çağırış olunub ki, burada rol ala bilər. Təbii ki, bu da bəzi üzdə dost olan gizli düşmənlərimizi qəzəbləndirib...

- Azərbaycanın bu məsələdə yürütdüyü siyasət tamamilə məntiqəuyğundur. Dar günündə yanında olanlarla iş görür.

- Heç kimə sirr deyil ki, 30 illik münaqişənin baiskarı şübhəsiz, İrəvana dəstək verib arxasında dayanan Rusiya idi və bir il öncə müharibə yolu ilə torpaqların geri qaytarılmasına dəstək verən də, hazırda 10 maddəlik sülh sazişinin detallarının yerinə yetirilməsinə çalışan da elə həmin Rusiyadır. Sizcə nə baş verir, Moskva niyə 30 ildən sonra mövqeyini belə dəyişdi?

- Əslində Moskva heç nəyi dəyişməyib. Kreml sadəcə həmin an Ermənistan tərəfdən münaqişəyə qoşulmağa hazır deyildi. Amma zaman və tələblər sürətlə dəyişir. Bu səbəbdən də bölgədə təsir vasitələrini qorumaq üçün vasitəçilik xidmətlərini təklif etdi. Düşünürəm ki, Azərbaycan bu xidmətləri qəbul etməməliydi. Çünki daha yaxşı vasitəçilik xidmətləri tapıla bilərdi.

- Zəngəzur dəhlizi yaradılsa, Türkiyə və Avropa Azərbaycan üzərindən Xəzərə, oradan da Orta Asiyaya birbaşa və qısa yol əldə edəcək. Rusiya türk dünyasının bütövləşməsinə, sizcə nə əcəb razılıq verdi?

- Bu fikri bir az dəqiqləşdirsək, Rusiya heç kəsi birləşdirməyə razılıq verməyib. Zəngəzur dəhlizinin yaradılması sadəcə, münaqişənin həlli ilə bağlı üçtərəfli razılaşmanın bir hissəsi idi. Bu təklifi Rusiya verməyib. Layihənin əsas ideoloqu və lobbiçisi Azərbaycan prezidenti İlham Əliyevdir.

- İran Zəngəzur dəhlizinə qarşı çıxır. Maraqlıdır, müsəlman ölkəsi olan İran niyə Azərbaycanın uğurlarına sevinmir, əksinə, onu hər vəchlə baltalamağa çalışır?

- İran Azərbaycanın yeni strateji müttəfiqləri olan İsrail və Türkiyə ilə düşmənçilik edir və Azərbaycanı bu ölkələrdən uzaqlaşdırmaq istəyir. Bu günlərdə İran ordusu Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib. Məhz həmin təlimlər daha çox Azərbaycan rəhbərliyinə xəbərdarlıq və ya psixoloji təzyiq kimi qiymətləndirilməlidir.

- Sizin ölkəniz də ərazi bütövlüyünü müvəqqəti olaraq itirmiş vəziyyətdədir. Krım ilhaq edilib, Donbas və Luqansk da de-fakto işğal altındadır. Qarabağı azadermə modeli Kiyev üçün örnək ola bilərmi? Bəlkə Krımda, Donbas-Luqansk bölgəsində, hətta Gürcüstandakı etnik münaqişələrdə tərəf birbaşa Rusiya olduğu üçün hərbi yol bir az çətindir?

- Bəli, işğal olunmuş əraziləri hərbi yolla azad etmək cəhdi Rusiya Federasiyasından qaçılmaz hərbi təcriddir. Mən belə bir ssenarini qeyri-mümkün hesab etmirəm, amma indiki vaxtda bu real görünmür.

- Ümumiyyətlə, Krım və Donbas problemlərinin həllini necə görürsünüz? Bu əraziləri geri qaytarmaq üçün Kiyev nələr etməlidir? Hə, bu münaqişələrin həlli üçün hərb variantı seçilərsə, ABŞ və Qərb Kiyevin yanında yer alacaqmı? Axı Qərb Ukraynaya torpaqlarını azad etmək üçün əməliyyatlara başlyacağı təqdirdə dəstək verəcəyini vəd edir...

- Qərb yoxdur, fərqli mövqeli Qərb ölkələri var. Məncə bu ölkələrin də heç biri, müəyyən mənada Skandinaviya istisna olmaqla, Ukraynaya müasir və ölümcül silah vermək istəmir. Niyə, çünki hər biri öz geosiyasi maraqlarına uyğun hərəkət edir. Bu məsələdə xəyal qurmaq olmaz, dövlətlərin də maraqlarını anlamalıyıq.

- Qarabağ münaqişəsinin həlli formulundan çıxış edərək, məsələn, şəxsən sizin də iştirakınızla Ukraynadan, üç Qafqaz respublikasından, Türkiyədən və digər bölgə ölkələrindən hərbi-siyasi mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans keçirməklə dondurulmuş münaqişələri yenidən gündəmə gətirmək olmazmı? Çünki indi dünyanın başı Əfqanıstana, Suriyaya, Yaxın Şərqin digər problemlərinə, Covid-19-a qarışıb, Ukrayna, Gürcüstan unudulub...

- Bəlkə də belə bir konfransın keçirilməsinin bölgəmizdəki problemləri daha dərindən öyrənmək, dərk etmək üçün müsbət təsiri olardı. Amma bilirsiniz, artıq heç bir konfrans bu problemlərin həllinə kömək edə bilməyəcək...

Oxunma sayı 4635