İranda iki güclü klan arasında mübarizə gedir – Ərəstun Oruclu

11:21 24.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə son dövrdə Azərbaycan xalqının emosiyalarını coşduran olay və proseslər, onların gerçək mahiyyəti və perspektivləri, İrandakı qanlı iğtişaşların gözlənilən nəticələri, habelə Rusiyanın Qarabağdakı “sülhməramlı”larının separatçı liderləri və qanunsuz silahlı erməni birləşmələrini himayə etməsinin hansı planlara xidmət etməsindən bəhs etdik.

- Son aylar Azərbaycan cəmiyyətinin diqqəti və emosiyaları əsasən 3 istiqamətə yönəldilib. Birincisi, İranda, o cümlədən Güney Azərbaycanda baş verən iğtişaşlar fonunda artıq tezliklə Təbrizin, Ərdəbilin və s. azad olacağı, quzeyli-güneyli bütöv Azərbaycan yaranacağı xəyalıdır. İkinci məsələ türk ölkələrinin yaxın dövrdə Turan birliyi quracağı illüziyasıdır. Üçüncü mövzu isə tezliklə nəinki, Zəngəzur, Göyçə, hətta İrəvanda da Azərbaycan bayrağının dalğalanacağı xülyasıdır. Bu 3 məsələ, 3 arzu gerçək geo-siyasi proseslər prizmasından necə görünür?

- Bu məsələlərin hamısı; istər Güney Azərbaycan, Güneyli-Qizeyli Azərbaycanın birləşməsi, Turan və yaxud elə, nə bilim, “İrəvan respublikası”, “Zəngəzur-Göyçə respublikası” – bütün bunlar real siyasətdən, xüsusən də geo-siyasətdən olduqca uzaq duran məsələlərdir. Və əgər biz onların hər üçünə geo-siyasi proseslər prizmasından baxsaq, deyərdim ki, hətta bizim - Azərbaycan üçün təhlükəli məsələlərdir...

Nəzərə almalıyıq ki, İrandakı təbii səbəblərdən doğan iğtişaşlardan yararlanmağa çalışan məkrli qüvvələrin əsas hədəfi “Böyük Orta Doğu” adlanan projedə iştirak etməkdir. Amma onların bu bölgəyə çıxışı olmadığından həmin çıxışı Azərbaycan, Ermənistan və İrandan qoparmağa çalışdıqları bir hissə, sonrakı mərhələdə isə Suriya və İraq vasitəsilə reallaşdırmağa çalışırlar. İcazənizlə bir qədər də dərinləşdirim. Söhbət Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd bir zolağını, Naxçıvanı, Ermənistanın Zəngəzur bölgəsini və bütövlükdə Azərbaycan Respublikasını, sonrada isə qeyd etdiyim kimi, şimali Suriya və şimali İraqı əhatə edən böyük bir ərazidə destablizasiya zonası, başqa sözlə, “boz” zona yaratmaqdan gedir. Onun adı müxtəlif cür ola bilər. Yüksək ehtimalla deyək ki, bu, “Kürdüstan respublikası” ola bilər, təbii ki, tanınmayan... Amma eyni zamanda bu zolağın bir kommunikasiya rolu da oynaması mümkündür. Necə ki, vaxtilə - biz bunu çox yaxşı  bilirik, -Azərbaycanın işğal altında qalan bölgələri belə bir rol oynayırdı. O zaman Rusiyadan, onun Ermənistandakı 102-ci bazası vasitəsilə Qarabağa, Qarabağdan isə İrana silah-sursat, geriyə isə narkotik maddələr daşınırdı. Eyni zamanda orada qeyri-leqal yanacaq və digər malların alveri də həyata keçirilirdi. İndi isə bu daha böyük miqyasda planlaşdırılmış bir layihədir... Amma artıq, gördüyümüz kimi, bu layihənin də qarşısını almağa başlayıblar. Bu haqda hələlik bu qədər...

- Proses konkret Azərbaycan üçün hansı təhlükələri daşıyır? 

- Deyilən proseslərin Azərbaycan üçün daşıdığı təhlükə isə təsəvvür etdiyimizdən daha  böyükdür... Birincisi bu, Şimali Azərbaycanın, yəni Azərbaycan Respublikasının suverenliyinin itirilməsi və ya məhdudlaşdırılması deməkdir. İkincisi, bu, Cənubi Azərbaycanda, yəni İranda “Qərbi Azərbaycan ostanı” adlandırılan və Türkiyə ilə həmsərhəd olan ərazidəki soydaşlarımızın bir hissəsinə qarşı etnik təmizləmə ilə nəticələnə bilər. Üçüncüsü, düşmən qüvvələrin, nəhayət, Türkiyənin şərq və cənub sərhədlərinə gəlib çıxmasına səbəb ola bilər. Və bununla da Türkiyə-Azərbaycan əlaqələrinin tam kəsilməsi mümkündür. Çünki olay və proseslərin düşmənlərimizin istədiyi kimi getməsi halında Azərbaycan Naxçıvan üzərindəki onsuz da məhdud suverenliyini xeyli dərəcədə itirə bilər. Bu isə Azərbaycan və Türkiyə üçün, ümumiyyətlə, türk dünyası üçün böyük bir faciə baş verməsi demək olar.

Sadalananların geosiyasi perspektivinə gəldikdə, hesab edirəm ki, artıq hər şey aydındır. İran ölkədə baş verən iğtişaşları və situasiyanı tədricən nəzarətə götürəcək. Bunun əlamətləri artıq görünməkdədir. Eyni zamanda Tehran hakimiyyəti şimali İraqdakı kürd silahlı birləşmələrini tərksilah edəcək... Yaxud bu işi təzyiq edərək İraq hökumətinə gördürəcək. Türkiyə isə artıq Suriyada əməliyyatlara başlayıb. Geosiyasi kontekstdən bu, belə görünür. Dünya mediasını diqqətlıə izlədikdə biz bir şeyi aydın görürük ki, istər ABŞ, istər Avropa KİV-də, istər Qərb analitiklərinin açıqlama və təhlillərində, istərsə də siyasətçilərin bəyanatlarında İranla bağlı hər hansı bir etnik, milli məsələ və ya həmin ölkənin parçalanması məsələsi müzakirə olunmur. Söhbət yalnız İranda rejimin dəyişməsindən, onun yumşalmasından və demokratik bir quruluşun təsbit olunmasından gedir. Dediyim kimi, real geo-siyasi baxış bucağından görünən bunlardır.

- Sizcə, mövcud reallıqda Azərbaycan dövlətinin əlində Qarabağdakı baş separatçı Araik Arutyunyan, V. Balasanyan, B.Saakyan və s. ilə yanaşı, Putinin milyarder “desantı” sayılan Ruben Vardanyanın da həbsi və Xankəndindəki separatçı-terrorçu “mədə yarası”nın kəsilib atılması üçün yetərli əsaslar və hüquqi mexanizmlər varmı?

- Bu gün Azərbaycan hakimiyyətinin əlində, əlbəttə,  həmin  Arayik Arutyunyanı, V. Balasanyanı, B.Saakyanı və bunlarla yanaşı, Putinin “desantı” sayılan həmin Ruben Vardanyanı da mühakimə etmək  üçün əsaslar  var, amma eyni zamanda da yoxdur. Nə qədər paradoksal görünsə də... Birincisi, ona görə ki, hüquqi baxımdan, bəli, onlar Azərbaycanın ərazi bütövlüyünü pozmuş, ərazimizdə qanunsuz silahlı birləşmələr yaratmış, Azərbaycan dövlətinin ərazi bütövlüyünə təhdid yaratmış şəxslər kimi ölkə qanunvericiliyınə görə cinayət məsuliyyəti daşıyırlar. Amma bu separatçı liderlərin məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlərin özü belə, yoxdur. Çox sadə bir səbəbdən... Həmin şəxslər hal-hazırda Azərbaycan ərazisində, onun Qarabağ bölgəsinin dağlıq hissəsində qanunsuz yerləşmiş dırnaqarası Rusiya “sülhməramlı”larının nəzarəti və himayəsi altındadırlar. Azərbaycan dövlətinin isə hələlik bəhs edilən ərazilərə təsir imkanları yoxdur. Odur ki, sözügedən erməni separatçıları və digərlərinin hər hansı bir şəkildə məsuliyyətə cəlb olunması hələlik, belə deyək, arzuolunan bir haldır...

- Əgər  Azərbaycan ərazisininbir hissəsini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz  erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları doğrudursa, deməli, Kreml nə vaxtsa həmin separatçı “müdafiə ordusu”nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Sizcə, bu, hansı məqamda baş verə bilər?

- Bəli, Rusiya “sülhməramlıları” adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda  bəhs edilən Azərbaycan ərazisinin  Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma “dağlıq Qarabağ respublikası” kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhdid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və eyni zamanda silahlandırmanı da kənara qoyaq, yada salaq ki, 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın “sülhməramlı”larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir...

Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan  və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Və həmin planın tərkib hissəsindən biri də bu gün KTMT-nin İrəvanda keçirilən toplantısı və Putinin birbaşa özünün o sammitdə iştirakı, bu tədbirin hədəfində, məqsədində Ermənistana hərbi dəstəyin verilməsinin olmasıdır. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və plan da dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutuludbur. Bu, birmənalıdır..

- Necə hesab edirsiniz, İrandakı ilk baxışdan kortəbii görünən qanlı iğtişaşlar xarici güclərlə də bağlı olan  hakimiyyətdaxili qruplaşmalar tərəfindən yönləndirilir, yoxsa, bütün bunlar, doğrudan da, Tehran rejiminin zülmündən cana doymuş xalq kütlələrinin kortəbii etirazının nəticələridir?

- İrandakı iğtişaşların birinci səbəbi, buna təkan verən birinci amil insanların artıq mövcud şəraitdən bezməsi, onların azadlığa, daha geniş hüquqlara malik olmağa can atmalarıdır. Bu, şübhəsizdir. Amma eyni zamanda bu, İranda iki güclü klan arasında gedən mübarizənin də təzahürüdür. Bunun da təsiri var. Onlardan biri Rəfsancani, digəri isə Xamneyi klanıdır. Bu iki klan arasında böyük bir savaş gedir. İranda bu savaşlar daim saray çəkişmələri səviyyəsində olub. Bu, yüzillərdən gələn bir ənənədir. Həmin çəkişmə siyasi konyuktura şəklində küçələrə yalnız o zaman çıxır ki, artıq daxildə məsələlər həll olunub, yəni bir klan digərinə qalib gəlib. Hazırda görünən budur ki, hələki güclər bərabərdir və həmin səbəbdən də bu gün müxalif olan Rəfsəncani klanı hələlik prosesləri öz nəzarəti altına almağa tələsmir. Əlbəttə ki, insanların mübarizə əzmi bir tərəfdən güclənirsə, digər tərəfdən əzilərək zəifləyir, mübarizə resursları hədərə xərclənir. Və ən təəccüblüsü odur ki, artıq iki aydan çoxdur davam edən proseslərdə hər hansı bir idarəçilik, təşkilatlanma görünmür. Bu da dediyim səbəbdəndir. Çünki əsl təşkilatlandırıcı amil pərdənin arxasındadır. Və bu, çox güman ki, Rəfsəncani klanıdır...

Oxunma sayı 1444