İranı kim idarə edəcək: 7 namizəddən biri qalib çıxacaq - Araşdırma

18:15 26.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyunun 18-də İranda keçiriləcək 13-cü prezident seçkilərində iştirak edəcək namizədlərin sayı və kimliyi bəlli olub. Nə az, nə çox, 40 nəfəri qadın olmaqla, 592 namizəddən cəmi 7 nəfəri prezident kürsüsü uğrunda yarışda iştirak edəcək.

İranda keçiriləcək prezident seçkiləri kimi çox vacib hadisə Azərbaycan üçün də olduqca əhəmiyyətlidr. Niyə, çünki Azərbaycanla minillərlə mədəni-məişət, iqtisadi-ticarət əlaqələrə malik, el dili ilə desək, xeyiri bir, şəri bir olan İran bu gün ən yaxın qonşumuzdur. Günümüzdə də çox iri iqtisadi-ticarət bağlarımız var, ölkələrimiz bir-birinin inkişafına xeyli sərmayə xərcləyir. Əlbəttə, söz yox ki, İranda kimin hakimiyyətə gəlməsinin Azərbaycanla münasibətlərdə mənfi dəyişikliklərə səbəb olacağını ağlımızın ucundan belə keçirmirik.  İran – Azərbaycan münasibətləri şəxslərin mənfəəti deyil, xalqlarımızın və dövlətlərimizin milli maraqları, dostluq və səmimiyyət üzərində qurulub. Bu mənada, seçkidə iştirakına icazə verilmiş 7 namizəddən hansı prezident seçilsə, Azərbaycanla sıx əməkdaşlığı prioritet görəcək. Ola bilər ki, ilk xarici rəsmi səfərini də məhz Azərbaycana etsin – bu gözləniləndir.

Şəxsi düşüncəmə görə, yarışda 7 namizəd mübarizə aparsa da, əsas rəqiblər Möhsün Rezai, İbrahim Rəisi və Səid Cəlilidir. Əsas səsləri toplayacaq mühafizəkar mövqeli bu üç şəxs arasında da İbrahim Rəisi ilə Səid Cəlilinin şansı daha yüksəkdir. Möhsün Rezai çox siyasi çəkili şəxsiyyət olsa da, nəzərə alaq ki, o, əvvəllər də namizəd olub və uğur qazanmayıb. Ən azından, onun vaxtilə etdiyi çıxışlarda işlətdiyi qeyri-peşəkar fikirlər İran siyasi elitasının və ictimaiyyətinin yadından çıxmayıb. O, İran – İraq savaşı zamanı bir sıra məqamlarda İran ordusunun maraqlarına zidd fikirlər səsləndirmişdi.

Beynəlxalq siyasi arenada yeri olan Səid Cəlili İran üçün günümüzün ən aktual şəxsidir desək, yanılmarıq. O, XİN-də çalışıb, Ali Dini Rəhbərə yaxınlığı ilə seçilir və ən əsası, İranın əsas problemi olan nüvə təsisatı məsələsində ən vacib fiqur sayılır. Yəni onun prezident seçilməsi Qərb bloku ilə İran arasında nüvə enerjisi üzrə danışıqları sürətləndirə və Tehran üçün sevindirici nəticə verə bilər.

İbrahim Rəisiyə gəlincə, avtobioqrafiyasına nəzər saldıqda, bu şəxsin namizədlərin hamısından daha mükəmməl siyasətçi olduğu görünür. İdarəetmə müstəvisində hara baxsan, Rəisinin izini görmək mümkündür. Üstəlik, o, Ali Dini Rəhbərə də çox yaxın şəxs kimi tanınır ki, bu amillər şansını artırır. 

İndi isə gələcəkdə İran prezideti ola biləcək bu namizədlər haqda ayrı-ayrılıqda qısa məlumatlara nəzər salaq:

Möhsün Rezai:

1954-cü ildə Məscidi Süleyman şəhərində (Əhvaz vilayəti) doğulan Möhsün Rezai siyasi fəaliyyətə hələ 15 yaşındaykən başlayıb. Bir müddət qanuni sahədə mübarizə aparıb, amma sonradan silahlı təşkilata qoşulub. 1974-cü ildə öz silahlı təşkilatını yaradıb. İslam inqilabı baş verən günədək bu təşkilatın vasitəsilə mübarizəsini yürüdüb, inqilabdan sonra isə hər an əks-çevriliş yaşana bilər deyə, hamı kimi Cümhuri İslami Partiyasına qatılmaq əvəzinə, yenidən silahlı qurum olan İnqilab Mücahidləri Təşkilatını qurub. Bir müddət sonra İnqilab Keşikçiləri Ordusuna (Sepah) qatılıb və orada kəşfiyyat bölməsini yaradıb. Bu bölmə yetərincə qüvvətləndikdən sonra, Rezai İmam Xomeyninin əmri ilə İnqilab Keşikçiləri Ordusunun komandanı təyin olunur. O, İran - İraq savaşı boyunca illərində bu vəzifədə olub. Savaşdan sonra vəzifəsindən istefa vermək istəsə də, mövcud hərbi-siyasi vəziyyətdən dolayısı bir müddət də postunda qalmalı olur. Nəhayət, 31 may 1997-ci ildə istefa verir. O vaxtdan günümüzədək fərqli rəsmi vəzifələrdə ölkənin idarəetməsində rol oynayıb.

Rezai 2005-ci ildə prezidentliyə namizədliyini versə də, sonadək getmir və öz qərarı ilə yarışdan çəkilir. 2009-cu ildə yenidən namizədliyini irəli sürür, amma seçkidə məğlub olur. Budur, Qatı mühafizəkar olan Möhsün Rezai yenidən rəsmən prezident seçkilərində iştirak edir.

Səid Cəlili:

Səid Cəlili 1965-ci ildə Məşhəd şəhərində doğulub. Uşaq vaxtlarından elmə-təhsilə böyük həvəsi olub. O, İmam Sadiq Universitetində, “Qurani-Kərimdə İslami Siyasi Düşüncə” mövzusunda siyasi sahədə doktorluq dissertasiyasını müdafiə edib. İran – İraq müharibəsi başlayanda cəbhəyə gedib və döyüşlərdə ağır yaralanaraq ayağının birini itirib. Müharibədən sonra İranın Xarici İşlər Nazirliyində işə başlayıb. İllər ərzində XİN-də fərqli vəzifələrdə olub. Sonradan peşəkarlığı nəzərə alınaraq Cəliliyə Ali Dini Rəhbərin rəsmi ofisinin idarəçiliyi tapşırılır.

Səid Cəlili, Mahmud Əhmədinejad Tehran şəhərinin bələdiyyə sədri olduğu dövrdə, bir müddət onun sözçüsü olub. Əhmədinejad prezident seçiləndən sonra isə Cəlilini özünə Avropa və Amerika üzrə müşaviri təyin edib. 2007-ci il oktyabrın 20-də Əli Laricani istefa verir və Cəlili onun yerinə İran Milli Təhlükəsizlik Ali Şurasının sədri vəzifəsinə təyin olunur. Eyni zamanda, Nüvə Danışıqları üzrə Baş müzakirəçi təyin edilən Səid Cəlili, xüsusilə, 5+1 formatında uzun müddət gedən danışıqlarda ölkəsinin bir nömrəli təmsilçisi olaraq dünyada məşhurlaşıb.

Mühafizəkar qanadın nümayəndəsi olan Səid Cəlili ingilis və ərəb dillərini mükəmməl bilir.

İbrahim Rəisi:

Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat 1960-cı ildə Məşhədin Noğan məhəlləsində doğulub. İbtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsil almağa başlayıb. Hüquq sahəsində magistr pilləsini bitirən Rəisi, daha sonra Şəhid Mütəhhəri Universitetində fiqh və hüquq sahəsində doktorluq dissertasiyası müdafiə edib.

Universiteti bitirdikdən sonra, 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi, Həmədanda da eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs edilənlərin işi ilə bağlı yaradılmış 4 nəfərlik heyətin üzvü olub.

Ayətullah Seyid Əli Xameneinin Ali Dini Rəhbər vəzifəsinə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru təyin olunur. Rəisi 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri seçilir və 10 il bu vəzifəsində qalır. 2004-cü ildən 2014-cü ilədək ədliyyə nazirinin birinci müavini, 2014-2015-ci illərdə isə Baş prokuror postunda fəaliyyət göstərib. O, 2015-ci ildə Ali Dini Rəhbər tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri təyin olunur.  Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olmaqla yanaşı, Xobreqan məclisinin sədri olaraq əsas idarə heyətində yer alır.

Ali Dini Rəhbərin Məşhəddəki nümayəndəsi və şəhər imamcüməsinin kürəkəni olan Seyid İbrahim Rəisi Ayətullah Xamenei tərəfindən İmam Rza hərəmində yüksək məsul vəzifəyə təyin olunub. Ölkənin ən tanınmış ayətullahlarından dərs alan Rəisinin tam 14 il indiki Dini Rəhbər Ayətullah Xameneinin xaric fiqh dərsində iştirak etdiyi bildirilir.

İbrahim Rəisi, yuxarıda da qeyd etdiyimiz kimi, Məşhədin ən nüfuzlu din xadimlərindən sayılan Ayətullah Əhməd Ələmolhodanın qızı, Tehrandakı Şəhid Behəşti Uinversitetinin professoru Cəmilə Alamolhoda ilə evlidir və onların iki qız övladı var.

Mühafizəkar mövqeli Rəisinin əsas şüarı rüşvət və korrupsiya, bütün sahələrdə uğursuzluqlarla mübarizədir.

Əbdunnasır Hümməti:

1957-ci ildə Həmədanda doğulan, İranda özəl sığortaçılığın memarı olaraq tanınan Əbdunnasir Hümməti ali təhsilini Böyük Britaniyada alıb. O, London Universitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edib. Ölkəsinə dönərək Tehran Universitetinin İqtisadiyyat fakültəsində dərs deməyə başlayan Hümməti, daha sonra 12 il İran Mərkəzi Sığorta İdarəsinin sədri vəzifəsində çalışıb. Vəzifələrdə tədricən irəliləyən Hümməti, 7 il Sina Bankının, daha sonra isə - 2018-ci ildə İran Milli Bankının direktoru vəzifəsinə yüksəlib. O, Həsən Ruhani hökuməti dövründə 5 il İran Ali Milli Təhlükəsizlik Şurasının İqtisadiyyat komitəsinin sədri olub.

Bu arada, Hümməti İran – İraq müharibəsi zamanı televiziyada xalqı vətənpərvərliyə təşviq edib.

İran siyasiləri arasında islahatçı mövqeyi ilə tanınan Hümməti fəaliyyəti dövründə heç vaxt hansısa siyasi partiyanın üzvü olmayıb, tam müstəqil işləyib. Seçki şüarı xalqın yaşayış şəraitinin yaxşılaşdırılması və sosial rifahının gücləndirilməsidir. Onun fikrincə, İranın gələcəkdə daha da güclü olması üçün iqtisadiyyatı inkişaf etdirmək vacibdir. Bunun üçün isə daxili və xarici iqtisadi əlaqələri qaydaya salmaq, işsizliyi aradan qaldırmaq lazımdır.

Möhsün Mehrəlizadə:

Möhsün Mehrəlizadə 1956-cı ildə Şərqi Azərbaycanın Marağa rayonunda doğulub. Təhsilini Təbriz Universitetində alan Mehrəlizadə ixtisasca mühəndisdir. Amma o, sonrakı dönəmdə Tehran Universitetində maliyyə sahəsində doktorluq dissertasiyası müdafiə edib. Hazırda 65 yaşı olan bu islahatçı baxışlı siyasətçi Məhəmməd Xatəminin prezidentliyi dövründə vitse-prezident, Həsən Ruhaninin hakimiyyəti illərində isə İsfahan vilayətinin valisi olub.

Əli Rza Zakani:

Əli Rıza Zakani 1965-ci ildə paytaxt Tehranda doğulub. Orta təhsilini yaşadığı şəhərdə alan Zakani, ali təhsilini də Tehran Universitetinin Tibb fakültəsində nüvə tibbi ixtisası üzrə davam etdirib. İran - İraq müharibəsinin qazisidir - əlindən, ayağından və boynundan qəlpə yarası alıb. İran Məclisində Araşdırmalar Mərkəzinin sədri olan Zarkavi həm də millət vəkilidir.

Məlumat üçün deyək ki, mühafizəkar qanadı təmsil edən Zakani, 2013 və 2017-ci ilərdə keçirilmiş prezident seçkilərində də namizədliyini irəli sürüb, ancaq veto olunduğu üçün yarışdan çəkilib.

Əmir Hüseyn Kadızadə Haşimi:

Əmir Hüseyn Kadızadə Haşimi 1971-ci ildə Məşhəddə doğulub. Mühafizəkar düşüncəsi ilə tanınan, indiki namizədlərdən ən cavanı olan Haşimi, Semnan Tibb Elmləri Universitetinin rektoru, Mühafizəkar Paydari Cəbhəsinin sözçüsü olub. Tibb elmləri doktoru olan 50 yaşlı bu şəxs dörd dönəmdir Horasani-Razavi əyalətindən millət vəkili seçilir.

Oxunma sayı 1951
Siyasət rubrikasından digər xəbərlər