Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə yer alan mühüm məqamlardan biri İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə yönəlik təxribatçı fəaliyyətlərin ifşa olunmasıdır. Qonşu İranın qərəzli şəkildə Azərbaycana qarşı apardığı son təhqir kampaniyası və təxribatçı çıxışları ağlasığmaz olduğu qədər, həm də münasibətlərin gərginləşdirilməsinə xidmət edir. Bu özünü açıq şəkildə bir daha göstərir - İranı öz din qardaşlarına, qonşusuna qarşı bu cür aqressiv yanaşmağa məcbur edən nədir?
Deputat Ceyhun Məmmədov bildirib ki, Prezidentin yerli mediaya müsahibəsində olduqca vacib məqamlar var idi. Onun sözlərinə görə, Prezident bir daha bu məsələlərlə bağlı Azərbaycanın prinsipial və kəskin mövqeyini ortaya qoydu və İranı növbəti dəfə ifşa etdi:
“Biz əvvəlki dövrlərdə də İranın Azərbaycana qarşı təxribatçı cəhdlərini müşahidə edirdik. Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasında, inkişaf etdirilməsində maralı olub. İran isə ardıcıl olaraq Azərbaycana qarşı təxribatlar törədir və yalançı manevrləri ilə diqqət çəkir. Biz istər I Qarabağ müharibəsi, istərsə də ondansonrakı dövrlərdə İranın Ermənistanın yanında dayandığını, bu iki tərəfin sıx əməkdaşlıq, iş birliyi qurduğunu gördük. Buna baxmayaraq, 2020-ci ildə Cəbrayıl işğaldan azad olunduqdan sonra, Prezident həmin əraziyə səfər edərkən əlini Xudafərin körpüsünə tərəf uzadaraq, bu körpünün Azərbaycan üçün “dostluq körpüsü” olduğunu ifadə etdi. İrandan isə ölkəmizə qarşı təxribatlar gördük. Prezident müsahibəsində qeyd etdiyi kimi, İran yük maşınlarının Ermənistana keçirilməsi, üstəlik, nömrələrin gizlədilməsi və digər xoş olmayan məsələlər münasibətlərin gərginləşməsinə səbəb oldu. Digər tərəfdən, İran sərhəd bölgədə hərbi təlimlər keçirib ölkəmizə qarşı güc göstərdi. Təbii ki, Azərbaycan da adekvat olaraq hərbi təlimlər keçirərək, öz prinsipiallığını və qətiyyətini nümayiş etdirdi. Sonrakı dövrdə biz İranın daha bir təxribatının şahidi olduq. İranda Azərbaycan səfirliyinə qarşı atılan addımdan sonra münasibətlərin korlanması qaçılmaz oldu. Burada başlıca amil səfirliyin əməkdaşının qətlə yetirilməsi, polisin oraya gec gəlməsi və qatilin ruhi xəstə olması bəhanəsi ilə məsuliyyətdən yayındırılması oldu.
C.Məmmədov bu fonda hesab edir ki, İran-Azərbaycan münasibətlərində yaranan soyuqluq və gərginlik məhz qonşu dövlətin məlum təxribatı və yalançı davranışları ilə daha da inkişaf etdi. O, bütün bunların dövlətlərarası münasibətlərə ciddi təsir göstərdiyini istisna etmir:
“Bütün bunlara baxmayaraq, Azərbaycan İranın ölkəmizlə münasibətlərini normallaşdırsın deyə çox çalışdı. Biz bunu İranın nümunəsində görmədik. İran eyni addımları davam etdirməkdədir. Bu da birmənalı olaraq gələcək münasibətlərə mənfi təsirini görəcək və həyatımızda hiss etdirəcək”.
Deputat hesab edir ki, İran artıq Azərbaycanla davranışlarına fikir verməli, bu cür təxribatlara son qoymalıdır. Onun fikrincə, Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı İranın nöbəti mərhələdə sərgilədyi mövqedən asılı olacaq:
- İrandan gələn təhqilər, hədələr Azərbaycan vətəndaşını çox məyus edir. Biz buna son qoyulmasını tələb edirik. Prezidentin dediyi kimi, hansısa əyalət mollası davamlı olaraq bizə qarşı hədyanlar səsləndirməyə son qoymaldıır. Bu cür fəaliyyətlər dayandırılmalıdır. Azərbaycan Prezidenti, Türkiyə Prezidentinə qarşı bu fikirlərin səslənməsi, Azərbaycan torpaqlarına təcavüz hədələri ilə bağlı açıqlamalar hamısı çox ciddi gərginlik yaradacaq haldır. Azərbaycanda bu qətiyyətlə pislənir və Azərbaycan cəmiyyəti buna hiddətlə yanaşır.